Cəmiyyət

Hərbi arzularına çatan general…

9 May 2020 09:14
Baxış: 1 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunur...

İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olub. Bu müharibədə Azərbaycan torpağının yetiştirdiyi minlərlə qəhrəman övladı düşmənlə üz-üzə gəlib Vətən uğrunda vuruşub. Belə qəhrəmanlardan, hərbi xadimlərdən biri də Hacıbaba Məmməd oğlu Zeynalov olub. O, 1906-cı ildə Gəncədə yoxsul ailədə dünyaya gəlib və orta təhsilini də burada alıb. H.Zeynalov, hərbçi olmaq arzusu ilə 1923-cü ildə Bakıya gələrək gənc komandirlər məktəbinə qəbul olunur. Üç illik təhsilini müvəffəqiyyətlə başa vuran Hacıbaba Zeynalov 77-ci Azərbaycan atıcı diviziyasının ikinci dağ nişançı alayına bölük komandiri təyin edilir. Az bir vaxtda o, komandirlik məharətinə görə alayın rabitə rəisi vəzifəsinə təyin edilir. 1937-ci ildə mayor rütbəsi alır. 1939-cu ildə M.Frunze adına hərbi Akademiyanı əla qiymətlərlə bitirir və elə həmin il Qış müharibəsində iştirak edir. Müharibədə göstərdiyi şücaətə görə Qırmızı Ulduz ordeni ilə təltif edilir.

22 iyun 1941-ci ildə Böyük Vətən müharibəsinin başladığı vaxt podpolkovnik Hacıbaba Zeynalov Pribaltika Hərbi Dairəsində atıcı diviziyanın şöbə rəisi vəzifəsində çalışırdı. O, hər zaman öz təcrübəsində döyüş vaxtı hissələrin qarşılıqlı əlaqəsinə daha çox diqqət yetirirdi. Döyüşün ahəngi, əsgərlərin cəsarəti də hissələrin düzgün yerləşdirilməsindən, hər kəsin öz vəzifəsini dəqiq və vaxtında yerinə yetirməsindən çox asılı idi. Qərbi Dvina çayı sahilində dayanan diviziya cəbhə komandanı general Kuznetsovdan əmr almışdı ki, hissələrdən biri nəyin bahasına olursa-olsun çayı keçib, qarşıdakı kənddə özünə mövqe tutsun. General bu əməliyyatın yerinə yetirilməsini podpolkovnik Zeynalova həvalə etmişdi. Podpolkovnik batalyonu gecə ilə çayın sahilinə endirdi. Körpünü faşistlər tutmuşdular. Kəşfiyyat xəbər gətirdi ki, faşistlər səhər tezdən körpüdən keçib hücum edəcəklər. Ona görə də Zeynalov xeyli aşağıdan, çayın qalın meşə ilə örtülmüş sahilindən batalyonu gecə ilə o taya keçirdi. Düşmən gözləmədiyi yerdən ağır zərbə aldı. Mahir komandirin sayıqlığı ilə düşmənin altı tankı yandırıldı, qalanları isə geriyə qaçdı. Diviziyanın irəliləməsi üçün tam təhlükəsizlik təmin edildi. Bir neçə gün sonra növbəti döyüşdə polkovnik Hacıbaba Zeynalov yaralanır. Tbilisi şəhərində müalicə olunan polkovnik Zeynalov yenidən cəbhəyə səfərbər olunur.

1942-ci ilin payızında Bakı neftinə can atan hitlerçilər Şimali Qafqazın şəhər və kəndlərini müharibə alovlarına bürümüşdülər. Böyük Vətən müharibəsi başlayandan az sonra H.Zeynalov 416-cı atıcı Azərbaycan diviziyasının qərargah rəisi idi. Onun bacarıqla idarə etdiyi diviziya Şimali Qafqazın neçə-neçə kəndini, şəhərini faşist quldurlarından təmizlədi. Mozdok və İşşersk kəndi uğrundakı döyüşlərdə göstərdiyi qəhrəmanlıq və hərbi bacarığına görə polkovnik Hacıbaba Zeynalov "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuşdur. O, ilk Azərbaycanlı qırmızı komandirlərindən biri idi.

