Cəmiyyət

Peyvənddən kənarda qalan uşaqlar siyahıya alınıb

15 Aprel 2019 22:10
0 Şərh     Baxış: 1 188

Ekspert deyir ki, valideynlər vaksinasiyadan qorxmamalı, əksinə, bu məsələdə təşəbbüskar olmalıdırlar 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən "İmmunlaşdırma həftəsi"nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əmrdə 2019-cu ilin aprel ayının 24-30 tarixlərində respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi"nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi" ərzində peyvəndlərə cəlb edilməsi, ÜST dəstəyi ilə "İmmunlaşdırma həftəsi" ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.

Bəs görəsən bu sahədə vəziyyət necədir? "İmmunlaşdırma həftəsi" ərzində ölkədə hansı işlər aparılacaq?

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən bütün Avropanın 50 bölgəsində "Avropa immunlaşdırma həftəsi" keçirilir: "2007-ci ildən Azərbaycan da bu təşəbbüsə qoşulub. Hər il aprel ayının son həftəsi Azərbaycanda da "İmmunlaşdırma həftəsi" keçirilir. Bu müddət ərzində peyvəndlərdən kənarda qalan uşaqlar və ya hər hansı bir səbəbə görə vaxtında peyvənd olunmayan uşaqlar peyvənd edilir. Qeyd edim ki, bu il "İmmunlaşdırma həftəsi" aprelin 24-dən 30-na qədər davam edəcək. Bununla əlaqədar olaraq Səhiyyə Nazirliyi tərəfindən respublikada "İmmunlaşdırma həftəsi"nin keçirilməsi barədə 22 saylı əmr imzalanıb və əmr respublikanın bütün səhiyyə müəssisələrinə göndərilib. Bu əmrə əsasən, peyvənddən kənarda qalan uşaqlar siyahıya alınıb və həmin uşaqlar müəyyənləşdirilib. Eyni zamanda bütün tibb müəssisələrində maarifləndirmə tədbirləri aparılır. Valideynlər ərazi üzrə tibb müəssisələri tərəfindən məlumatlandıracaq. Həmçinin KİV-də bu həftə haqqında məlumatlar yayılıb. Peyvənd almayan valideynlər müraciət edərək öz uşaqlarını peyvənd etdirə bilər. Çünki bu hər bir uşağın hüququdur. Uşaqları xəstəliklərdən qorumaq lazımdır. Azərbaycanda hazırda 11 infeksiyaya qarşı peyvənd işi aparılır. Ölkəyə gətirilən vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən vaksinlərdir. Bu vaksinlər UNİCEF xətti ilə Azərbaycana gətirilib. Bütün tibb müəssisələrində bütün peyvəndlər kifayət qədər var. Valideynlər özləri müraciət edərək övladlarını peyvənd etdirə bilərlər. Qeyd edim ki, vaksinlər keyfiyyətli və tamamilə təhlükəsizdir. Aprelin 24-də bu tədbirə başlanılacaq. "İmmunlaşdırma həftəsi"ndə respublika gigiyena və epidemiologiya mərkəzinin işçiləri tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə monitorinqlər həyata keçiriləcək. Peyvənd işinin təşkili və aparılmasına nəzarət ediləcək".

Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirdi ki, uşaqlar anadan olduğu gündən başlayaraq ayrı-ayrı vaxtlarda müəyyən vaksinlər edilir: "Bu vaksinlərin onlara böyük faydası var. İmmunizasiya nəticəsində 4 karantin infeksiyasından biri  olan təbii çiçəyin dünyada kökü kəsilib. Bu mənada vaksinasiyanın önəmi çox böyükdür. Ona görə də dövri olaraq bu immunizasiya işlərinin həyata keçirilməsi çox vacibdir. Bu haqda xüsusi proqram var. Maddi imkanı aşağı olan ölkələrə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən kömək edilir. Bəzi ölkələr isə öz daxili resursları hesabına bu immunizasiyanı həyata keçirir. Hesab edirəm ki, infeksion xəstəliklərdən qorunmaq üçün bu tədbirlərin həyata keçirilməsi çox mühümdür. Bu tədbirlər həm də əhalinin genofondunun qorunması baxımından vacibdir. Hər hansı bir epidemiya baş verdiyi zaman onu lokallaşdırmaq daha asan olur. Əks halda, sərf olunan vəsait profilaktik tədbirlərə sərf olunan vəsaitdən qat-qat artıq olur. Çünki profilaktika müalicənin yarısıdır. Ona görə də immunizasiya işlərinə böyük ehtiyac var. Artıq bir neçə ildir ki, yerli tibb müəssisələrində uşaqların immunizasiya cədvəli var və bu cədvəl üzrə müvafiq vaksinlər edilir. Təəssüflər olsun ki, bəzən valideynlər uşaqlarını vaksinasiya etdirməkdən çəkinirlər. Nəzərə almaq lazımdır ki, bu, onların sağlamlığı üçün vacibdir. Müxtəlif sağlamlıq problemi və ya allergiyası olan uşaqlara isə pediatr nəzarət edir. Valideynlər peyvənddən qorxmamalı, əksinə, bu məsələdə təşəbbüskar olmalıdırlar".
 
Həkim-terapevt Məlahət Abbasova da qeyd etdi ki, uşaqların peyvənd olunması onların sağlamlığı baxımından əhəmiyyətlidir: "Amma bu peyvəndlərin keyfiyyətli olmasına nəzarət olunmalıdır. Keyfiyyətsiz məhsullar uşaqların orqanizminə mənfi təsir edir. Valideynləri bu işə cəlb etmək üçün maarifləndirmə işi aparmaq lazımdır. Çünki əksər valideynlər buna inanmır. Peyvəndlərin ziyanlı olduğunu düşünənlər heç də az deyil. Sosial şəbəkələrdə əksər hallarda bu haqda mənfi fikirlər səsləndirilir. Ona görə də bəzi valideynlər uşağını peyvənd etdirməkdən imtina edir".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.