Cəmiyyət

"Bu uğur ailənin birgə zəhmətinin nəticəsidir" - 694 və 676 bal toplayan əkiz qardaşlar haqda reportaj - FOTO

13 Sentyabr 2019 23:28
20 Şərh     Baxış: 4 192

694 və 676 bal toplayan əkiz qardaşların ailəsindən reportaj

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Əkizdirlər, oxşarlıqları da var, ancaq Məhəmmədi Əli, Əlini Məhəmməd sanacaq dərəcədə deyil. Valideynləri xarakter, zövq, istək baxımından da fərqli olduqlarını deyirlər. Lakin ali təhsil müəssisələrinə qəbul imtahanındakı nəticələri bir-birinə çox oxşadı. 694 balla Məhəmməd, 676 balla Əli Ağamalıyev Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul oldular.

Bu uğur necə əldə olunub? Bu suala cavab tapmaq üçün Sumqayıt şəhərində onların yaşadıqları evdə olub qardaşlarla, valideynləri ilə həmsöhbət olduq.

Qeyd edək ki, Prezident İlham Əliyev bir neçə gün öncə 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdü təyin etdi. Siyahıda Əli və Məhəmməd Ağamalıyev qardaşlarının da adı var.

Məktəbə gedənə qədər hər gecə nağılla yatıblar

Valideynlərdən uşaqlarına körpəlik dövrlərində yanaşmalarından danışmalarını istədik. Ataları Niyaməddin Ağamalıyev deyir ki, 4-5 yaşlarına qədər uşaqların qayğısına qalmaq daha çox xanımın üzərinə düşüb: "Uşaqlar körpə olanda mən rayonda hospitalda işləyirdim, 3-4 aydan bir Bakıya gələ bilirdim. Hər dəfə gələndə bir az böyüdüklərini görürdüm. Bir dəfə gəldim ki, "gözəl qız, sən saf susan" şeirini əzbər deyirlər. Çox kiçik idilər, amma bir vərəq yarım şeiri əzbər bilirdilər. Etiraf edirəm ki, körpəlik dövrlərində uşaqların üzərində ən çox yük xanıma düşüb. Düzdür, məsafə olaraq yanlarında deyildim, amma daim maraqlanırdım, tez-tez skayp vasitəsilə görüntülü danışırdıq".

Anaları İlhamə Zülfüqarlı deyir ki, hər zaman ən önəmli işi uşaqlar olub: "7-8 aylıq idilər, qucağıma alırdım, uşaq ensiklopediyasını vərəqləyirdim, kitabdakılarla bağlı onlara danışırdım. Evdəkilər mənə gülürdülər ki, onlar nə başa düşür ki, sən ona heyvan, gül haqqında danışırsan? Deyirdim ki, başa düşürlər, qoy indidən baxsınlar. Körpəliklərindən mən onlara hər gecə nağıl danışmışam. Nağıldan doymurdular. Məni yuxu aparırdı, amma onlar yenisi danışmağımı istəyirdilər. Bəzən yuxulayırdım, nəyisə düz demirdim, silkələyirdilər ki, ana, sən bunu düz demirsən (Gülür). Nağıl oxuyanda deyirdim ki, gözünüzü yumun, onları göz önünə gətirin. Onlar da gözlərini yumub nağılı göz önündə canlandırırdılar. Mən bunu məqsədli şəkildə hansısa nəticə üçün də etmirdim, sadəcə olaraq uşaqlarımla məşğul olurdum. Məktəbə gedənə qədər hər gecə nağılla yatıblar".

Anaları bildirdi ki, 2 yaş 3 aylıq olanda uşaqlar 2-3 rəqəmli ədədlərin hamısını oxuyurmuşlar: "Rayona getmişdik, maşınların üzərindəki nömrələri oxuyurdular. Qohumlar elə bilirdi ki, biz hansısa ədədləri əzbərlətmişik, ona görə yoxlamaq üçün vərəqə böyük ədədləri yazıb bunlardan hansı olduğunu soruşurdular. Uşaq vaxtı loto verilişinə baxırdılar, rəqəmləri ordan öyrənmişdilər".

