Cəmiyyət

Hollandiyanı işğaldan azad edən azərbaycanlının qızı: "Atam əsirlikdə ikən anamla..."

14 May 2019 11:17
2 Şərh     Baxış: 4 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəribə, bir o qədər də üzücü məqam var. Xalqımızın qəhrəmanlarını yetərincə tanımırıq. Tanısaq da çox vaxt təbliğ etmirik. İkinci Dünya Müharibəsində Azərbaycan adına savaşan yüzlərlə, minlərlə igid oğullarımız, qızlarımız olub. Bu siyahıda "Medo" ləqəbli Məmməd Məmmədovun da adı var. Çoxumuzun ilk dəfə eşitdiyi bu ad İkinci Dünya Müharibəsindəki şücaətinə görə böyük hərflərlə qəhrəman titulunu qazanıb.

"Medo" 16 ildir ki, dünyadan köçüb. Onun yadigarı, Hollandiyada yaşayan qızı Nənəxanım Məmmədova (Nensi Dumen) ilə birgə atasının ömür yolunda addımlayacağıq.

Milli.Az publika.az-a istinadən Nensi Dumenlə olan müsahibəni təqdim edir.

- Əziz Nensi, vətəninizə xoş gəlmisiniz.

- Çox sağ olun. Hər zaman deyirəm ki, Azərbaycan mənim ikinci ana yurdumdur.

- Hətta deyərdim ata yurdunuzdur.

-Əlbəttə, bu daha doğru olardı.

- Azərbaycana ilk səfərinizdir?

- Xeyr. 3-cü dəfədir gəlirəm. İlk dəfə 1973-cü ildə valideynlərimlə gəlmişdim. Onda uşaq idim. İkinci səfərim 9 il öncəyə təsadüf edir. İndi yenidən Azərbaycandayam. Mən özümü bu ölkədə heç vaxt yad bilmirəm. Atamın ana yurdu Zaqatalada da olmuşam. Uzaq məsafə hiss etmirəm. Yəqin ki, doğmalıq budur. Burada keçirdiyim günlər gözəl yuxuya bənzəyir.

- Atanız Niderlandın qəhrəman "Medo"sudur. Maraqlıdır, sizə İkinci Dünya Savaşından danışardı?

- Atam Hollandiyanın faşist qoşunlarından xilas olunmasında böyük şücaət göstərib. 1943-cü ildə faşist qoşunları onu əsir götürüb işçi qüvvəsi kimi işğalları altında olan Hollandiyaya göndərirlər. Atam orada hərbi qurğuların tikintisində çalışmağa başlayır. Uzun cəhdlərdən sonra əsirlikdən qurtulmağa nail olur. Hollandiya Müqavimət Hərəkatına qoşulub ölkənin azadlığı uğrunda "Medo" ləqəbi ilə vuruşmağa başlayır. Müharibə bitəndə vətəninə qayıdır. Lakin Stalin hakimiyyəti onu incitməyə, təzyiq göstərməyə başlayır. Bu səbəbdən yenidən Niderlanda dönür. Həyatını da orada qurur. Məskunlaşdığı Osterveyk şəhərində, bütövlükdə Niderlandda onu əsl qəhrəman kimi sevirlər. Atam Niderland Kral ailəsinin şərəfli qonağı olmuş, "Oranje Nastau" və digər medallarla təltif edilmiş Hollandiyanın ilk fəxri vətəndaşıdır. Bu çox böyük qürurdur. Lakin o, heç vaxt müharibədə başına gələn əzablardan danışmağı sevməzdi. Daha çox vətənindən danışardı mənə.

- Ən parlaq xatirələriniz hansıdır?

- Atamla bağlı bütün xatirələrim işıqlıdır. O, çox gözəl insan idi. Qəlbindəki Azərbaycana heç vaxt xəyanət etmirdi. Uzun müddət Hollandiyada yaşamasına baxmayaraq, dini inancını qorumuşdu. Dünyasını dəyişənədək masasının üzərində Quran kitabı vardı. Azərbaycan deyəndə mənim qəlbim sevinir. Çünki bu sevgini mənə atam aşılayıb. (kövrəlir)

- Adınızın da maraqlı tarixçəsi var...

- Bəli, atam adımı anasının şərəfinə Nənəxanım qoymuşdu. Mən bu adı çox sevirəm, amma hollandların dilinə yatmadığı üçün hər kəs Nensi deməyə başladı. Buna baxmayaraq, əsl adım Nənəxanımdır. Hamı da məni belə tanıyır.

