Cəmiyyət

İstehlakçının hüquqlarını qoruyan Xidmət, yoxsa...

19 May 2019 23:25
0 Şərh     Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər deyir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti lazımı araşdırmalar apararaq vətəndaşın hüquqlarını qorumalıdır

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"İrşad Electronics"dən zəmanətlə telefon almışıq. 3 aydan sonra telefonda problem yaranıb. Müraciət etmişik, telefonu qəbul ediblər və bildiriblər ki, 4-14 gün müddətində təmir olunacaq, ya da yenisi ilə əvəzlənəcək. Düz 14 gündən sonra çağırırlar və sökülüb-dağılmış vəziyyətdə olan telefonu göstərib deyirlər ki, telefon fiziki zədəyə məruz qalıb, 120 manat verin, təmir edək".   

Bu statusu jurnalist Natiq Muxtarlısosial şəbəkədəki profilində paylaşmışdı. Həmin vaxt problemlə bağlı "Kaspi" qəzetində yazı dərc etmişdik. Məsələyə ekspertlərin mövqeyini öyrənmişdik. Ekspertlər həmkarımıza məsləhət görmüşdülər ki,  İqtisadiyyat Nazirliyini yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etsin. Məsələnin nə yerdə qaldığını öyrənmək üçün Natiq Muxtarlı ilə əlaqə saxladıq. Həmkarımız bildirdi ki, ekspertlərin tövsiyəsini nəzərə alaraq, məhkəməyə üz tutmazdan əvvəl Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib. Ancaq Dövlət Xidmətinin məsələyə yanaşma tərzi jurnalisti məyus edib: "Dövlət Xidmətinə  27.03.2019-cu il tarixdə etdiyim müraciətə 29.03.2019-cu il tarixdə rəis müavini İlqar Sadıqovun imzası ilə cavab verildi. Bildirilirdi ki, məsələ araşdırılacaq və əlavə məlumat veriləcək. İlqar müəllimin məktubunu "İrşad Elektronics"ə göndərdim və bildirdim ki, məsələ araşdırılana qədər kreditin ödənişini dayandırıram. Ancaq üstündən bir aydan da artıq vaxt keçməsinə baxmayaraq Dövlət Xidməti əlavə məlumat vermədi. "İrşad Elektronics" isə bizə bildirdi ki, mütləq krediti ödəməlisiniz, ödəməyəcəyiniz təqdirdə, əlavə cərimə hesablanacaq. "İrşad Elektronics" rəsmi qurumun mövqeyini gözləmədən istehlakçını şantaj etməsindən sonra - mayın 6-da yenidən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdim və cavabın niyə bu qədər gecikdirildiyini öyrənmək istədim. Bu müraciətdən 20 dəqiqə sonra Dövlət Xidməti aprelin 29-da imzalanmış məktubu mənim elektron ünvanıma (mayın 6-da) göndərdi.

Məktubdan aydın oldu ki, Xidmət heç bir araşdırma aparmayıb, sadəcə, "İrşad Elektronics"in mənə verdiyi cavabı yenidən mənə göndərib.

Mən məhz "İrşad Elektronics"in o cavabından narazı qaldığım üçün Dövlət Xidmətinə müraciət etmişdim və sadəlövhcəsinə inanırdım ki, şikayətim ətraflı şəkildə araşdırılacaq. Ancaq düşündüyüm kimi olmadı. Görünən odur ki, bu qurum şikayətimizlə bağlı mağazaya sorğu göndərmiş və onların verdiyi cavabla da kifayətlənib. Yəni şikayətlə bağlı araşdırma, tədqiqat işi aparılmayıb".

