Cəmiyyət

Arzu Nağıyev: Hər bir vətəndaş koronavirusla mübarizədə öz vicdanı qarşısında imtahan verməlidir - VİDEO

6 Aprel 2020 21:57
Baxış: 1 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropada koronavirus əleyhinə görülən tədbirlər onu göstərir ki, müəyyən bir vaxtda təmasların azaldılması ilə virusun yayılma zənciri qırılmalıdır. Hər bir vətəndaş koronavirusla mübarizədə öz vicdanı qarşısında imtahan verməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ARB 24 Kanalının "Gündəm" verilişində birbaşa yayımda qonaq olan Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, virusa hər yaş qrupundan insan yoluxa bilər:

"Bu virus yaş fərqi qoymur. Sadəcə orqanizmin, immun sisteminin müqaviməti burada təsirli olur. Ölkəmizdə Prezident İlham Əliyevin göstərişi ili vaxtında tədbirlər görüldü, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Qərargahda cavabdeh qurumların aparıcı mütəxəssisləri yer alır. Onlar öz üzərinə düşən missiyanı yüksək səviyyədə görür".

Deputat bildirib ki, Azərbaycanda kifayət qədər süni nəfəs aparatı və test dəstləri əldə edilib:

"Ölkəmizdə son koronavirus statistiklarında müşahidə olunan artım test imkanlarının artması ilə bağlıdır. Əvvəllər məhdud sayda test var idi və çox az insan test edilirdi. İndi test imkanları artdıqca, rəqəmlərdə də artım müşahidə olunur".

A.Nağıyev qeyd edib ki, məhdudiyyətlər insanlarda sosial məsuliyyət yaratmalıdır:

"Çünki bu təkcə bir nəfərin yoluxması, kimlərisə yoluxdurması məsələsi deyil. Burada milli təhlükəsizlikdən, dövlət təhlükəsizliyinə təhdiddən söhbət gedir. Ona görə də hər kəs bu məhdudiyyətlərə diqqətlə yanaşmalıdır. Hər bir vətəndaş koronavirusla mübarizədə öz vicdanı qarşısında imtahan verməlidir".

Deputat vurğulayıb ki, indiki vəziyyətdə ölkədəki psixoloqların üzərinə də böyük məsuliyyət düşür:

"Psixoloqlarımız insanların əsassız panikaya düşməməsi istiqamətində maarifləndirmə işi aparmalıdır. Onlar müxtəlif platformalarda insanların panikaya düşməməsinə, psixoloji olaraq özünü yaxşı hiss etməsinə dəstək olmalıdırlar. İnsanlarda indi adi öskürük, qızdırma halında belə xof yaranır. Panika, stress insana pis təsir edən amillərdən biridir. İnsanlar indiki halda təmkinli olmalı, özlərini psixoloji cəhətdən güclü saxlamalıdırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.