Cəmiyyət

Erkən nikahın dəhşətli fəsadları - 14 yaşında ərə verilən qızın real hekayəsi...

6 Oktyabr 2019 05:30
1 Şərh     Baxış: 3 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az medicina.az-a istinadən bildirir ki, 

Ailə ilə təsadüfən rastlaşdım. Bakı gecəqondularından birində yaşayan xəstə həmkəndlimə baş çəkməyə getmişdim. Yüngülvari bazarlıq üçün yaxınlıqdakı kiçik mağazaya girəndə gördüyüm mənzərədən sarsıldım. Kassa arxasında orta yaşlarda, hündürboylu, saç-saqqal basmış bir kişi 8-9 yaşlarda oğlan uşağının əllərinə taxta xətkeşin tinilə ara vermədən vurur, uşaq gözləri hədəqədən çıxmış halda səs çıxarmadan içində hıçqırır, kişiylə eyni yaşlarda olan, mağazanın ortasında donub qalan, əli süpürgəli qadının gözlərindən sel kimi yaş axırdı. Bu qəribə səssizliyin içindəki qorxunc mənzərə məni o qədər çaşdırmışdı ki, nə edəcəyimi bilmədim. Bəlkə də kişinin vahiməli baxışlarından ehtiyatlandım. Yardım üçün qapıya çıxanda başını pəncərəyə dayayıb içəri baxan gənc qadını gördüm. Bir an dönüb mənə sarı baxdı. Qorxudanmı,qəzəbdənmi alacalanmış gözlərin dəriliyindəki ifadəni anlamaq o qədər çətindiki... Gözlər üsyan edir, gözlər qəzəb püskürür, eyni anda sanki mərhəmət diləyirdi... Kişi  o uşağı niyə elə cəzalandırır, yaşlı qadın niyə lal-dinməz göz yaşı tökür, o uşağın, o gənc qadının günahı nədir?.. Ətrafda bircə nəfər gözə dəymirdi. Yenidən mağazaya girməkdən başqa çarə qalmamışdı. Heç nə olmamış kimi yüksək səslə salam verib, ağlıma gələn bir məhsulun adını soruşdum. Kişi uşağı dirsəyilə kənara itələyib:

- Qurban olasan müştəriyə, elə bilmə ki, canın qurtardı, axşam iki gözünü bir deşikdən çıxaracam,- deyib, zorla gülümsəməyə çalışdı, - Köpəyoğlu dədəsi yaşlı vaxtımda küçüklərini atıb üstümə, guya Urisetdə yel əsib, havayı qoz yerə tökülüb, bu bivec də yığıb gətirəcək. Kişi qarşısındakının onu dinləyib-dinləmədiyinin fərqinə varmadan doğrayıb-tökürdü. Uşaq çoxdan aradan çıxmışdı. Qadın da gözə dəymirdi. Nə bir şey alacaq həvəsim, nə də xəstəyə baş çəkmək gücüm qalmışdı... Hadisənin tam təfərrüatını bir qədər sonra əli süpürgəli qadından öyrəndim. Çarəsizlik yaşlı ananı tanımadığı hər kəsdən mərhəmət diləməyə məcbur eləyirdi.

... Ailə evin yeganə qızı Mələyi (adlar şərtidir) 14 yaşındaykən  məktəbdən ayırıb Rusiyada ticarətlə məşğul olan həmkəndlisinə zorla ərə verir. Bir müdət sonra Fazil Mələyi ata-anasının yanında qoyub Rusiyaya dönür. İki oğlu dünyaya gələnə qədər ara-sıra kəndə gəlir, hər dəfəsindədə, 18 yaşın tamam olanda rəsmi nikaha girərik, sonra səni də uşaqları da özümlə aparacam deyib, Mələyi yalançı vədlərlə aldadır.

Bir neçə il  onlara xırda-para xərclik göndərəndən sonra ayağını kənddən kəsir. Hər iki ailənin təkidi ilə bir müddət sonra onları yanına aparır. Mələk Fazilin Rusiyada başqa ailəsi və uşaqlarının olduğunu öyrənəndən sonra yenidən Azərbaycana qayıdır. Gənc ana əri hesab elədiyi adamın kirayə tutduğu daxmada keçirdiyi əzablı həyatdan, Fazilin ona verdiyi zülmlərdən söz açdıqca əli-ayağı titrəyir, sanki danışdıqca həmin ağrıları yenidən yaşayırdı. Günlərlə evdə tək, köməksiz qalan qadın övladlarını da götürüb bir qohumunun köməyi ilə ata-anasının yanına dönür... burada da başqa acılar, başqa problemlər başlanır.
 
