Cəmiyyət

Ciddədə UNA-nın İcraiyyə Şurasının və Baş Assambleyasının növbədənkənar iclasları keçirilib

12 Dekabr 2019 17:49
Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 11-12-də Ciddədə Səudiyyə Ərəbistanının İnformasiya naziri Turki Abdullah əş-Şəbananın sədrliyi ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) İcraiyyə Şurasının və Baş Assambleyasının növbədənkənar iclasları keçirilib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki iclasda Azərbaycanı AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov təmsil edib.

İcraiyyə Şurasının İƏT-in mənzil-qərargahında təşkil olunan iclasında Birliyin fəaliyyətinin ötən ilə aid maliyyə hesabatı dinlənilib, 2020-ci ilin büdcə layihəsi ilə bağlı müzakirələr aparılıb. Tədbirdə UNA-nın baş direktoru İsa Xeyre Rublenin vəzifəsindən istefa ərizəsinə baxılıb. İcraiyyə Şurasının üzvləri bu vəzifəyə yeni namizədləri müəyyənləşdirəcək komissiyanın yaradılması qərarına gəliblər. Komissiyanın işinin nəticəsi Baş Assambleyanın üzvlərinə ilin sonunadək göndəriləcək və təsdiq ediləcək.

UNA-nın Baş Assambleyasının növbədənkənar iclasında 40-dan çox ölkənin xəbər agentliklərinin nümayəndələri iştirak ediblər. İclasda təşkilati məsələlərlə yanaşı, 2018-2019-cu illər ərzində görülmüş işlər barədə danışılıb, UNA-nın 2020-ci il üçün proqnozlaşdırılan büdcə layihəsi müzakirə olunaraq qəbul edilib.

İclasda, həmçinin ötən iki il ərzində Birliyin maliyyə çatışmazlığına baxmayaraq, bir sıra layihələr həyata keçirdiyi bildirilib. UNA-nın "İslam ölkələrinə mediatur" proqramı çərçivəsində Tunisə və Azərbaycana səfərlər edən jurnalistlər bu ölkələrin nailiyyətləri ilə yerindəcə tanış olmaq imkanı əldə ediblər. UNA İƏT festivalları çərçivəsində üzv agentliklərin fotoşəkillərindən ibarət sərgilər də təşkil edib.

Baş Assambleyanın iclasında UNA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülüb, üzv ölkələrin informasiya agentlikləri arasında daha səmərəli əməkdaşlığın qurulması, xəbər istehsalında yeni texnologiyalardan istifadə olunması ilə bağlı məsələlər müzakirə edilib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov çıxışında agentliyin İslam ölkələrinin xəbər agentlikləri ilə müxtəlif beynəlxalq və regional platformalarda, media təşkilatları, o cümlədən UNA çərçivəsində, eləcə də ikitərəfli şəkildə əməkdaşlıq etdiyini söyləyib, Birliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb. Bildirib ki, UNA İSESKO-nun İslam ölkələrinin 100 maddi və qeyri-maddi mədəni irs nümunəsinin İslam dünyasının İrs Siyahısına daxil edilməsi ilə bağlı təşəbbüsünə informasiya dəstəyinin verilməsində xüsusilə mühüm rol oynaya bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.