İkisindən də ayrılıqda bütün dərsləri soruşurdum

İlhamə xanımın sözlərinə görə, bağçaya getsələr də, qardaşlarda məktəbdən qayıdandan sonra dərs hazırlamaq vərdişinin formalaşması bir az vaxt aparıb: "Birinci sinifdə, məktəbdən qayıdıb dərs hazırlamağa başlayanda "ana, su istəyirəm", "çay istəyirəm", "yemək ver" deyirdilər. Oturmaq vərdişi yaranmamışdı, oynamaq istəyirdilər. Ona görə dərs hazırlama müddətlərində tam olaraq yanlarında otururdum. 2-ci sinifdə artıq özlərində vərdiş yarandı. 9-cu sinfə qədər hər gün axşam onlardan dərs soruşmuşam. İkisindən də ayrılıqda bütün dərsləri soruşurdum. Nə qədər işim çox olsa da, yorğun olsam da, buna ara vermirdim. 9-cu sinifdən sonra gördüm ki, dərslərinə çox məsuliyyətlidirlər, artıq soruşmağa ehtiyac görmədim. Təbii ki dərsləri ilə maraqlanırdım".

Əli deyir ki, analarının davamlı dərs soruşması onlara o vaxt heç də xoş gəlmirmiş: "Dəhşət yorucu idi, bezmişdik (gülür). Anam soruşurdu, deyirdik ki, öyrənmişik, sabah müəllimə danışacağıq, niyə soruşursan? O yenə də soruşurdu. 10-11-ci sinifdə bir az rahatladıq, çünki arada dərs soruşurdu, hər gün yox".

Məhəmməd isə düşünür ki, ümumiyyətlə, heç bir uşaq məktəb vaxtı məktəbi sevmir: "Təbii ki davamlı olaraq sıx rejimlə dərs hazırlamaq yorucu idi. Düzü, fikirləşmirəm ki, hansısa uşaq məktəbi tam olaraq sevsin. Mən də hamı kimi uşağam. Düzdür, yaxşı nəticə əldə olundu, amma yenə də düşünürəm ki, bütün uşaqlar məktəbi bitirəndə sevinir".

Atası bildirdi ki, Məhəmməd indi belə danışsa da, məktəb vaxtı dərslərinə çox məsuliyyətlə yanaşıb: "Məhəmməd 9-10-cu siniflərdə hər gün tezdən 5-də oyanıb dərs hazırlayırdı. Biz ona deyirdik ki, o qədər tez oyanma. Gecə 2-yə qədər oxuyurdu. 3-4 saat yatırdı. İndi məqsədinə çatıb, hər şey arxada qalıb, bir az boşluğa düşüb. Ona görə deyir ki, məktəbdən bezmişdim. Məncə, bezən adam hədəfin sonuna gələ, o balı toplaya bilməzdi".

Bilirdik ki, Məhəmməd 700 bal toplayacaq

Məhəmməd deyir ki, universitetə hazırlaşan dövrdə yuxu rejiminə diqqət etmək lazımdır: "Mən səhər lap erkən oyanıb dərs oxuyurdum. Buna kimsə məni məcbur etmirdi. Ancaq təcrübəm bunun səhv olduğunu göstərdi. O mənada ki, gecə on iki, birdə yatırdım, beşin yarısı, beşdə oyanırdım. Normal gecə yuxusu almırdım. Məncə, bu, zamanla mənim zəifləməyimə səbəb olurdu. Uzun müddət belə rejimlə hazırlaşdım, son bir-iki ayda gec oyanırdım. Ona görə indi deyirəm ki, əgər yuxu rejiminiz pozulursa, çox erkən oyanıb dərs oxumayın".

