Cəmiyyət

Parklama talonları: hər ailə üzvünə bir talon veriləcək

25 Aprel 2019 21:09
1 Şərh     Baxış: 1 114

Bakı sakinləri bundan sonra öz nəqliyyat vasitələrini yaşadıqları ərazinin 100 metr ətrafında yerləşən pullu parklama yerlərində ödənişsiz saxlaya biləcək, Nazirlər Kabinetinin (NK) qərarında bildirilir.

"Bunun üçün paytaxt sakinlərinə parklama talonları "bir nəfərə bir talon" prinsipi ilə veriləcək", Bakı Nəqliyyat Agentliyinin adının çəkilməsini istəməyən əməkdaşı BBC News Azərbaycancaya bildirib.

Fərdi parklama talonu şəxslərin öz nəqliyyat vasitələrini göstərilmiş yerlərdə heç bir vaxt məhdudiyyəti olmadan pulsuz saxlamaqlarına icazə verir.

Talonu əldə etmək üçün ərizə, şəxsiyyət vəsiqəsinin surəti, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti, nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamənin surəti təqdim olunmalıdır, çərşənbə günü NK-nin saytında çap edilmiş qərarda deyilir.

Bakı sakinləri bu sənədləri yerli icra hakimiyyəti qurumuna ya şəxsən, ya da elektron qaydada təqdim edərək parklanma talonunu ödənişsiz ala bilərlər.

Talonun qüvvədə olma müddəti üç ildir.

Üç il bitdikdə, həmçinin parklanma talonu itirildikdə, verildiyi nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə və ya şəxs yaşayış yerini dəyişdikdə o, etibarsız sayılacaq.

Talonun sahibi onun müddətinin bitməsinə 15 gün qalmış sənədi yeniləmək üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir.

Evi ödənişli parklanmanın tətbiq edildiyi ərazilərdə yerləşən Bakı sakinləri avtomobillərini evlərinin qarşısında saxladıqlarına görə ödəmə etməli olduqlarından və ya cərimə edildiklərindən şikayət edirdilər.

İndiyədək qanunvericilikdə parklanma barədə konkret maddə mövcud olsa da, bu qərar "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası"nın təsdiqinə aiddir.

"Adamlar öz avtomobillərini yaşadıqları evin yaxınlığında pullu park edirdilər, bu isə onların hüquqlarının pozuntusu idi", nəqliyyat məsələləri üzrə təhlilçi Azər Allahverənov bildirib.

Qərarı "çox yaxşı" adlandıran təhlilçinin sözlərinə görə, artıq bu şəxslər Yol Hərəkəti Haqqında qanuna əsasən hüquqlarından istifadə edəcəklər.

Yol Hərəkəti Haqqında qanunun Parklanmaya aid maddəsində həmçinin deyilir ki, fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ssss · 25 Aprel 22:1310

    He de problemlerimiz o qeder azdır ki özümüze elave meşguliyyet axtarırıq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.