Cəmiyyət

Qarabağ müharibəsində iki dəfə işğal edilən kənd - Yuxarı Qiyaməddinlidən REPORTAJ - VİDEO - FOTO

6 May 2019 23:45
1 Şərh     Baxış: 2 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən yaşayış məntəqələrimizdən biridir. Təmas xəttinə yaxın məsafədə yerləşən bu kəndi 1993-cü və 1994-cü illərdə Ermənistan silahlı birləşmələri iki dəfə işğal etsə də, Azərbaycan Ordusu tərəfindən düşməndən azad olunub. Kəndi tərk etməyə məcbur qalan ermənilər evləri yandıraraq, hər tərəfə mina basdırıblar. Öz doğma yurdlarına qayıdan kənd sakinləri ötən dövrdə həm ermənilərin basdırdığı minalardan, həm də yaşayış məntəqəsinin tez-tez atəşə tutulmasından əziyyət çəkirlər. Lakin kənddə həyat hər zaman öz axarı ilə davam edir. Kənd sakinləri gündəlik qayğıları ilə məşğul olur, əkib-biçir, qurub-yaradırlar. Buna səbəb isə kəndin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunması, əhalinin yurda, torpağa bağlılığı, Azərbaycan Ordusuna və Ali Baş Komandana olan böyük inamıdır.

Milli.Az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Yuxarı Qiyaməddinliyə gedərək, qəhrəman kənd sakinləri ilə həmsöhbət olub.

Yuxarı Qiyaməddinli kəndi 25 ildir erməni təxribatı ilə üz-üzədir

Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Şahlar Əsədov yerli sakinlərin 25 ildən çoxdur erməni təxribatı ilə üz-üzə qaldığını bildirir: "1993-cü ildə ermənilər kəndi işğal etsə də, tezliklə geri çəkilməyə məcbur oldu. Düşmən həmin vaxt 7 mülki vətəndaşı qətlə yetirdi. 100-dən artıq ev yandırıldı, 700 başdan çox xırdabuynuzlu heyvan aparıldı, 100 başadək iribuynuzlu heyvan tələf oldu. Kənd ikinci dəfə 1994-cü il iyunun 12-də işğal edilsə də, yenə ordumuz həmin gün düşməni buradan qovub çıxardı. Xain ermənilərin basdırdıqları minaların partlaması nəticəsində indiyədək 3-ü azyaşlı olmaqla, 5 nəfər həlak olub, 18 nəfər müxtəlif dərəcəli xəsarət alaraq, sağlamlığını itirib. Onlardan da 8-i uşaqdır. Düşmənin atəşi nəticəsində daha 2 dinc sakin həyatını itirib. Üç il əvvəl kənd sakini Zöhrab Hacıyev başından, ötən il isə Rahim Hacıyev təsərrüfat işləri apararkən belindən güllə yarası alıb".

Cəbhə kəndi dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

Digər cəbhəyanı kəndlər kimi Yuxarı Qiyaməddinlidə də əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Şahlar Əsədov bildirib ki, yaşayış məntəqəsində əhalinin su, qaz və elektrik problemləri həll edilib. Elektrik xətləri dəyişdirilərək, müasir SİP kabellərlə əvəzlənib. Əhaliyə yüksək səviyyədə rabitə xidməti göstərilməsi üçün Elektron Avtomat Telefon Stansiyası tikilib, mənzillərə telefon xətləri çəkilib və internetlə təmin olunub. Kənddə tibb məntəqəsi, poçt və 640 şagird yerlik orta məktəb binası da tikilib. Yola asfalt döşənib. Bundan başqa, suvarma suyuna tələbatın ödənilməsi üçün yeni subartezian quyuları qazılıb.

Atəşkəsin tez-tez pozulmasına baxmayaraq, məktəbdə dərslər öz ahəngi ilə gedir

Yuxarı Qiyaməddinli kəndində 2017-ci ildə istifadəyə verilən məktəbdə şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Məktəb fənn kabinələri, laboratoriya, kompüter və sinif otaqları, akt zalı, bufet, kitabxana, xidməti otaqlar, istilik sistemi, lazımi inventar və avadanlıqlarla təmin olunub. Burada 651 şagirdin təlim-tərbiyəsi ilə 55 müəllim məşğul olur. Cəbhə xəttində yerləşən kənd məktəbində şagirdlərin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir. Atəşkəsin tez-tez pozulmasına baxmayaraq, məktəbdə dərslər öz ahəngi ilə gedir. Məktəbin məzunları ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. 

Məktəbin kollektivi ilə söhbət zamanı məlum oldu ki, altı gənc müəllim Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada təşkil etdiyi müsabiqədən keçərək cəbhə kəndində pedaqoji fəaliyyət göstərir. Onlardan biri - Gülnar Abbasova Tovuz rayon sakinidir. Məktəbdə coğrafiya fənnini tədris edən gənc müəllim deyib: "Kənd cəbhə xəttində yerləşsə də, məktəbdə şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait var. Müəllim kollektivi səmimi və mehribandır. Şagirdlərin təhsilə, oxumağa maraqları böyükdür. Uzaqdan gəlməyimə, kəndin cəbhə xəttində yerləşməsinə, atəşkəsin tez-tez pozulmasına baxmayaraq, bu məktəbdə çalışmaq mənim üçün xoşdur".

Siniflərin birində dərs prosesini də izlədik. Şagirdlərin hamısı dərsdə iştirak edirdi. Hüsniyyə Məmmədova da onlardan biridir. O, dərslərdə həvəslə iştirak etdiklərini dedi: "Tez-tez atəş səsləri eşidilsə də, hər gün məktəbə gəlirik. Çalışırıq ki, dərsləri yüksək səviyyədə öyrənək. Ən böyük istəyim ali məktəbə qəbul olmaq və kəndimizdə müəllim işləməkdir".

Cəbhə kəndinin sakinləri yaz qayğıları ilə məşğuldur

Hazırda Yuxarı Qiyaməddinli kəndində yaz-tarla işlərinin qızğın çağıdır. Kənd sakinləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. 900 hektarda buğda, 30 hektarda arpa, 120 hektarda şəkər çuğunduru, 300 hektarda yonca, 300 hektarda pambıq becərilir. Əkin sahələrinin bir hissəsi təmas xəttinə yaxın olduğundan düşmən traktor və digər texnikaları, mal-qaranı atəşə tutur. Lakin ermənilərin təxribatları sakinləri qorxutmur.

Kənd sakini Malik Əliyev atəşkəsin tez-tez pozulmasının onları ruhdan salmadığını bildirib: "Düşmən atəşkəsi tez-tez pozur. Lakin bu bizi qorxutmur. Çünki biz öz Vətənimizdəyik, ordumuza, Prezidentimizə güvənərək kəndimizdə yaşayırıq və Ali Baş Komandanın əmri ilə hər an silaha sarılıb işğalçıları doğma torpaqdan qovmağa hazırıq".

Malik Əliyevin bu fikirlərini görüşüb söhbət etdiyimiz digər sakinlərin də nikbin və inamla dolu baxışlarından oxuduq. Qürur hissi ilə Yuxarı Qiyaməddinli kəndindən və cəsur, əməksevər insanlardan ayrıldıq.

Biz yola çıxdıqda axşam düşmüşdü, kənddə isə həyat öz axarı ilə davam edirdi...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.