- Valideynlərinizin çox maraqlı eşq tarixçəsi var.

- Bu haqda romanlar yazılmalı, filmlər çəkilməlidir. İnanın ki, hadisələri bəzəmirəm. Atam əsirlikdə ikən anamla tanış olur. Əsirlikdən qaçanda anam ona gizli-gizli yemək aparır, faşistlərdən gizlənməsinə yardım edir. Atam Azərbaycandan geri dönəndə sonra isə evlənirlər. Bir neçə ildən sonra isə mən doğuluram.

- Təbii ki, hər bir qız üçün atası qəhrəmandır. Lakin sizin atanız həqiqi mənada hər iki xalqın cəsur cəngavəridir. Duyğularınızı bizimlə bölüşə bilərsinizmi?

- Biz Osterveykdə yaşamışıq. Uşaqlıqda atama qarşı olan xüsusi ehtiram xoşuma gəlirdi. Böyüdükcə anladım ki, bu nəinki ehtiram, bir insana qarşı rəğbət və sonsuz sevgidir. Məmməd Məmmədovun qızı olduğum üçün çox qürurluyam. Əminəm ki, xəbərdarsınız, şəhərimizdə atamın adını daşıyan çox böyük park var. Hələ gəlib onun doğma vətənində adına olan böyük sevgini görmək ikiqat xoşbəxtlikdir. Azərbaycanlıların atamın xatirəsini əbədiləşdirmək adına gördükləri işlər mənə şərəf verir. Onlar üçün atam sağdır. Bunu görüşdüyüm insanların dilindən eşitmək, əməllərində duymaqdan gözəl heç nə yoxdur. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüş isə mənə möhtəşəm hisslər yaşatdı. Atama, mənə və ailəmə göstərdiyi diqqət xüsusən təqdirəlayiqdir. Minnətdarlığımı bildirirəm!

- Əminəm ki, "Medo"nun 80 illik həyatı mübarizədən ibarətdir. Sadəcə onu yaxından tanımaq, tanıtmaq istərdim. Niderlandda hansı peşə üzrə çalışırdı?

- Bir müddət ayaqqabı fabrikində çalışdı. Artıq təqaüdə çıxandan sonra isə polis itlərinin əhilləşdirilməsi ilə məşğul olan qurum yaratdı. Həmin qurum hələ də fəaliyyət göstərir. Həyatı inanılmaz dərəcədə rəngarəng idi. Hətta gənclərdən ibarət futbol komandalarının könüllü məşqçisi də olmuşdu. Daim hərəkətdə idi. İnsanlara fayda vermək ən böyük arzusu idi.

- Atanızla qan bağınızdan əlavə mənəvi doğmalığınız da olub. Bunu gözlərinizdən, səsinizdən hiss edirəm. Bəs onunla bağlı xatirələrinizi kitaba çevirmək istərdinizmi?

- Azərbaycanın məşhur politoloqu cənab Elxan Ələsgərov atam haqda kitab yazıb. Uzun müddət biz görüşüb atamın xatirələrindən bəhs edirdik, fotoşəkilləri ilə tanış olurdu. Sonda Elxan bəy "Medo" adlı qəhrəmanın həyatı haqda kitab ərsəyə gətirdi. Həmin kitab həm ingilis, həm də azərbaycanca nəşr olundu. Bundan başqa Azərbaycana gəlişim, atamla bağlı xatirələrim haqda bir sıra sənədli film də çəkilib.

- Bir xanımla ünsiyyətdə olub mətbəxdən danışmaya bilmərəm...

- Azərbaycan yeməklərini çox sevirəm və hazırlayıram. Həyat yoldaşım, oğlum, qızım da ləzzətlə yeyirlər. Hətta "Azərbaycan milli mətbəxi" kitabım da var. Vaxtaşırı oradan bəzi reseptləri sınayıram. Deyə bilmərəm ki, eynilə sizdəki kimi alınır, amma əsas odur ki, bişirməyə cəhd edirəm.

- Nensi, bu gün Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır. Medo kimi yüzlərlə qəhrəmanımız bu savaşın qurbanı olub. Bu haqda danışmağınızı istəyirəm.

- Mən siyasətçi deyiləm, siyasətdən tam uzaq insanam. Bildiyim, doğru saydığım cəmi bir şey var. Bu dünyaya gələn hər bir insanın, canlının sülh içərisində yaşamaq haqqı var.

- Çox gözəl mesajdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.