Cəmiyyət

Koronavirus yalanları yayanlarla nə edək?

2 Aprel 2020 10:00
3 Şərh     Baxış: 3 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVİD-19 koronavirusu pandemiyasının dünya ölkələrində ən ciddi təhdidlərdən birinə çevrildiyi dönəmdə sosial şəbəkələrdə yalan, uydurma və feyk xəbərlər yayılır.

Əfsuslar olsun ki, Azərbaycanda da belədir.

Uydurma xəbərlər və məlumatların yayılması indi xüsusilə təhlükəlidir. Çünki sinirlərin tarıma çəkildiyi indiki dövrdə durumu daha da gərginləşdirə bilər.

Bu səbəbdən də sosial şəbəkələrdə yalan məlumatlar yayanlar, feyk tirajlayanlar, "Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayını gizlədirlər" tipli "açıqlamalar" paylaşanlar qanunlara uyğun olaraq cəzalarını almalıdır.

Tələblər, sadəcə, sosial şəbəkələrə yox, messencer proqramlara, forum və çatlara da şamil olunmalıdır.

Koronavirus pandemiyasının başlandığı Çində sosial şəbəkələrdə dezinformasiya yaymağın cəzası ağırdır. Belə ki, ölkə qanunvericiliyinə müvafiq əlavələrlə dəyişikliklər martın 2-də qüvvəyə minib. Artıq 425 çinli feyk məlumatlar yaymaqda və paylaşmaqda suçlanaraq cəzalanıblar.

COVİD-19 koronavirus pandemiyası ilə bağlı yanlış məlumatlar və dezinformasiya yaymağa görə cinayət məsuliyyəti tək Çində deyil. Məsələn, Özbəkistanda sosial şəbəkələrdə belə yalanlar yayanı 10 min dollaradək cərimə, 360 saatadək ictimai işlər və ya 3 ilədək həbs cəzası gözləyir.

Postsovet məkanının digər ölkələrində də təxminən analoji qərarlar qəbul olunub.

Moldovada martın 26-dan etibarən bütün kütləvi informasiya vasitələrinin nümayəndələrinə debatlar və tok-şoular zamanı koronavirusla bağlı mövqelərini bildirmək yasaqlanıb. Telekanalar yalnız rəsmi qurumların məlumatlarını yaymalıdır.

Ermənistanda qeyri-rəsmi mənbələrə istinadən koronavirusla bağlı məlumat yayanı 1626 dollar məbləğində cərimə gözləyir. Kütləvi informasiya vasitələri isə yanlış məlumat yayarsa, onu dərhal aradan qaldırmalıdır.

Postsovet ölkələrinin mediasında və sosial şəbəkələrdə koronavirusla bağlı yanlış, saxta və yalan məlumatların yayılmasını Avropa Birliyi də izləyir.

Rusiyanın yaydığı dezinformasiyaların qarşısını almaq üçün Avropa Birliyinin 2015-ci ilin aprelində yaratdığı Xarici Siyasət Xidməti saytında və sosial şəbəkələrdəki profillərində belə feyklər barədə operativ məlumatlar dərc edir.

Avropa Komissiyasında keçirilmiş xüsusi brifinqdə isə sözügdən strukturun əməkdaşları koronavirus pandemiyası şəraitində yanlış və feyk məlumatların yayılma intensivliyinin artdığını vurğulayıb. Bununla bağlı olaraq AB-nin Xarici Siyasət Xidməti koronavirusla bağlı dezinformasiyalarla mübarizə bölməsi yaradıb. Bu bölmədə pandemiya ilə bağlı faktlar və informasiyaları yoxlamaq imkanı var.

Eyni zamanda, axtarış sistemləri və sosial şəbəkə servisləri ilə müzakirələr aparılır, zərərli kontentin silinməsi, istifadəçilərin dəqiq və etibarlı mənbələrdən relavant informasiyalar əldə etmək imkanlarının artırılması yolları nəzərdə keçirilib.

