Cəmiyyət

Bakıda Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası olacaq

15 Noyabr 2019 08:58
0 Şərh     Baxış: 378

Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin "Sevgi şərbəti" operasının tamaşası olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, görkəmli italyan bəstəkarı Q.Donisetti İtaliya opera sənətinin ənənələrini davam etdirərək 65 opera tamaşasının musiqisini araya-ərsəyə gətirmişdir. Onun yaradıcılığının ən parlaq dövrü XIX əsrin 30-40-cı illərinə təsadüf edir. Bəstəkara dünya şöhrəti qazandıran "Sevgi şərbəti" operası da məhz bu illərdə yaranmışdır. Opera çox qısa müddətdə - cəmi iki həftə ərzində yazılmış və ilk dəfə 1832-ci ildə Milanda səhnəyə qoyulmuşdur.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Sevgi şərbəti" operası 2013-cü ildə tamaşaya qoyulmuş və maraqlı süjet xətti, ecazkar musiqisi ilə operasevərlər tərəfindən rəğbətlə qarşılanmışdır.

Noyabrın 23-də keçiriləcək tamaşada Opera və Balet Teatrının aparıcı solistləri - Azərbaycanın Əməkdar artistləri İnarə Babayeva (Adina), Fərid Əliyev (Nemorino), Cahangir Qurbanov (Belkore), Xalq artisti Əkrəm Poladov (Dulkamara) və b. iştirak edəcəklər.

Tamaşanı Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.