Cəmiyyət

"Olimpiadada erməni iştirakçıların hamısını qabaqladım" - Olimpdəkilər - FOTO

16 Noyabr 2019 20:35
2 Şərh     Baxış: 851

Ramil Xammədov: Əgər qalib olmaq istəyirsinizsə, rahatlığınızı qurban verməlisiniz

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir. 

4 il fasilədən sonra biologiya olimpiadasında qızıl medal qazanıb. Üstəlik, bunu cəmi 1 il hazırlaşaraq əldə edib. Deyir ki, maraq üçün qatıldığı yarış onun həyatını dəyişib: "Olimpiada çox çətin bir mərhələdir. Həqiqətən böyük məsuliyyət tələb edir. Bir az məsuliyyətsizlik nəticə əldə etməyə mane olacaq. Ən əsası özünə inamdır. Özünə inamla bərabər, kifayət qədər çalışdıqda, oxuduqda, mümkünsüz heç nə yoxdur".

Müsahibimiz beynəlxalq olimpiada qalibi Ramil Xammədovdur.
 
Ramil 2002-ci ildə Bakıda anadan olub. 2008-ci ildə 99 saylı orta məktəbə daxil olub. 4 il həmin məktəbdə təhsil aldıqdan sonra Dəyanət liseyində təhsilini davam etdirib. Hazırda Azərbaycan Tibb Universitetində Müalicə işi fakültəsinin birinci kurs tələbəsidir. 10-cu sinifdə biologiya fənni üzrə respublika olimpiadasının bürünc medal mükafatçısı olub. 11-ci sinifdə isə biologiya fənni üzrə olimpiadada birinci yerə sahib olaraq, qızıl medal alıb. Həmsöhbətimiz, həmçinin 11-ci sinifdə "Əlaçı" televiziya verilişinin qalibi olub.

- 10-cu sinifdən olimpiadalarda iştirak edirsiniz. Adətən olimpiadaya hazırlıq mərhələsi 7, 8-ci siniflərdən başlayır...

- Düzdür. Olimpiadada iştirak edib qalib gəlmək üçün aşağı siniflərdən məşğul olmaq lazımdır. Nəinki 7, 8-ci siniflər, mənim 9-cu sinfə qədər olimpiada ilə bağlı təsəvvürüm belə yox idi. Kənardan belə yarışların keçirilməsini eşitsəm də, heç vaxt iştirak etməyə marağım olmayıb. 9-cu sinifdə məktəbdən məlumat verdilər ki, olimpiadaya qatılmaq istəyən uşaqlar adlarını bildirsin. 9-cu sinifdə səhv edərək Azərbaycan dili üzrə yarışa getməyə qərar verdim. Nəticə əldə etmədiyimi görüb, 10-cu sinifdə şansımı biologiya fənni ilə sınamağa qərar verdim. Gördüm ki, biologiya məndə alınır və ona görə də təkmilləşdirib, daha yüksək nəticələr əldə etməyə nail oldum.

- İlk uğursuzluq necə təsir etdi?

- Əslində bütün fənləri eyni səviyyədə bilirdim. Düzünü desəm, ilk dəfə uğursuz nəticəni gördükdən sonra həvəsim xeyli azaldı. Amma düşündüm ki, şansımı yenə sınayım. Yenidən olimpiadalara qatılmaq vaxtı gələndə, fənnimi dəyişmək qərarına gəldim. Çünki Azərbaycan dilini yaxşı oxusam da, məndə alınmırdı, nailiyyət əldə edə bilmirdim. Biologiyanı seçdim. Biologiyanı çox sevirdim, amma marağımın çox olmasına baxmayaraq, mənə hər zaman çətin fənn kimi gəlirdi. Uşaqlıqdan həkim olmaq istədiyim üçün bu fənnə xüsusi hazırlaşırdım. Fənni yaxşı bilsəm də, düşünürdüm ki, olimpiada səviyyəsində nailiyyət əldə edə bilmərəm. Özümə qarşı inamsızlıq da var idi. Lakin birinci rayon mərhələsində imtahandan keçməyim, ilk uşaqların siyahısına düşməyim mənim üçün motivasiya oldu. Sonra ailəmin də dəstəyi ilə daha ciddi hazırlaşmağa başladım. Əslində hamı mənə deyirdi ki, gec başladığın üçün qalibiyyət əldə edə bilməyəcəksən. Çünki şagirdlər ən azı 3 il hazırlıq mərhələsi keçirlər. Mən isə cəmi 1 il hazırlaşdım. Artıq bu məndə məqsədə çevrilmişdi. Özümə inanmağa başladım. Düzdür, gec başlamağın da öz çətinlikləri var idi. Üstəlik, olimpiada ilə bərabər, qəbul imtahanına da hazırlaşırdım. Bu mənə çox mane oldu. Amma təslim olmadan sona qədər gedə bildim.
 
- Siz həm də Azərbaycanın "Biologiya" komandasına 4 il sonra qızıl medalı gətirən olimpiadaçısınız. 