Bəs, proses əslində, necə olmalı, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti işə necə yanaşmalı idi?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi  ki, dövlət qurumu lazımı işlər görərək vətəndaşın hüquqlarını qorumalı idi: "Mən bunu dəfələrlə demişəm ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Azad İstehlakçılar Birliyinin əlil balasıdır. Çünki bizim birlik 1997-ci ildə, həmin qurum isə 2009-cu ildə yaranıb. Bu qurum yarananda çox sevindim. Lakin onlar 144 ştatla, 9 mərtəbəli binada oturub heç bir iş görmürlər. Gəncədən bir vətəndaş nazir Şahin Mustafayeva hüquqlarının qorunması barədə rəsmi məktubla müraciət edib və həmin məktub mənə göndərilib. Maraqlıdır, 144 ştatla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nə iş görür, onlar nə üçün maaş alırlar? Onu da qeyd edim ki, bu hal ilk deyil, N sayda şikayətlərin hamısı onlar vasitəsilə məhkəməyə göndərilir. Bir dəfə olsun həmin qurum özü iddia qaldırıb istehlakçıların hüquqlarının qorunması ilə bağlı iş görməyiblər. İşlər yanlış istiqamətdə aparılır. Adı çəkilən qurum İqtisadiyyat Nazirliyinin tərkibindədir. Cənab Prezident keçən il həmin qurumun müstəqil fəaliyyət göstərməsi ilə bağlı fərman verdi. Lakin çox təəssüflər olsun ki, bu məsələ hələ də həllini tapmayıb, yeni qurumun formalaşdırılması ilə bağlı bir iş görülmür. Əslində, dövlət qurumu lazımı işlər görərək vətəndaşın hüquqlarını qorumalı idi".

Sədr istehlakçıya hazırkı vəziyyətdə iqtisadiyyat naziri Şahin Mustafayevin qəbuluna gedib, hüquqlarının qorunmasını tələb etməyi məsləhət gördü.  O qeyd etdi ki, bütün hallarda, məhkəmə ən sonuncu variantdır. 
 
Hüquqşünas Ceyhun Cəfərli bildirdi ki, telefona ilkin baxış alıcının iştirakı ilə həyata keçirilməli idi: "Bu kimi vəziyyətlərdə alınan malda olan qüsurun istehlakçıdan yox, satan qurumdan qaynaqlandığı sübut olunarsa, bu zaman malın qarantiya müddəti çərçivəsində mağaza cavabdehlik daşıyır. Bu məqamda alıcının da hüquqları yaranır. Əşyada qüsurun səviyyəsi və ya ümumiyyətlə, problemin nə olduğunu müəyyənləşdirmək üçün alıcının iştirakı ilə baxış keçirilib akt tərtib edildikdən sonra telefon götürülməlidir. Yəni həmin aktda telefonun hansı halda qəbul edildiyi qeyd olunmalı idi. Mağaza hansı arqumentlə telefondakı problemin alıcıdan qaynaqlandığını deyirsə, onu ilk başda telefonu yoxlanış üçün götürəndə aktda yazmalı idi. Əgər bu cür qeydiyyat olmayıbsa, buna görə satışı edən tərəf məsuliyyət daşıyır". 
C. Cəfərli indiki halda artıq məhkəməyə müraciət etməyi məsləhət görür: "Dövlət qurumunun işinə gəlincə isə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir nəfər üçün yox, şikayətlər kütləvi xarakter alanda ümumi iddia qaldırır. Əslində, bəli, müəyyən araşdırma işləri aparılmalı idi. Amma digər tərəfdən də həmin qurumun məcbur etmək hüququ yoxdur. Görünən odur ki, onlar telefon mağazasına sorğu göndəriblər və aldıqları cavabla qane olub, onu istehlakçıya yönləndiriblər. Yaxşı olar ki, istehlakçı məhkəməyə müraciət etsin. Bu zaman məhkəmənin qərarı ilə telefon texniki ekspertizadan keçiriləcək, nəticə olaraq problemin kimdən və nədən qaynaqlandığı bəlli olacaq".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, bütün dövlət qurumlarının əsas vəzifəsi xalqa xidmətdən ibarət olmalıdır: "Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir".

Prezident çıxışlarında ictimai nəzarətin vacibliyini də dəfələrlə vurğulayıb. Cənab Prezident hesab edir ki, harada ki, insanları narahat edən məsələlər, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir: "Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər".

Ölkədə aparılan köklü islahatlar nəticəsində son vaxtlar dövlət qurumlarının da fəaliyyətində yenilənmə, vətəndaşların şikayətlərinə həssas yanaşma hiss olunur. Ancaq təəssüf ki, hələ də bəzi dövlət qurumları bu islahatlarla ayaqlaşa bilmirlər. Buna görə də, vətəndaşların haqlı şikayətləri araşdırılmır və ya onlara başdansovdu cavablar verilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.