Əli qeyd etdi ki, o, qardaşı qədər səhər erkən oyanmırmış: "Hər gün axşam hazırlıqlardan sonra evə gələndə bir saat, saat yarım televizor, telefona vaxt ayırırdıq. Çünki beynimiz bir az dərsdən uzaqlaşmalıydı. Yeməyimizi yeyib 9-11 arası dərs oxuyurduq. Dərs çox olanda təbii ki daha çox məşğul olurduq. Gecə yuxusundan çox kəsmirdim. 7-8-də oyanırdım, normal yuxumu alırdım. Əslində, Məhəmmədin də 5-in yarısı oyanıb dərs oxumağa ehtiyacı yox idi. Həmişə deyirdim ki, onsuz da dərsi mənimsəmisən, bir az gec oyan, o yenə də oyanıb oxuyurdu".

İlhamə xanımın sözlərinə görə, ətrafdakı hər kəs Məhəmmədin 700 toplayacağına hələ məktəbin ilk illərindən əmin idi: "Məhəmmədlə Əlinin sinif yoldaşlarının valideynləri də onların uğuruna öz övladlarının uğuru kimi sevindilər. Çünki biz onlarla bir yolu gəlmişik. Sinif yoldaşlarının valideynləri məni təbrik edəndə deyirdim ki, bu, bir az da şans məsələsidir. Valideynlər deyirdilər ki, bu, şans məsələsi deyil, biz 1-ci sinifdən bilirdik ki, Məhəmməd 700 bal toplayacaq. Onu tanıyanlar, müəllimlər həmişə o fikirdə olublar. Təbii o nəticə üçün çox çalışıb, yorulub, indi o cür düşünməyi normaldır. Bir sualın cavabını yazanda texniki səhv etmişdi, ona görə tam 700 olmadı. Əslində, doğru cavabı işarələmişdi, amma iki variantda qaralama olduğu üçün aparat o sualın cavabını qeyd etməmişdi. Ona görə çox stress keçirdi. Apelyasiyaya da verdi, amma nəticə dəyişilmədi".

İlhamə xanım deyir ki, qardaşlar oxuduğu sinifdə şagirdlər arasında əvvəldən rəqabət olub: "Sumqayıtdakı Texniki və Təbiət Elmləri Liseyini bitirdilər. Onların sinifləri 100 faiz nəticə göstərdi. Hamısı ali məktəbə daxil oldu. Bu uşaqlar arasında hələ aşağı siniflərdə rəqabət var idi. "Kimin summativləri daha yüksək olacaq?" deyə rəqabət aparırdılar. Təbii ki bu rəqabət birinci biz valideynlər arasında yaranıb, biz də bunu uşaqlarımıza ötürmüşük".

Həkim ailəsi

Məhəmməd bildirdi ki, birinci olmağa özləri can atırmışlar, bu valideyn məcburiyyəti ilə olmayıb: "Məncə, valideyn deyəndə ki, sən hamıdan güclü olmalısan, onda uşağı bezdirəcək. Valideynlərimiz "hamıdan güclü olmalısan" deyib bizi oxumağa məcbur etməyiblər. Birinci olmağı özümüz istəmişik. Düzdür, zamanla bu istək də zəifləyir, amma əvvəllər özümüz istəyirdik".

Söhbətimiz zamanı ataya zəng gəlir, hansısa xəstə ilə bağlı suallar verilir, o da telefonda cavablandırır. O vaxt Əli mənə yavaşca işarə edir ki, tibbi seçməklərinin bir səbəbi də valideynlərinə gələn bu tipli zənglərdir. Ata cərrah, ana kardioloq. Əli deyir ki, həm də digər sahələrə maraqları olmayıb: "2-3-cü qrup fənlərinə marağımız çox da yox idi. 1-ci qrupda yaxşı ixtisaslar var idi, amma marağımız o qədər deyildi. Yerdə qalırdı tibb. Düşündük ki, valideynlərimiz də həkimdir, bizə kömək edərlər, sahəmizdə daha uğurlu olarıq".

Məhəmməd də tibbi öz istəyi ilə seçdiyini bilirdi: "Mən də Əlinin fikirlərinə qatılıram. Həm də uşaq vaxtı xəstələnəndə fikirləşirdim ki, həkim olsam, daha yaxşı olar. Həm özümü müalicə edərəm, həm də başqalarını. Ümumiyyətlə, ixtisas seçəndə onun maliyyə cəhətdən gəlirliliyinə də baxmaq lazımdır".

