Cəmiyyət

Cənub bölgəsi turizm mövsümünə hazırdır - REPORTAJ - VİDEO - FOTO

24 May 2019 23:30
0 Şərh     Baxış: 1 325

Bir neçə gündən sonra ölkəmizdə yay turizm mövsümü başlayır. Gözəl və füsunkar təbiəti ilə seçilən Lənkərana respublikamızın müxtəlif şəhər və rayonlarından, həm də xarici ölkələrdən 30 mindən çox turistin gələcəyi proqnozlaşdırılır. Mütəxəssislərin fikrincə, yay fəslində Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin istifadəyə verilməsi nəticəsində bölgəyə daha çox əcnəbi turist gələcək.

Lənkərandakı əksər otellərdə iyul-avqust ayları üçün boş yer yoxdur

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən ildən etibarən Lənkəranda demək olar, bütün il boyu turizm mövsümü sayılır. Burada ilin bütün fəsillərində xarici və yerli turistlər müşahidə edilir. 2016-2017-ci illərdə Lənkəranda mehmanxana və mehmanxana tipli obyektlərdə qalan turistlərin sayı təxminən 20 min təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 30 minə yaxın olub. Yay turizm mövsümü başlamamış, 2019-cu ilin ilk 3 ayında isə bu rəqəm 6 mini ötüb.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov deyir ki, Lənkəran rayonu, mehmanxanalar turizm mövsümünə tam hazırdır: "İyul-avqust ayları üçün əksər otellərdə boş yer yoxdur. Bu il, həmçinin bölgədə turizm sahəsində baş verəcək əlamətdar hadisə turistlərin bu bölgəyə diqqətini daha çox çəkəcək. Belə ki, Lənkəranda böyük müalicəvi sanatoriya kompleksi istifadəyə veriləcək. Bu müalicəvi sanatoriya kompleksi Qafqazda ən böyük komplekslərdən biri hesab olunur. Bu, öz növbəsində, Lənkərana müalicə üçün üz tutan həm yerli, həm də xarici vətəndaşlar üçün əlverişli imkandır".

Müasir standartlara cavab verən Ələt-Astara magistralı 
bölgəyə turist axınının artmasında mühüm rol oynayır
Otel meneceri Mirmehdi Məmmədov isə bildirir ki, cənub bölgəsinə bu il daha çox turistin gəlməsinə səbəb ötən il istifadəyə verilən Ələt-Astara magistralıdır. "Dövlət əhəmiyyətli yol müasir standartlara cavab verir. Respublikanın ən rahat, ən münasib və məsafəsi az olan magistral yollarından biridir. Əgər qonaqlar əvvəllər Bakıdan Lənkərana 4 saata gəlirdilərsə, indi 2 saata rayona çatmaq olur. Keçən ilə nisbətən builki qonaqlarımızın əksəriyyəti Rusiya, İran və Türkiyədən olacaq. Keçən ilə nisbətən bu il turist sayı çoxdur, otaqlarımız indidən tutulub", - deyə o qeyd edib.

Lerikdə turistlərin diqqətini çəkən amil: dəniz, meşə və dağlar

Uzunömürlülər diyarı Lerik rayonu da turizm mövsümünə hazırdır. Hazırda tikintisi davam etdirilən Lənkəran-Lerik yolunun genişləndirilməsi bölgənin turizm imkanlarına müsbət təsir göstərəcək. 41 min hektar meşə zolağının mövcud olduğu Lerik rayonunda 17-dən çox istirahət mərkəzi var. Belə istirahət mərkəzlərindən birinin rəhbəri, 22 ildən çoxdur rayonda turizmin inkişafında müstəsna xidmətləri olmuş Akif Əliyev turistlərin diqqətini çəkən məqamları belə izah edir: "Leriklə Lənkəran həmsərhəd olduğundan dənizlə dağın arasında cəmi 20-25 dəqiqəlik məsafə var. Bu da turistlərin həm dənizdə, həm meşədə, həm də dağlar qoynunda istirahətinə imkan verir. Dağlarımızda çoxlu dərman bitkiləri də bitir. Bu amillər turistlərin əksəriyyətinin marağına səbəb olur".

Bir nəfərin günlük istirahəti göstərilən xidmətlərdən asılı olaraq 20-250 manata başa gəlir

Turizm məkanlarının qiymətlərinə gəlincə, təklif olunan xidmətlərin qiyməti ötən ildəkindən fərqlənmir. "İstirahət mərkəzimizdəki orta seqmentli kotteclərdə yerlər 1 nəfər üçün səhər və axşam yeməyi də daxil olmaqla, təxminən 30 manat civarındadır", - deyə Akif Əliyev bildirib.

Ümumilikdə isə, cənub bölgəsində bir nəfərin bir günlük istirahəti göstərilən xidmətlərdən asılı olaraq 20-250 manata başa gəlir.

Alman turist: Çox gözəl ölkəniz, təbiətiniz və qonaqpərvər insanlarınız var

Bölgədə müalicəvi əhəmiyyətli təbii bulaqlar da var. Təsadüfü deyil ki, əksər turistlər yay fəslində cənub bölgəsinə əsasən müalicəvi bulaqlardan istifadə etmək üçün gəlirlər.

Bölgənin flora və faunasının zənginliyi isə əcnəbi turistlərin daha çox diqqətini çəkir. Onlardan biri də almaniyalı turist Kai Gaugerdir: "Buraya Almaniya və başqa ölkələrdən olan turist qrupu ilə birgə gəlmişəm. Məqsədimiz Azərbaycanın təbiətini, xüsusən burada mövcud olan quşları görməkdir. Bu, bizim hobbimizdir. Ölkənizi çox sevdik, xüsusən də Talış dağları və Leriki. Bu gün biz meşə və dağlarda olduq, çoxlu quşlar gördük, bu səyahətdən zövq aldıq".

Onun həmyerlisi Alexandra Şievelingin də ölkəmizin təbiətinə və insanlarına heyran qaldığını bildirir: "Sizin ölkənizin çox gözəl təbiəti və quş növləri var. Bu, mənim Azərbaycana ilk səyahətimdir. Mən buranı tanımırdım. Vaxtilə burada olan digər xarici turistlərdən eşitmişdim ki, Azərbaycanda nadir quş növləri var. Ona görə də ölkənizə gəldim ki, bu nadir təbiət canlılarını görüm. Bir sözlə, çox gözəl ölkəniz, təbiətiniz və qonaqpərvər insanlarınız var".

Qeyd edək ki, cənub bölgəsində 60-dan çox turizm istirahət mərkəzi var. Onlardan da 10-a yaxını müalicəvi əhəmiyyətlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.