Cəmiyyət

Tranzit nömrəli avtomobillər artıb - Sürücülər bu “hiylə” ilə rüsumlardan yayınırlar - FOTO

15 İyun 2019 15:22
2 Şərh     Baxış: 2 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər ölkədə tranzit nömrəli avtomobillərin artmasının şahidi oluruq. Bu nömrəli avtomobillərin əksəriyyəti müəyyən müddətdən bir ölkəni tərk edir və yenidən Azərbaycana qayıdır. Bu üsulla bir çoxları avtomobili qeydiyyata salmaq üçün tələb olunan xərclərdən qaçmağa müvəffəq olurlar.

Bu cür avtomobillərin artması, eləcə də insanların belə addımlar atması nə ilə bağlıdır? 

Bəziləri bunu gömrük rüsumlarının baha olması ilə izah edir. Onların sözlərinə görə, bir neçə ay ara ilə yüzlərlə kilometr məsafəni qət etmək belə bu rüsumlardan daha ucuz başa gəlir. 

Nəzərə alsaq ki, Bakıdan "Qırmızı körpü" kimi tanınan "Sınıq körpü" gömrük sərhəd buraxılış məntəqəsinə qədər məsafə 500 kilometrə yaxındır və bu yolu qət etmək altı saatdan çox vaxt alır, o zaman sürücülərin avtomobili qeydiyyata saldırmamaq üçün hansı əziyyətə hazır olduqları daha aydın görünür. 

Milli.Az bildirir ki, gömrük rüsumlarının yüksək olması fikrini oxu.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı da təsdiqləyib. 

Onun sözlərinə görə, rüsumlar hər kəsin cibinə uyğun olsa, heç kim belə varianta əl atmaz, üç-beş aydan bir ölkədən çıxıb geri qayıtmaz:

"İstər tranzit, istərsə də başqa ölkələr, xüsusən Gürcüstan nömrəli avtomobillərlə bağlı vəziyyət sırf gömrük rüsumlarının yüksək olması ilə bağlıdır".

Məsələ ilə bağlı oxu.az-a danışan digər nəqliyyat eksperti Tural Yusifovda əsas diqqəti gömrük rüsumlarına çəkib:

"Gətirdiyi avtomobilin qiyməti qədər gömrük rüsumu ödəməkdənsə, riskə gedib orada kiminsə adına avtomobil alır, etibarnamə ilə ölkəmizə gəlir, 90 gün müddətinə burada avtomobili idarə edir və ölkədən çıxış edirlər".

O qeyd edib ki, bu, bütün növ - benzin, dizel, hibrid və ya elektrik avtomobillərinə aiddir. 

"Tutaq ki, mən qiyməti 20 min dollar (34 min manat) olan ikinci əl elektrik avtomobili almaq istəyirəm. Bu pulun 15 faizini idxal rüsumu olaraq verirəmsə, avtomobil 40 min manata başa gəlir.

Bir çox dünya ölkələrində elektrik avtomobilinin idxalına rüsum yoxdur, bizdə də bu rüsum ləğv olunmalıdır. Onsuz da bu tip avtomobillərin istifadəçisi azdır. Hibridin qənaətli avtomobil olmasına baxmayaraq, bu tip maşınlarla benzinlə işləyən avtomobillərin qiyməti gömrük rəsmiləşdirilməsində, demək olar ki, eynidir". 

Burada bir başqa məsələyə də diqqət yetirək. Əgər avtomobil qeydiyyata alınırsa, buradan əldə olunan gəlir dövlət büdcəsinə daxil olur. Və əgər bəzi sürücülər göstərilən yolla qeydiyyatdan yayınırsa, deməli, büdcə də buradan kifayət qədər zərər görür. 

E.Muradlı da diqqət yetirdiyimiz məsələ ilə bağlı fikirlərini bölüşüb:

"Bu məsələdə dövlət büdcəsi də ziyan görür. Misal üçün, biri var, 10 maşın gətirir və hərəsindən 10 min manat rüsum alır, ümumilikdə 100 min manat büdcəyə daxil olursa, normal gömrük rüsumları tətbiq olunsa, bu 10 rəqəmi 50-100 olar".

O bildirib ki, burada həm dövlət büdcəsi qazanmış olar, həm də bizim avtomobilləşmə prosesimiz davam edər, üstəlik, köhnə avtomobillər dövriyyədən çıxar.

Əlbəttə, bu gün Azərbaycan avtomobil parkında ən böyük və əsas problemlərdən biri köhnə, istismara yararsız avtomobillərin çoxluq təşkil etməsidir. İnsanlar qiymətlərin yüksək olması səbəbindən yeni avtomobillərə maraq göstərmir, daha çox ili köhnə maşınlara üstünlük verirlər. Həqiqətən də, bu gün Azərbaycan avtomobil bazarındakı qiymətlər kifayət qədər yüksəkdir. 

Gömrük rüsumları hər kəsin cibinə uyğun olsa, insanlar xaricdən aldıqları avtomobilləri qeydiyyatdan keçirər və bununla da avtomobil parkında yenilənmə müşahidə edilər. 

T.Yusifovun fikrincə, daxili bazarda avtomobil almaq şərtləri uyğun olarsa, ikinci əl avtomobil bazarı da inkişaf edər. 

"İnsanlar bu halda Gürcüstandan və ya digər ölkələrdən deyil, elə Azərbaycandan avtomobil alarlar. Bu, gömrük rüsumlarının uyğunlaşdırılmasının əsasında ola bilər. Bizdə gömrük qiymətləri altı pilləlidir, yəni maşın aldığın zaman altı pilləli vergi ödəyirsən - aksiz, rəsmiləşdirmə, əməliyyat xərcləri və s. Bunlar hamısı avtomobilin qiymətinə təsir edir". 

Hətta 2018-ci il dekabrın 27-də Prezident İlham Əliyev yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramını təsdiqləyib və həmin proqramda da ölkəyə sağlam, yeni avtomobillərin gətirilməsi bir şərt kimi qoyulur.

E.Muradlı deyib ki, xüsusən ekoloji cəhətdən təmiz avtomobillərə şərait yaradılması, bu cür maşınlar gətirənlərə müəyyən güzəştlərin edilməsi, stimullaşdırılması məsələsi bu sənəddə öz əksini tapır.

"Sənədin imzalanmasından beş aydan çox vaxt keçməsinə baxmayaraq, hələ ortada əməli iş yoxdur. 

Ona görə biz hələ də Gürcüstan nömrəli, tranzit nömrəli maşınların Azərbaycanda kütləvi şəkildə artmasının və belə avtomobillərin müəyyən müddətdən bir ölkədən çıxıb geri qayıtmasının şahidi olacağıq. Bu məsələlərə kompleks şəkildə yanaşmaq və həll yollarını insanların büdcəsinə uyğun şəkildə tapmaq lazımdır. Köhnə avtomobillər Azərbaycanda çox ciddi problemə çevrilib".

T.Yusifov problemdən çıxış yolu kimi kredit şərtlərinin münasib olmasının və rüsumlara yenidən baxılmasının vacibliyini qeyd edib:

"Əgər yeni avtomobilin qiyməti insanları qane etmirsə, təbii ki, köhnə, dizellə işləyən avtomobil alacaqlar. Halbuki dizel avtomobillərinin atmosferə zərəri daha çoxdur. Bu cür avtomobillərin utilizasiyası mümkün deyil, yəni həmin avtomobil ölkədə qalacaq, başqa ölkələrə göndərilə bilməyəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.