Bacardığımızdan artıq nəzarətdə saxlamışıq, amma...

İlhamə xanım bildirdi ki, oğlanları heç vaxt nəzarətsiz buraxmayıblar, indi isə bu cəhətdən heç də sərt yanaşmanın tərəfdarı deyil: "10-cu sinfə qədər dərsə mən aparmışam, babası da gətirib. Özləri məktəbə müstəqil gedib-gəlməyiblər. Həyətə də bizimlə düşüblər. Oxuduqları məktəb bizdən uzaqdır, yaxınlıqda deyildi. Yalnız 11-ci sinifdə məktəbə özləri gedib-gəliblər, yenə də bəzi müəllimlərin yanına hazırlığa özümüz aparırdıq. Bacardığımızdan artıq nəzarətdə saxlamışıq. Amma indi düşünürəm ki, uşağa bir az sərbəstlik də vermək lazımdır. Biz nəzarətin dozasını çox etmişik. Uşağın xarici mühitə uyğunlaşmasının qarşısını almışıq. İndi elə vaxtdır ki, onlar artıq müstəqildirlər, amma ətraf mühitə uyğunlaşmaq qabiliyyətləri bir az zəifdir, bir az valideyndən asılı vəziyyətdədirlər. Ümid edirəm ki, tələbəlik müddətində bunlar da aradan qalxacaq".

Niyaməddin bəy övladlarının da çox gəzmək həvəsində olmadıqlarını deyir: "Həmişə uşaqla dost olmağa çalışmışam. Uşaqla səmimi münasibət saxlayanda hər şey düzəlir. Təbii ki uşaqlar harasa getmək istəyəndə biz onları sıxmamışıq, amma vəziyyət elə gətirib ki, dərs yükləri çox olub və gəzməyə çox da həvəs göstərməyiblər. Bəzən biz harasa aparmaq istəyəndə  deyirdilər ki, dərsimiz çoxdur, getmək istəmirik. Müəyyən dönəm üçün nəzarət lazımdır, yeniyetməlik dövrünə oğlan və qızlar üçün çox çətindir. O müddətdə düşünürəm ki valideyn bir az diqqətli olmalıdır. Bakıya gəzməyə gedirdik, balaca vaxtı Sumqayıt teatrına gediblər. İşimlə əlaqəli ölkə xaricinə çıxa bilmirdik, amma regionlarımıza gəzməyə gedirdik".

Nənələri Çimnaz Zülfüqarova deyir ki, ümumilikdə bu uğur ailənin birgə zəhmətinin nəticəsidir: "Həmişə valideynləri qayğı göstəriblər, yeməkləri, yatmaqları, dərs oxumaqları həmişə diqqətdə olub. Ən önəmli işləri uşaqları olub. Özləri də çalışqan uşaq idilər. Rus, ingilis dilini məktəb vaxtı öyrəndilər".

Əli göz həkimi olmaq istəyir, Məhəmməd isə bunu hələ ki zamana buraxdığını deyir. Valideynləri isə seçdikləri istiqamətdən asılı olmayaraq, övladlarının öz sözünü deyən kadrlardan olmasını arzu edirlər.

Biz də bu arzuya qoşuluruq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

20 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Sentyabr 23:3990

    Halaldiii halalll ehsenn bele usaqlara .İnsallah gelecekde Azadimda Tibb Universtitene qebul olsun Amin

    Cavab yaz
    • Anonim
      Melek b · 14 Sentyabr 07:3810

      Amin Amin Amin Esracan Allah arzua catdirsin❤

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 08:3530

        Cannn Meleyim ürəyim .(****)

        Cavab yaz
    • Anonim
      Bir nəfər · 14 Sentyabr 16:1710

      Salam,Qırçınbaş. Göndər gəlsin qatım onu da öz oglanlarıma həkim eliyim. Amma axırda mənimkilər kimi vicdansız olacaq yüz faiz)

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 15 Sentyabr 00:0820

        Axsaminiz xeyir olsun.Necesiniz ?Önce üzr isteyirem cevabim gec oldu indi baxdim bura .Men 2 əlli raziyam ve gonderecem yeter ki, oqlumu siz hekim edin.gonderin axiri menlikdi Eger menim oqlumdusa 100% vicdansiz olmaazzz istesee deee olmayacak !:))

        Cavab yaz
        • Anonim
          Bir nəfər · 15 Sentyabr 09:1810

          Sabahın xeyir, yaxşıyam sag ol. O səndən,məndən asılı deyil,mütləq dediyim kimi olacaq).