Kənddə aldığı təqaüdlə ailəni dolandıra bilməyən Yusif kişi Bakıya gəlir, bir tanışının köməyi ilə mağazada fəhlə kimi işə düzəlir. Elə mağazanın qonşuluğunda kiçik bir evi kirayələyib qızı ilə nəvələrini yanına gətirir. Beş nəfərlik ailə kiçik bir otağa sığınır. Sürəyya arvad mağazada süpürgəçiliyə başlayır. Maddi sıxıntıdan əziyyət çəkən yaşlı ata hər axşam işdən evə dönəndə acığını arvadından çıxarır, "yaxşı ana olsaydın qızın  üstündə qalmazdı" deyib, yediyi bir parça çörəyi zəhərə döndərir. Bütün bunlar onsuz da illər uzunu psixoloji sarsıntı yaşayan Mələyi həyatdan soyudur, gənc qadın hər şeydən çox onun həyatını məhv eləyən atasına nifrət eləyir. İki məktəbyaşlı uşaq isə ata-ana sevgisindən məhrum, səfil həyatı yaşayır. Hələ nə ananın kimliyini təsdiqləyən sənədi, nə də ikinci, üçüncü sinifdə oxuyası uşaqların  doğum şəhadətnaməsi var. Rəsmi nikahdan isə söz gedə bilməz. Uşaqların nə vaxt məktəb qapısı açacağı bəlli deyil.

Ən təhlükəlisi isə uşaqlığı, yeniyetməliyi, gəncliyi, bütün həyatı əlindən alınan zavallı bir qadın intihar üçün yollar axtarır. Yusif kişinin isə düşüncəsi budur:

- Çox adam belədi, kasıbçılıqdı, birtəhər dözməliyik. Yaxşı arvad evindən, yuvasından çıxmaz. Mənim qızım boşanıb gəlib ata evində otura bilməz. Ölsə də ərinin yanında öləcək.
 
R.Quliyeva

Qəribə məntiqdir, rəsmi nikahı belə olmayan qadın kimdən, necə boşanacaq?  Ata adını, soyadını təsdiqləyən heç bir sənədi olmayan, atanın üzünü, səsini belə xatırlamayan uşağın təsəvvüründəki ata kimdir? Bu, uşaqların, o zavallı qadının günahı nədir? Niyə biz öz əlimizlə övladlarımızı odun-alovun içinə atırıq?
 
Erkən nikahların yaratdığı psixoloji fəsadlar barədə mütəxəssis danışır.
 
Erkən nikahın  fəsadları

Erkən nikah - ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələrlə bağlanan nikahdır. Hər il yüzlərlə yeniyetmə erkən nikaha imza atır, bu rəqəm ildən-ilə çoxalır. Yeniyetmələr arasında bağlanan erkən nikahdan bir sıra mənbələrdə "Yeniyetmə nikahı" kimi də bəhs edilir. Bu tip nikahlar əksər hallarda, xüsusən də yaşadığımız regionda valideynlərin təkidilə formalaşır. Təbii ki, burada təkcə valideynin deyil, eyni zamanda qohumların, dostların, bir sözlə, sosial çevrənin də rolu böyükdür. Erkən nikahın yaratdığı fəsadlar hər zaman mütəxəssislərin diqqətində olub. Bu mövzu ətrafında  uzun illər ərzində bir sıra ölkələrdə tədqiqatlar aparılmış erkən nikahın yol açdığı fəsadlar araşdırılmışdır. Tədqiqatların nəticələri mütəxəssislər tərəfindən analiz edildiyi zaman müəyyən olunmuşdur ki, erkən nikahın yol açdığı bəzi fəsadlar dilindən, dinindən və irqindən asılı olmayaraq, qurulan bütün gənc ailələrin əksəriyyətində eyni səciyyə daşıyır. Fəsadlar  psixoloji, somatik və sosioloji ayrıntılar ilə nəzəri cəlb edir.