Avropa Birliyi ölkələrində koronavirusla bağlı feyk xəbərlərlə milli səviyyədə də sərt mübarizə aparılır. Məsələn, İspaniya Milli Polisinin baş komissarı Xose Anhel Qonsalesin dediyinə görə, COVİD-19 ilə bağl 12 mindən artıq fırıldaqçı və saxtakar internet saytlarla sosial şəbəkələrlə qruplar və səhifələr aşkarlanıb.

"Bu saytlar, səhifələr və qrupların hamısı əhali arasında yayılmış qorxu, nigaranlıq və təlaşdan yararlanmaq üçün yaradılıb. Onların arasında COVİD-19-un müalicəsi üçün "vaksin" təklif edən onlayn-dükanlar da vardı. Əslində, fırıldaqçılar istifadəçilərin fərdi məlumatlarını əldə etməyə çalışırdılar", - Qonsales söyləyib.

Avropa Birliyində koronavirusla bağlı feyk xəbərlərin tam əksəriyyəti Balkan ölkələrində yayılmağa başlayıb. Səbəb - həmin ölkələrdə təhsilin və ən başlıcası, rəsmi media ilə hakimiyyətə inamın aşağı səviyyədə olmasıdır.

Amma bəzən avropalı siyasətçilər və dövlət xadimləri də kobud səhvlərə yol verirlər. Məsələn, Albaniyanın baş naziri Edi Rama guya İspaniya polisinin komendant saatı başlanandan sonra küçələrdə etiraz edənləri döyməsi ilə bağlı video paylaşmışdı. Amma videonun Əlcəzairdə çəkildiyi aydınlaşanda Rama üzr istəməli oldu.

Türkiyədə, Serbiyada, Macarıstanda və Monteneqroda son günlərdə koronavirusla bağlı sosial şəbəkələrdə uydurmalarla yalanlar yaydıqlarına görə 84 nəfər həbs olunub, 264 nəfər cərimələnib. Macarıstanda ölkədə koronavirusa yoluxanlar və ölənlərlə bağlı yanlış "statistika"nın dərc olunduğu bəzi saytlarla Facebook səhifələri qapadılıb.

Afrikada da koronavirus barədə yalanlara qarşı mübarizə aparılır. Məsələn, Keniyada yalan məlumatlar paylaşmaq və panika yaymaqda suçlanan bloqer Robert Alay həbs olunub. O, hakimiyyət  dairələrini koronavirusdan ölənlərin dəqiq sayını gizlətməkdə suçlayırdı. Digər yerli bloqer Kiprian Niakundi isə ölkədəki məmurlardan birinin xaricə səfər edib qayıdandan sonra sosial təcrid olunmadığını yazdığı üçün polisə çağırılıb.

Cənub-Şərqi Asiyada da eyni vəziyyətdir. Belə ki, Çindəki müvafiq göstərişlərə uyğun olan qanuna əsasən, İndoneziyada koronavirusla bağlı situasiya haqqında yalan məlumat yaymaqda suçlanan 6201 nəfər həbs olunub.

Yaxın Şərq və Şimali Afrika ölkələri arasında məsələyə ən ciddi yanaşma Misirdədir. Burada koronavirusla bağlı yalan və feyk məlumatı yayanı 50 min Misir funtu (təqribən 1200 dollar) cərimə, yaxud 6 aydan 5 ilədək həbs gözləyir. Rəsmi sənədlər və ya bəyanatlar adı ilə feyk yayanları maksimal cəza gözləyir.

Səudiyyə Ərəbistanında analoji əməli törədəni 5 ilədək həbs gözləyir. Feyk məlumat yaymaqda suçlanan bir bloqerin məhkəməsi artıq başlanıb. Dövlət ittihamçısı onun 3 milyon səudi rialı (798 min dollar) məbləğində cərimələnməsini tələb edir.

Və ən nəhayət, İranda koronavirusla bağlı şayiələr yaymaqda suçlanan 120 nəfər tutulub. Buna rəğmən, İrandakı sosial şəbəkələrdə guya spirtli içkilər içməyin koronavirusa qarşı "ən effektiv vasitə" olduğu barədə feyk məlumatlar yayılmışdı. Nəticədə İranda metanol içən 300 nəfər zəhərlənib vəfat edib.

Elçin Alıoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.