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 15 Sentyabr 16:0620

            Günortan xeyir olsun.Her zeman yaxsi ol !Bes kimnen asilidi Hippokratdan ?))

            Cavab yaz
            • Anonim
              Bir nəfər · 15 Sentyabr 16:4110

              Elə ciddi vicdansızlıq olmaz inşallah,babalara,nənələrə kələk gəlmək kimi bir şeylər)

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 15 Sentyabr 17:0610

              Onsuz bilirdim ciddiyeyetden getmir. her defe eziyyet ceken nene babalardidaaa Onu da ötüsdürmek olar. Teki usaqlarimiz adli sanli, savadli hekim olsunlar.

            • Anonim
              Bir nəfər · 15 Sentyabr 18:4310

              Onda göndər gəlsin. Sənədlərini də götürsün.Nə vaxt desən təhvil almaga hazıram. Həm də uşaqlar böyüdü tələbə oldu,biz qaldıq yetim,məşgul olmaga şagirdimiz yoxdur artıq.

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 15 Sentyabr 20:0220

              Bas uste gondererem :)) Onda sizde 2 ci usaq bu il girdi ATU ya boyuyu oxuyurdu heee??))Hee 3 cu de Azad olacaq daaa heeee İnsallah )))

            • Anonim
              Bir nəfər · 15 Sentyabr 22:0910

              Hə,böyük oxuyurdu, oglum da bu il qəbul oldu. 3-cü Azad olacaq inşallah. Denən gəlsin yerini tutsun artıq. Həm sizə xeyri olsun, həm də bizə, həm də biz darıxmarıq axşamları,məşgul olarıq.

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 15 Sentyabr 22:2820

              Heeee ,cemadanlarin yiqdim sabah tenteneli suretde size yola salacam.Onu da deyim cox qasqabaqli usaqdi hem de eqoistdi cetin tabe olandi.Əridib muma donderseniz lappp əlaaa olarrr :)))

            • Anonim
              Bir nəfər · 15 Sentyabr 22:5310

              Çemodana ehtiyac yoxdu,özümüz hər şeyini təmin edəcəyik, bircə sənədlərini götürsün,vicdanın da evdə qoyub gəlsin). Özümüz bilərik necə tərbiyə edərik,bizə muma dönən uşaq lazım olmaz, ona görə də oldugu kimi qalması məsləhətdi,əyilməz,sınmaz. Allah hamımıza xeyir versin)

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 15 Sentyabr 23:0210

              Bas üsteeee oldu men razi.Onsuzda dəyişeceyine eslaaa inanmirdim .Bütün dualarinizada Amin deyirem.

            • Anonim
              Bir nəfər · 15 Sentyabr 23:3510

              Danışdıq. Sabah saat 8-də vagzalda)

  • Anonim
    Sevinc · 14 Sentyabr 06:5110

    Sağ olsun belə analar...

    Cavab yaz
  • Anonim
    Felya · 14 Sentyabr 08:4710

    Afərin! Daha yüksək nailiyyətlər arzu edirəm sizə! Valideyinlərə respekt!!!

    Cavab yaz
  • Anonim
    Y · 14 Sentyabr 13:1910

    Aferin her ikisinede

    Cavab yaz
  • Anonim
    H · 14 Sentyabr 13:2210

    Tibb universitetine girmek zarafat deyile Aferin.Valideynlerede halal olsun.Insan ele bir mexluqduki bir az terif edende ozunden asilli olmayaraq canina yatir basliyirsan bir az duzub qosmaga.Valideynlerin eziyyeti danilmazdi amma bu 7 ayliqdan ensiklopediya oxuyurdum olara neydiki.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.