Cəmiyyət

Gəl bu sirri kimsəyə faş eyləmə - Nəsiminin qardaşı Şahi Xəndan kimdir REPORTAJ - VİDEO - FOTO

13 Dekabr 2019 22:40
0 Şərh     Baxış: 2 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qardaşı Şahi Xəndanın qəbri olduğu türbə (el arasında Şahxəndan türbəsi adlandırılır) Şamaxı şəhər qəbiristanlığında yerləşir. Azərbaycanın Orta əsr maddi-mədəniyyət abidələri içərisində Şahxəndan türbəsi memarlıq üslubu və tarixi mahiyyəti ilə fərqlənir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, baş daşı və sənduqələrdən ibarət olan türbənin daxilindəki iki qəbir uzun illər açıq havada qaldığı üçün kitabələri qismən dağılıb. Mülahizələrə görə, biri Nəsiminin qardaşı Şahi Xəndanın qəbridir. Digəri isə bir qadının qəbridir, anasının, yaxud da onun nişanlısının olması ehtimal edilir. Bundan başqa, burada bölünmüş vəziyyətdə olan daş kitabə də var. Sonrakı dövrdə bu məzar daşları üzərində səkkizguşəli türbə inşa edilib. Türbənin giriş hissəsindəki çatmatağlı qapının yuxarısında kitabənin yalnız boş yeri qalıb. Ehtimal ki, bu kitabə müəyyən bir dövrdə götürülüb.

Türbənin daxilindəki sinə daşı sənduqələri 1,70x0,35x0,50 metr, baş daşları isə 1,78x0,43x0,18 metr ölçüsündə olub, üzərinə ərəb dilinin süls elementli nəsx xətti ilə kitabələr həkk edilib. Sənduqələrdən birində müqəddəs Quranın "Bəqərə" surəsinin 255-256-cı ayələri olan "Ayətül-kürsi" həkk olunub. Digər sənduqədə isə, yalnız nəbati ornamentlərdən ibarət naxış elementi çəkilib. Məzar daşları üzərində aparılacaq epiqrafik araşdırmalar tam başa çatdıqdan sonra bu barədə dəqiq fikir söyləmək mümkün olacaq.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin sözlərinə görə, Şahi Xəndan qardaşı Nəsimi kimi sufi olub: "Düzdür, Nəsiminin qəzəlləri, şeirləri qədər aşkarda olmasa da, bəzi mənbələrdə Şahi Xəndanın şeirlərinə rast gəlmək olur. Türbədə olan daş kitabənin üzərində dövrünün süls elementli nəsx xətti ilə "1397-ci il" qeyd edilib. Şirvan memarlıq üslubunda tikilən türbənin və oradakı qəbirlərin üzərində islimi və nəbati naxışlardan ibarət təsvirlər var".

Həmsöhbətimiz bildirib ki, İmadəddin Nəsiminin qardaşı Şahi Xəndanın "Julide mu" təxəllüsü ilə şeirlər yazdığı məlumdur. Belə beytlərdən biri müxtəlif təzkirələrdə və araşdırmalarda qeyd olunur. Həmin beyt Şahi Xəndan tərəfindən sufizmin bir qolu olan hürufilik ideyalarını yayan Nəsimiyə nəsihət mahiyyətindədir:

"Gəl bu sirri kimsəyə faş eyləmə,

Xani-xası aməyə aş eyləmə".

Milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə xüsusi önəm verən, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması sahəsində böyük işlər görən Heydər Əliyev Fondu tərəfindən "Nəsimi ili" çərçivəsində dahi şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu Şamaxı rayonundakı Şahxəndan qəbiristanlığında olan türbənin ətrafında geniş abadlaşdırma işləri aparılıb.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfael Tağızadə bildirib ki, böyük hissəsi torpağın altında qalan türbənin ətrafı qazılaraq başqa əraziyə daşınıb, daş və üzlük materiallarla türbənin ətrafında hasar hörülüb, abidədə olduğu kimi səkkizgüşəli döşəmə yaradılıb, türbəni ziyarət edənlərin rahatlığı üçün səki salınaraq ətraf əraziyə güllər əkilib. Yüz illərdən bəri yağan yağışlar və ətrafının torpaqla örtülməsi səbəbindən ciddi ziyan görən türbənin xarici və daxili divarının quruması üçün havalandırma sistemi yaradılıb. Türbənin ətrafında təmizləmə və abadlıq işləri avstriyalı bərpaçı-memar Erik Pumerin rəhbərliyi ilə aparılıb. Abidənin tam konservasiyasına da onun rəhbərliyi ilə yaxın vaxtlarda başlanılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.