Cəmiyyət

Otel və kirayə evlərə pul xərcləməyən turistlər - FOTO

27 May 2019 04:30
0 Şərh     Baxış: 2 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər şimal bölgəsinin turizm zonalarında çadır quraraq dincələn turistlərin sayı xeyli artıb.

Çadırda qalmağın əsas üstünlüyü dincələcəyin yeri sərbəst seçə bilmək imkanının olmasıdır. Otel və ya evdə gecələyən zaman mütləq geri qayıtmalısansa, çadırla gəzintiyə çıxanda bu, problem deyil. İstənilən yerdə çadırı qurub gecələmək mümkündür.

Çadırda gecələmək turistlər üçün olduqca sərfəlidir. Məsələn iki nəfər turist bir həftə oteldə və kirayə evdə qalsa, ən azı 200-250 manat ödəməlidir. Çadırda qaldıqda isə bu vəsaiti digər işlərə xərcləmək mümkündür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həftəsonlarını təbiət qoynunda keçirməyi sevən Ləman və Aysel adətən dostları ilə birlikdə çadırda qalmağa üstünlük verirlər. Bu zaman yalnız təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Turistlər vəhşi heyvanların hücumuna məruz qalmamaq üçün əsasən yaşayış məntəqələrinə yaxın yerlərdə məskən salırlar.

"Biz əsasən istirahətimizi həftəsonuna salırıq. Ailə üzvlərimizlə, dostlarımızla təbiət qoynuna gəlirik. Bu bizə asan başa gəlir. Əvvəlcə meşəlik ərazidə çadırımızı qurmağa uyğun yer tapırıq. Sonra yemək hazırlıyırıq. Bu cür dincəlmək bizə çox ucuz başa gəlir", - deyə Ləman Fətullayeva bildirib.

Çadır qurulan ərazi seçilərkən diqqət etməli bir vacib məqamlar var.

"Ayı və başqa vəhşi heyvanların yaşadığı ərazilərdə çadır qurmaq təhlükəlidir. Ona görə ərazi seçiləndə diqqət etməliyik ki, vəhşi heyvanlardan uzaq bir yer olsun. Biz adətən çadırın yaxınlığında ocaq qalayırıq. Bu zaman ətrafdan yarpaqları, təmizləyirik ki, yanğın baş verməsin", -deyə Aysel Seyidməmmədova söyləyib.

Çadırdan istifadə edən turistlərin ən çox xoşuna gələn bir məqam da meşələrdə və ya dağların ətəyində gecələməkdir. Bu turizm növünə ekstrim sevən insanlar daha çox üstünlük verirlər.

Turizm ekspertləri ölkəyə xeyli xarici qonaqların səfər etdiyini nəzərə alaraq turizmin bütün növlərinin inkişafını vacib sayırlar.

Uzun illərdir turizm sahəsində çalışan Həzrətqulu Əhmədov çadırda dincələn qonaqlar üçün bələdiyyə, qoruqluq və park ərazilərində xüsusi şərait yaradılmasının vacibliyini söyləyir.

"Çadır turizmi təşkil edən şirkətlərin sayı artırılmalıdır. Ekoturizmin bir növü olan çadır turizminin inkişaf etdirilməsi vacibdir. Az büdcəli turistlərin istirahəti üçün daha uyğun hesab edilən çadır turizminin inkişafının xarici qonaqların sayına da müsbət təsir göstərə bilər", - deyə H.Əhmədov bildirir.

Çadır gecələyən turistlərə daha çox iyul-avqust aylarında Qubanın Qəçrəş və Xaçmazın Nabran istirahət zonalarında rast gəlinir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.