Boyuk Vətən müharibəsində H.Zeynalov özünü hərbi təcrübəyə, yüksək döyüş qabiliyyətinə, gözəl təşkilatçılıq məharətinə malik sovet sərkərdəsi kimi göstərdi. Zaqafqaziya cəbhəsinin 47-ci ordu qərargahında xüsusi şöbə rəisi, Krım cəbhəsinin 396-cı atıcı diviziyasında qərargah rəisi, 402-ci atıcı Azərbaycan diviziyasında komandir kimi məsul vəzifələrdə polkovnik Hacıbaba Zeynalov qəhrəman xalqının adına layiq çalışmışdır.

Müharibədən sonra da hərbi işi hədsiz dərəcədə sevən general yorulmaq bilmədən çalışırdı. O, diviziyanın hissələri üçün atəşgahlar, tank və artilleriya üçün poliqonlar, avtodromlar və digər mühüm obyektlər yaradırdı. 
1948-ci ildə K.Voroşilov adına Ali hərbi akademiyanı əla qiymətlərlə bitirən Hacıbaba Zeynalov ictimai xadim kimi də fəal vətənpərvər idi, respublika Ali Sovetinin deputatı, Mərkəzi Komitənin üzvü olmuşdu. 1956-cı ildə Hacıbaba Zeynalovun misilsiz hərbi xidməti nəzərə alınaraq ona general-mayor rütbəsi verilib. 1957-ci ildə isə o, Bakı ali ümumqoşun komandanlıq məktəbinin rəisi vəzifəsinə təyin edilir və 1960-cı ilədək burada çalışır. Məktəbin o vaxtadək olan 20 illik tarixində Hacıbaba Zeynalov ilk Azərbaycanlı rəis idi.

Onun məktəbə gəlişi ilə kursantların tədris prosesində müharibədən sonrakı döyüş təcrübəsinin üstün cəhətlərinin tətbiq edilməsi dövrü başlandı. Təlim sahəsində böyük təcrübəsi olan general Zeynalov məktəbin zabit heyətində komandirlik və müəllimlik vərdişlərinin tərbiyə olunmasına, təkmilləşdirilməsinə də böyük diqqət yetirirdi. Onun rəhbərliyi ilə müasir avtotank parkı, üzgüçüluk hovuzu tikilmiş, təlim düşərgəsi təkmilləşdirilmiş, kabinetlər ən yeni avadanlıqla təchiz edilmişdir. General-mayor Hacıbaba Zeynalovun rəhbərliyi və şəxsi iştirakı ilə qısa vaxtda ali riyaziyyat, fizika, texniki tank hazırlığı və xarici dillər kafedraları yaradılaraq avadanlıqla təchiz edilmişdir. Kursantlara kimya, elektroradiotexnika, elektronika, pedaqogika, psixologiya fənləri tədris edilməyə başlandı. Bu gün Azərbaycan SSR Ali Soveti adına Bakı Ümumqoşun Komandirləri Məktəbinin ölkənin qabaqcıl Ümumqoşun məktəblərindən biri hesab olunmasında şübhəsiz general Zeynalovun xidməti böyükdür.

Hacıbaba Zeynalovun böyük sərkərdəlik qabiliyyəti yüksək qiymətləndirilərək ona Lenin ordeni, üç dəfə "Qırmızı bayraq" və "Qırmızı Ulduz" ordenləri, medallar, fəxri fərmanlar və s. mükafatlar təqdim olunub. Onun ölməz əməllərini əbədiləşdirmək məqsədilə Xəzərin mavi sularında üzən bir gəmiyə "General Zeynalov" və doğma şəhəri Gəncənin küçələrindən birinə onun adı verilib.
Hacıbaba Zeynalov 1969-cu ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunub.

Aslan Məmmədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.