Cəmiyyət

Zibili yerə atsanız nə qədər cərimə oluna bilərsiniz?

18 İyun 2019 21:51
0 Şərh     Baxış: 1 974

Azərbaycanda yerə zibil atarkən diqqətli olun, cərimə oluna bilərsiniz.

Məsələn, evdə yığılmış tullantıları zibil qutularından kənar yerə atsanız və ya haradasa basdırsanız cərimə oluna bilərsiniz.

Əgər avtomobil idarə edərkən maşından siqaret kötüyü, su qutusu və ya başqa hansısa əşya atsanız, sizi yenə cərimə gözləyir.

Ölkə ərazisində ətraf mühiti çirkləndirənlərə İnzibati Xətalar Məcəlləsi üzrə cərimələr tətbiq olunur. Bura küçəni, su hövzələrini, ictimai yerləri zibilləmək, eləcə də ətraf mühitə müxtəlif növ ziyan vurmaq aiddir.

Bəs, bu cərimə və qaydalar nədən ibarətdir?

zibil qutuları

Zibili urnalardan kənara atsanız ...

Məişət tullantılarını zibil qutularından (urnalardan) kənara atsanız 50 manat cərimə ediləcəksiniz, İnzibati Xətalar Məcəlləsində qeyd olunur.

Əgər şəhər və rayonların mərkəzlərində zibil qutularının arasındakı məsafənin düzgün olmadığını düşünürsünüzsə, yerli icra qurumlarına müraciət edə bilərsiniz. Əgər qutular qanunla müəyyən edilmiş məsafədən uzaq yerləşdirilibsə, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat cərimə edilə bilər.

Zibilin yandırılması atmosferə zərərli maddələrin atılması hesab olunur və buna görə fiziki şəxslər 7-700 manat məbləğində cərimə edilə bilər.

Zibilin yığışdırılmasına görə mənzil istismar idarələri hər ay hər ailə üzvündən 30 qəpik ödəniş toplayır.

Nəqliyyatda cərimələr

Dəmiryolu qatarlarının vaqonlarından zibil, yaxud başqa predmetlər atsanız 30 manat cərimə edilə bilərsiniz.

Metronu zibilləyənlər və ya metroda hər hansı yerə yazı yazanlara 15 manat cərimə nəzərdə tutulur. Metroda dəmir yoluna hər hansı əşya atmağın cəriməsi isə 30 manatdır.

Əgər dəniz və çay nəqliyyatı gəmilərindən zibil və başqa predmetlər atsanız 30 manat cərimə edilə bilərsiniz.

Sürücü və sərnişinlərə cərimələr

Nəqliyyatda cərimələr təkcə sürücülərə aid deyil. İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, magistral yolları zibilləyən sürücülər 40 manat, sərnişinlər isə 30 manat cərimə edilir.

Avtomobil yollarının zibillənməsinə, müxtəlif tərkibli maddələr axıdılmasına, daş, çınqıl, qum və ot tökülməsinə, suvarma, çirkab və kanalizasiya sularının avtomobil yoluna axıdılmasına, yol örtüyünün çirklənməsinə görə fiziki şəxslər 30-50 manat, vəzifəli şəxslər 150-200 manat, hüquqi şəxslər 1500-2000 manat cərimə edilir.

zibil

Torpaq və su obyektləri

Meşələri zibilləndirən və çirkab suları ilə çirkləndirən fiziki şəxslər 600-1000 manat, vəzifəli şəxslər 2000-3000 manat, hüquqi şəxslər 6000-8000 manat cərimə edilir.

Dəniz, çay, göl və digər su obyektlərini çirkləndirən, zibilləyən, su mühafizə zonaları və sahil mühafizə zolaqları ilə bağlı tələblərə riayət etməyən fiziki şəxslərə 600-1000 manat, vəzifəli şəxslərə 2500-4000, hüquqi şəxslərə isə 7500-10000 manat cərimə nəzərdə tutulur.

Kim nəzarət edir?

Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətini Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi aparır. Tullantılarla bağlı işlərin necə görüldüyünə ictimai birliklər və sakinlər də nəzarət edə bilər.

Bakı Şəhər Baş Polis İdarəsindən BBC News Azərbaycancaya bildiriblər ki, polisin tullantılara nəzarət etmək hüququ var və bu qanunla tənzimlənir.

Daxili İşlər Nazirliyi ev heyvanlarının qadağan olunan yerlərdə gəzintisi və onların ərazini çirkləndirməsi ilə bağlı məsələlərə də nəzarət edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BBC News Azərbaycancaya verilən məlumata görə, nazirliyin əməkdaşları 2019-cu ilin ilk 4 ayı ərzində respublika ərazisində sənaye və məişət tullantılarının idarə olunması qaydalarının pozulmasına görə 273 akt və protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcbur olan 142 müddətli "məcburi göstəriş" verilib.

Qurumdan bildirilib ki, ümumilikdə 36 iş üzrə 33 min manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 34, məhkəmələrə 6 iş göndərilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.