Cəmiyyət

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Sevinc qəsəbəsində sakinlərlə görüşüb

19 Noyabr 2011 14:14
Baxış: 388
Milli.Az xəbər portalının EL TV kanalına istinadən verdiyi məlumata əsasən, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Sevinc qəsəbəsində sakinlərlə görüşüb.

Açıq mikrofon vasitəsi ilə keçirilən tədbirdə qəsəbədə mövcud olan problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Şəhər rəhbərliyi qeyd edib ki, Gəncənin yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində Sevinc qəsəbəsində də əhalinin rahatlığı üçün mühüm tədbirlər həyata keçiriləcək. Ancaq buna kimi ilkin problemlərin həlli ilə bağlı verilən tapşırıqların icrasına başlanılacaq. İlk növbədə əsas diqqət yolların əsaslı təmirinə yönələcək. Avtomobillərin rahat hərəkəti üçün yollara asfalt örtüyü salınacaq.

Görüşdə sakinlər onları narahat edən bir sıra çətinlikləri icra başçısının diqqətinə çatdırıblar. Onlar əsasən mavi yanacağın olmamasından və əraziyə marşrut xəttinin yoxluğundan gileyləniblər. Elə yerindəcə verilən tapşırığa əsasən, qəsəbəyə yeni marşrut ayrılıb. Görüşdə qəsəbədə tikilən yeni evlərin qeydiyyatı da diqqət mərkəzində olub. Sakinlər mənzillərinin qeydiyyata alınmamasından şikayətlənərək bu işdə Gəncə şəhər Dövlət Reyestri Xidmətinin rəhbərliyini günahlandırıblar. Bu problemin həllinin də tez bir zamanda aradan qaldırılması ilə bağlı Elmar Vəliyev tapşırıq verib. Belə ki, mənzillər tam qeydiyyata alındıqdan sonra icra başçısına məruzə olunacaq. Digər şikayət və müraciətlər də protokola salınıb.

Qeyd edək ki, Sevinc qəsəbəsində 5 minə yaxın əhali yaşayır.

Milli.Az
loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.