Cəmiyyət

Ceyranların evi - Şirvan Milli Parkına ekskursiya - FOTO

24 İyun 2019 21:41
5 Şərh     Baxış: 3 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmiz zəngin flora və faunaya malikdir. Dünyadakı 11 iqlim qurşağının 9-nun Azərbaycanda olması bunu deməyə əsas verir. Bu zənginlik içərisində Muğan zonasının da özünəməxsus yeri var.

Milli.Az AZƏRTAC-a istinadən izləyicilərini ceyranların evi sayılan Şirvan Milli Parkına qiyabi ekskursiyaya dəvət edir.

Şirvan Milli Parkı 2003-cü ildə yaradılıb. 65 min hektar ərazisi olan Milli Park Bakının Qaradağ rayonu, eləcə də, Salyan və Neftçala rayonlarının inzibati ərazilərini əhatə edir. Ərazidə Şirvan Dövlət Təbiət Qoruğu və Bəndovan Dövlət Təbiət Yasaqlığı da yerləşir. Şirvan Milli Parkının yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, adları "Qırmızı kitab"a düşən ceyranları və ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.

Parkın özəlliyi əsrlərdir təbiiliyin qorunub saxlanmasındadır. Bu təbiilik torpaq qatı ilə yanaşı, Xəzər sularında da özünü göstərir. Şirvan Milli Parkının direktoru Arzu Mustafayev: "Milli Parkın ərazisindəki dəniz sahili Xəzərin ən təmiz sahillərindən biridir. Digər Milli Parklar yalnız müəyyən mövsümlərdə aktual olsa da, Şirvan Milli Parkı ilin bütün mövsümdə turistləri qəbul etmək imkanına malikdir."

Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Burada 114 bitki, 83 yosun növü və çoxsaylı ibtidai mikroorqanizmlər mövcuddur. Yayı quraq keçən Milli Parkın ərazisində Xəzər dənizi, Baş Şirvan kollektoru, Qızılqaz gölü və digər su hövzələri var. Burada şirin su - çay və bulaq yoxdur. Maraqlıdır ki, əsasən şirin su hövzələrini özünə məskən seçən ceyranlar artıq buradakı şor su mühitinə öyrəşib. Milli Parkın direktoru Arzu Mustafayev bunu belə izah edir: "Ceyran populyasiyası artıq dəniz suyunu içməyə əsrlərdir öyrəşib və onlarda bu, vərdiş halını alıb. Onlar su mənbəyi kimi əsasən Xəzər dənizinin suyundan istifadə edirlər. Düzdür, parkın ərazisində bir neçə kanal da var. Amma ceyranlar və daha bir neçə heyvan növü məhz dəniz suyuna üstünlük verir".

Qış fəslində quşların Milli Park üzərindən miqrasiyası, Avropada yeganə təbii ceyran populyasiyası Şirvan Milli Parkının başlıca xüsusiyyətlərindən biridir. Burada hazırda 9000 baş ceyran qeydə alınıb. Təbii populyasiyanın davamlı inkişafı ceyranların ölkəmizin digər ərazilərinə köçürülməsinə, vaxtilə müxtəlif səbəblərdən nəsilləri kəsilmiş həmin ərazilərdə yenidən bərpasına şərait yaradıb.

Şirvan Milli Parkında 4 növ suda-quruda yaşayan, 17 növ sürünən heyvan mövcuddur. Burada müxtəlif quşlar, hətta qartal da var. Milli Parkın ərazisində Azərbaycan və dünya miqyasında nəsli kəsilmək təhlükəsi olan quşların ümumilikdə 34 növünə rast gəlinir. Burada, həmçinin bir neçə palçıq vulkanı da var. Milli Parka gələn xarici və yerli turistləri flora və faunanın təbiiliyi, dənizin gözəlliyi daha çox cəlb edir.

Fərhad Nağıyev: "Atam məni bura tez-tez gətirir. Mən burada ceyranları və digər canlıları seyr edirəm. Daha çox diqqət çəkən Parkın ərazisində dənizin olmasıdır. Məncə, bura tətil vaxtlarında şagirdlər üçün yaxşı istirahət və ekskursiya məkanıdır".

Milli Parkın direktoru vurğulayır ki, Şirvan Milli Parkının başqa bir özəlliyi 65 min hektar ərazisinin təmizliyidir. Ərazi turistlər tərəfindən atılan tullantılardan mütəmadi olaraq təmizlənir, havaya zərərli qazlar atılmır. Mütəxəssislərin dediyinə görə, Şirvan Milli Parkında formalaşan saf hava kütləsi müxtəlif axınlarla buradan 100 kilometr aralıda yerləşən Bakı şəhərinin atmosferinə keçir və paytaxtın havasını oksigenlə zənginləşdirir.

Parkda turistlərin təhlükəsiz hərəkət etməsi üçün bələdçilər ayrılıb. Bundan başqa, turist marşrutları üzərində məlumat və təhlükəsizlik lövhələri yerləşdirilib, müşahidə qüllələri ucaldılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.