Cəmiyyət

Valideynlərin NƏZƏRİNƏ: uşaqları evdə tək qoymayın - VİDEO - FOTO

12 Sentyabr 2019 13:20
0 Şərh     Baxış: 2 140

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə azyaşlıların mənzillərdə köməksiz vəziyyətdə, bağlı qapı arxasında və liftdə qalması barədə daxil olan məlumatların sayında artım müşahidə edilir.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, təkcə bu ilin iyul və avqust aylarında "qaynar xətt"ə daxil olan məlumata əsasən, qapı arxasında 42, liftdə isə 33 azyaşlı köməksiz vəziyyətdə qalıb. Onlardan 75 əməliyyatda 89 azyaşlı təhlükədən xilas olunaraq ailə üzvlərinə və yaxınlarına təhvil verilib.

Valideynlər hər hansı bir iş dalınca mənzili tərk edirlər və bu zaman uşaqlarına qapını bağlayaraq onları təhlükəsiz mühitdə qoyduqlarını düşünürlər. Amma bu cür valideynlər, əslində, bilməlidirlər ki, həmin evdə balacaların həyatını təhlükəyə atacaq kifayət qədər amillər var. Təhlükəsi bir yana, bu cür xoşagəlməz hadisələr uşaqların psixoloji inkişafına da ciddi təsir edir.

Gülçin Mehdiyeva - FHN-nin Mətbuat Xidmətinin rəhbəri: "Balaca uşaqların bağlı qapı arxasında qalması onların tək qalma problemi deyil, həm də nəzarətsiz qaldığı halda müxtəlif təhlükələrlə üzləşməsi məsələsidir. Belə ki, evlərdə kimyəvi maddələr, qaz, işıq, elektrik enerjisi, açıq pəncərə, eyvan və s. bu kimi şeylər uşaqların həyatını ciddi təhlükəyə atır. Buna görə də biz əhalini balacalara qarşı daha çox diqqətli olmağa çağırırıq. Və liftlərdən istifadə edərkən uşaqları tək qoymamağa çağırırıq".

Valideynlər isə iddia edirlər ki, övladlarını evdə tək qoyarkən onları təlimatlandırmağı da unutmurlar. Qapı və pəncərəni isə uşaqlar evdən kənara çıxmasınlar deyə bağlamaq məcburiyyətində qalırlar.

Valideyn: "Çox nadir hallarda, çalışıram tək qoymayım. Evdə tək qaldığı vəziyyətlərdə təlimatlandırıram. Əlbəttə, təhlükəli cihazlardan, evin pəncərələri adətən dəmirlidir bizdə, onlar başa düşür ki, pəncərəyə yaxın durmaq olmaz".

Valideyn: "Uşaqlara evdə elektrik cihazlarına yaxın durmamağı, evdən çıxarkən elektrik əşyaları cərəyanlardan ayırmağı uşaqlara öyrədirik".

Azyaşlı: "Evdə qapı bağlı olanda qorxmuram, cizgi filminə, televizora baxıram".

Azyaşlı: "Evdə tək olanda qorxuram".

Psixoloqlar isə deyirlər ki, uşaqları evdə tək qoymaq olmaz. Çünki evdə tək qalan uşaqların təkcə həyatı üçün təhlükə yaranmır, eyni zamanda, bu, onların psixoloji inkişaflarına da mənfi təsir göstərir. Belə ki, evdə tək qalan azyaşlılarda çox vaxt güvən problemi, özünəqapanma hallarına rast gəlinir.

Vəfa Əkbər - Psixoloq: "Müstəqil addım ata bilmir, sərbəst ola bilmir, hər yerdə onun fikrini məşğul edəcək fikir - anam indi çıxıb gedə bilər və ya atam gedəcək. Belə olduğu tədqirdə uşaqlar istər bağçada, istər məktəbdə problem yaşayır. Onlarda zaman anlayışı məhdud olduğu üçün uşaqlar elə düşünür ki, bu sonsuzdur. Yəni valideyn birdəfəlik getdi. Qeyri-müəyyənlik hissi onlarda qorxu yaradır".

Psixoloqun fikrincə, ən qorxulu hal budur ki, gələcəkdə uşaqlarda müəyyən şəraitlərdə bu əlamətlər daha da çoxala bilər. Bu da balaca, dar, alçaq tavanlı, pəncərəsiz otaqlarda, liftlərdə, ictimai nəqliyyatda və digər sıxlıq olan yerlərdə özünü daha çox büruzə verə bilər. Elə buna görə də mütəxəssislər övladlarınızı evdə tək qoymamağı, evdən çıxarkən onları ya özünüzlə götürməyi, ya da etibar etdiyiniz birinə tapşırmağı məsləhət görürlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.