Erkən nikahın yol açdığı fəsadları psixoloji aspektdən dəyərləndirərkən, bir çox hallar diqqətdən yayınmamalıdır. Bunlardan ən çox təsadüf edilənlər obsessiv-kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları və bunlarla bir sırada baş verən panikataklardır. Erkən nikahın yaratdığı fəsadlarnəinki yaşadığımız regionda, həmçinin, dünya miqyasında aktualdır.

Erkən nikahın səbəb olduğu obsessiv-kompulsiv pozuntunun meydana çıxmasına zəmin yaradan səbəblər, tərəflərdən birinin cinsi akta hələ hazır olmaması və ya özünü bu aktın baş verməsi üçün hazır hiss etməməsidir. Həmçinin, nikahdan öncə eşitdiyi və aludə olduğu bir sıra cinsi miflər də bu pozuntunun yaranmasına səbəb ola bilər. Sözü gedən cinsi miflər şəxsə uğursuz cinsi akt yaşamış insanlar tərəfindən son dərəcə ağrılı olması kimi təlqin edilir. Onu da qeyd etmək olar ki, obsessiv-kompulsiv pozuntu iyrənmə nəticəsində də təzahür edə bilər. Bu adətən,  qadınlarda daha sıx müşahidə olunur.
Bəzən erkən nikah zamanı tərəflərin bir-birlərini tanımağa kifayət qədər vaxtı olmur. Ailə üzvləri tərəflərə bir-birlərini kifayət qədər tanımağa şərait yaratmırlar. Bu da öz növbəsində gələcəkdə erkən nikaha girənlər arasında ünsiyyət azlığı, ailə daxili vəzifələrin düzgün mənimsənilməməsi, yeni mühitə uyğunlaşma bilməmək, konfliktli situasiyaların yaranması, şiddət dolayı və ya birbaşa yönəlmiş verbal aqressiya və s. kimi neqativ hallara yol açır. Nəticə etibarı ilə, tərəflərdən biri, bəzən isə hər ikisində depressiv əlamətlər meydana çıxır.

Erkən nikah zamanı tərəflər, qeyd edildiyi kimi, bir-birlərini kifayət qədər tanımadıqları üçün evlilik dönəmində müştərək problemləri anlamaqda və empatiya qurmaqda çətinlik çəkirlər. Bəzi hallarda tərəflər bir-birlərini evlilikdən sonra tanımağa başlayırlar. Ailədaxili problemlərin vaxtaşırı müzakirə olunmaması, aqressiyanın daxildə yığılıb qalması tərəflərdə şüuraltı olaraq neqativ düşüncələrin toplanmasına səbəb olur. Bəhsi gedən neqativ düşüncələrə evliliyin ilk dönəmlərində daha az rast gəlinir. Zaman keçdikcə neqativ düşüncələr şüur altında toplanır, nəticədə panik ataklar olaraq özünü büruzə verir. Panik atakları başlanğıcda ciddi problem kimi qəbul edilmir, lakin bir müddət sonra ataklararası zaman qısalır. Bu problemi yaşayan şəxs zamanla panik atakların gündəlik həyatına kifayət qədər mənfi təsini müşahidə edir. Bu da təbii olaraq sarsıntı yaradır. Panik atakların əsiri olan şəxsin fikrini ailədaxili problemlərin və yaxud ailənin gələcək inkişafı ilə bağlı məsələlərin həllinə yönəltməsi çətinləşir. Bu vəziyyət mütəxəssislər tərəfindən panik pozuntu olaraq dəyərləndirilir. Beləliklə, bu kimi problemlə yaşayan şəxs əgər zamanında mütəxəssis dəstəyi almazsa, ailənin və çevrənin təkidilə daxili olduğu erkən nikahın fəsadlarını ömrünün sonuna qədər daşımalı olur.

İstər psixoloji, istərsə də sosioloji aspektdən erkən nikahı dəyərləndirsək, müşahidə edərik ki, istənilən halda erkən nikah tərəflər üçün bir çox ağır fəsadlara yol açır. Sözü gedən fəsadların formalaşdığı ailədə sağlam fərdlərin yetişmə ehtimalı olduqca aşağıdır. Həmin ailələrdə yetişən fərdlər  cəmiyyətdə və ailədə sağlam mənəvi psixoloji mühit formalaşdırmaq, mikro və makro qruplarda aktuallaşmaq, istədikləri zaman çox asanlıqla məhz erkən nikahın neqativ nəticələrinin qurbanına çevrilə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.