Cəmiyyət

İçərişəhərdə təmir və bərpa işləri ilə bağlı son durum - FOTOREPORTAJ

25 Aprel 2019 15:04
Baxış: 1 639

Milli.Az Bakucity.az-a istinadən xəbər verir ki, aprelin 24-də "İçərişəhər" Dövlət  Tarix-Memarlıq Qoruğu İdarəsi media turu təşkil edib. Media-tur zamanı Bakı Fotoqrafiya Evində, İçərişəhər Qoşa qala qapısı ətrafında orta əsrlərdə tikilən köhnə hamam və qala divarları ətrafında görülən işlərdən danışılıb.

Keçmişdən gələcəyə

Turun başlanğıc nöqtəsi bu il ilk dəfə fevralın 14-də qonaqlara qapılarını açan Bakı Fotoqrafiya Evi olub.

Hazırda qonaqlar iki fotoqrafın - Sanan Ələsgərovun və Bəhruz Hüseynzadənin ekspozisiyası ilə tanış ola bilərlər. S. Ələsgərovun sözlərinə görə, bu sərginin məqsədi qədim şəhərin görünüşünün illər ərzində necə dəyişdiyini nümayiş etdirməkdir. Rəssam qalanın müasir dövrə aid fotoşəkillər seriyasını təqdim edir.

Digər fotoqraf  B. Hüseynzadə isə XIX-XX əsrin əvvəllərində təsvirləri ilə tamaşaçıya qalanın keçmiş görünüşünü göstərir.

Beləliklə, Bakı qalasının transformasiyasını əks etdirən maraqlı bir zaman kontrastı yaranır.

Yeni muzey açıq havada yerləşir

Jurnalistlər XVII əsrə aid olan yeraltı hamamın konservasiyası ilə tanış olub. Burada işlər keçən ilin may ayında başlayıb. Qoruğun mətbuat xidmətindən verilən məlumata görə, mənfi hava şəraiti iş prosesini ləngitsə də, havaların isinməsi işləri sürətləndirəcək. 

Bunu da oxu: Bakıda hansı ərazilər söküləcək? - Baş planın 2-ci mərhələsi
Yeraltı hamamın konstruktiv cəhətlərinə görə ərazidə mövcud olan hamam komplekslərinə bənzər cəhətləri var. Hamam temperatur rejimini sabit saxlamaq üçün yer səthindən aşağıda inşa olunub. Onun birinci otağı çay və kofe içmək üçün nəzərdə tutulub. 

Qeyd edək ki, bərpa olunan hamamın unikal strukturu qorunur. Heç bir müasir əlavə yoxdur. Yalnız köhnə pilləkənlər və qübbələr yenilənib. Əvəz edilmiş bütün daşlar da qədim dövrə uyğundur. Binanın içərisində saxlanılan tarixi elementləri orijinal formada görməyə imkan verəcək konservasiya işləri aparılır. 

Təmir zamanı hamamdan tapılan ağac parçası bu memarlıq abidəsinin yaşını müəyyən etmək üçün Almaniyaya göndərilib.

Restavrasiya başa çatdıqdan sonar burada açıq hava muzeyi yaradılacaq və ziyarətçilər orta əsrlər aid abidənin gözəlliyini daha yaxından görəcəklər.

Divarların yeni həyatı

Jurnalistlər qala divarlarında aparılan təmir işləri ilə də tanış olub. "İçərişəhər" Dövlət  Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı, tanınmış televiziya və radio aparıcısı Rahib Azəri qeyd edib ki, burada abidənin orijinal və unikal xarakterini qorumaq üçün diqqətli iş görülür:

"Bütün bu işlərin əsas məqsədi tarixi abidələrin qədimiliyini qorumaqdır. İşçilər əllərindən gələni edirlər ki, bura müasir bina divarlarına bənzəməsin. Hətta burada quraşdırılan tikinti konstruksiyaları divarlara toxunmur, məsafə həmişə qorunur. Bildiyiniz kimi, daha əvvəl divarlarla təmasda olan restoranlar var idi, buna görə bu binaların sökülməsi qərara alındı. Hazırda bu abidə üçün təhlükə yoxdur".

Beləliklə, "İçərişəhər" Dövlət  Tarix-Memarlıq Qoruğunda iş tam sürətlə davam edir. Bu da o deməkdir ki, tezliklə paytaxtımızın unikal yerlərindən biri həm sakinlər, həm də qonaqlar üçün daha da maraqlı olacaq. Bizə isə "İçərişəhər"in yeni künclərini görmək imkanını səbirsizliklə gözləmək qalır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.