- Beynəlxalq olimpiadada bürünc medal qazandıqdan sonra qızıla doğru getmək istədim. 1 ildə bürünc medal mənim üçün böyük nailiyyət idi. 11-ci sinifdə fikirləşdim ki, əgər mən bunu bacarıramsa, demək, daha yüksək yerlərə də nail ola bilərəm. Onun üçün də daha ciddi hazırlaşmağa başladım. İlk dəfə olimpiadaya maraq üçün qatılmışdım. Beynəlxalq olimpiadaya gedəndən sonra məlum oldu ki, Azərbaycanın "Biologiya" komandası 4 ildir ki, medal qazana bilmir. 4 il medalsızlıq məni də ruhdan saldı və mənim üçün də mümkünsüz görünürdü. Amma özümə sual verdim ki, niyə də yox? Niyə də 5-ci il biologiya olimpiadasında medal alan mən olmayım? Bir az da inada düşdüm. Hətta evdəkilər olimpiadaya bu qədər hazırlaşmağıma razı deyildilər, qəbul imtahanlarına hazırlaşmamı daha üstün görürdülər. Həqiqətən də bu daha vacib idi. 10-cu sinfə kimi məktəbdə əlaçı oxumuşam. 11-ci sinifdə qəbul imtahanlarına hazırlaşmaq mənim üçün o qədər də çətin olmadı. Artıq qalan vaxtımı olimpiadalara hazırlaşmağa sərf etməyə başladım.

- Beynəlxalq olimpiadada erməni rəqiblərinizi geridə qoymusunuz.

- Bizim üzərimizdə xüsusi bir məsuliyyət var idi. 4 ildi medal gəlmədiyinə görə, artıq biologiya fənninə maraq azalmışdı. Deyirdilər ki, 4 ildir almamısınızsa, indi də ala bilməyəcəksiniz. Beynəlxalq olimpiadalarda nəticə 50 faiz təcrübə, 50 faiz nəzəri biliklərə əsasən müəyyən olunur. Nəzəri biliklərə hazırlaşmaq üçün bizim ölkədə kifayət qədər kadr da var, vəsait də. Lakin əlimizdə olan imkanlarla beynəlxalq olimpiadalarda nəticə əldə etmək çətindir. Ona görə də bizim xarici ölkələrdən praktika dərsləri almağa ehtiyacımız var idi. Biz bu il iki dəfə bu məqsədlə İran İslam Respublikasına səfər etdik, hər dəfə də 10-12 gün təcrübə keçdik. Orada İran komandası ilə birlikdə təcrübə bacarıqlarımızı inkişaf etdirdik. Həmçinin bu il bizim hazırlaşmağımız üçün Təhsil Nazirliyi tərəfindən ayrılan vəsait də artırılmışdı. Bizim nəticə əldə etməyimiz vacib idi ki, bizdən sonra gələnlər üçün də motivasiya olsun. Çünki bu dəfə də  medalsız qayıtsaydıq, biologiyaya olan maraq daha da azalacaqdı. Bizdən sonrakı olimpiadaçılara maneçilik törətmiş olurduq. Mənim 4 il fasilədən sonra medal almağım bu marağın artmasına səbəb oldu. Ermənilərə qarşı böyük bir rəqabət hissi var idi. Sevinirəm ki, nəticələrimə görə 4 erməni iştirakçının dördünü də qabaqladım. Bəlkə də bu, medal almaqdan da böyük hissdir. 

- Olimpiadaya hazırlaşan şagirdlərə nə demək istərdiniz?

- Olimpiadada iştirak etmək istəyən uşaqlar mənim kimi 10-11-ci sinifdən hazırlaşmağa başlamasınlar. 7-8-ci sinifdən başlasalar, çox yaxşı olar. Olimpiada çox çətin bir mərhələdir. Həqiqətən böyük məsuliyyət tələb edir. Bir az məsuliyyətsizlik nəticə əldə etməyə mane olacaq. Ən əsası özünə inamdır. Özünə inamla bərabər, kifayət qədər çalışdıqda, oxuduqda, mümkünsüz heç nə yoxdur. Qəbul imtahanları mənə mane oldu. Onlar çalışsınlar ki, bu cür onlara mane ola biləcək bir şərait yaranmasın. Diqqətlərini sırf olimpiadaya yönəltsinlər. Heç nədən çəkinməyərək və qalib olacaqlarına inanaraq hazırlaşsınlar. Qalibiyyətin verdiyi zövqü heç nə vermir. Əgər qalib olmaq istəyirsinizsə, rahatlığınızı qurban verməlisiniz. Bəzən gecə yatmayıb, səhər də məşğələyə gedirdim. Amma əldə etdiyim nəticəyə görə bütün çətinliklərə dəyərdi.
 
- Gələcək planlarınız nədir?

- Məqsədim peşəkar neyrocərrah olmaqdır. Rezidentura təhsilimi Almaniyada almağı planlayıram. Bu ildən Türkiyənin Hacəttəpə və ya Cərrahpaşa universitetlərindən birində təhsilimi davam etdirmək istəyirəm.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    lale · 17 Noyabr 02:5000

    Halal olsun sene! Daha boyuk ugurlar.

    Cavab yaz
  • Anonim
    lale · 17 Noyabr 02:5200

    ugurlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.