Cəmiyyət

On yeddi ildən sonra bar verən Salyan naringisi - Məmmədovlar ailəsi təsərrüfat yaradacaq - VİDEO - FOTO

2 Dekabr 2019 23:01
0 Şərh     Baxış: 1 691

Feyxoa, kinkan, naringi. Bu meyvələrin adını çəkəndə ölkəmizin subtropik zonası - cənub bölgəsi yadımıza düşür. Çünki sitrus meyvələri ölkəmizdə məhz bu bölgədə yetişir. Amma indi söhbət açacağımız rayon aran bölgəsində yerləşir. Təəccüblüsü isə odur ki, Salyanda yetişən naringi ağacı düz 17 ildən sonra bar verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, rayonun Aslan Hüseynov, 49 ünvanında yaşayan Məmmədovlar ailəsi 17 il əvvəl bazardan naringi alıb. Meyvəni yeyəndən sonra tumunu evin yanındakı həyətə atıblar. Bir ildən sonra həmin yerdə ağac göyərib. Evin sahibi Fatma Məmmədova bu ağacın naringi olduğunu yalnız bir neçə ildən sonra bilib: "Bu ağac 17 ildir buradadır. Ötən il ağac tumurcuqlasa da, yalnız biri tutdu. Amma bu il həmin ağac yenidən bar verib".

Fatma xanımın oğlu Hümbət Məmmədov isə deyir ki, Salyan şəhərində bitən bu ağacın meyvəsi çox dadlıdır. Salyan naringisi həm şirin, həm də suludur. Ətri isə olduqca gözəldir. Salyan naringisindən dadmaq istəyənlər heç də az deyil: "Gəlib bu ağacın meyvəsindən yeyirlər, şirinliyinə baxırlar. Təəccüblü də olsa dadına, tamına söz ola bilməz. Baxmayaraq ki, bu sitrus meyvəsinin bizim rayonumuzda yetişməsi adi hal deyil. Ona görə də xüsusi qulluq edirəm, 17 ildən sonra bar verən bir ağacın yenə tumunu əkib artıracam".

Məmmədovlar ailəsi qeyd edir ki, naringi ağacına heç bir dərman vurulmayıb. Bəlkə də onu belə təbii ətirli və dadlı edən də budur. Ailə gələcəkdə aran rayonu olan Salyanda ilk dəfə olaraq sitrus meyvəsi - naringi təsərrüfatı yaratmaq fikrinə düşüb. Əlbəttə, bu iş alınarsa, ailə yerli sakinləri yaxın illərdə yenə təəccübləndirəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.