Cəmiyyət

"Nənələr" qədər məşhur olan "Nəvələr" - VİDEO - FOTO

12 Aprel 2019 23:25
0 Şərh     Baxış: 2 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adı dillər əzbəri olan Lənkəranın "Nənələr" folklor qrupu ölkəmizdə çox məşhurdur. Təkcə gözəl ifaları ilə deyil, həm də milli folklorumuzun tərənnümçüsü kimi tanınan "Nənələr"in davamçıları olan "Nəvələr" də onlardan geri qalmır. Altı ildir yaradılan "Nəvələr" indi 45 ildən çox yaşı olan "Nənələr" qrupu qədər sevilir və tanınır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Nəvələr" qrupu 2013-cü ildə Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasının nəzdində yaradılıb. Ən böyüyünün 5, ən kiçiyinin isə 3 yaşı var.

Qrupun yaradıcısı və rəhbəri Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasının musiqi rəhbəri İlahə Nuriyeva deyir ki, seçim zamanı musiqi duyumlu uşaqlara üstünlük verirlər: "Nənələr"indən stimul alan qrupumuzun heyəti hər il təzələnir. Çünki uşaqlar böyüdükcə məktəbə gedirlər. Bu zaman qrupumuzun üzvləri azalır. Biz də qrupa hər il yeni üzvlər cəlb edirik. Daha çox musiqi istedadı olan fəal uşaqları seçirik".

"Nəvələr"in ifa etdiyi mahnılar, səhnə davranışı və geyimləri "Nənələr" folklor qrupu ilə eynilik təşkil edir. Şux rəqslərinə, ifaçılıq qabiliyyətlərinə görə bütün tədbirlərdə böyük alqış qazanan "Nəvələr" "Nənələr" qrupu ilə səhnəni tez-tez bölüşürlər. "Nənələr" qrupunun ən böyük üzvü olan Xanımbacı Quliyeva da balaca fidanların çıxışlarını bəyənir: "Bu körpələr mənim nəticəm yaşındadırlar. Hamısını çox istəyirəm. Bu istedadlı balalar bizimlə birgə yola çıxıblar. İnşallah gələcəkləri də yaxşı olar".

1970-ci ildə Lənkəran Şəhər Mədəniyyət Şöbəsində "Bacılar" adı ilə yaradılan, sonradan 1997-ci ildə ümummilli lider Heydər Əliyevin təklifi ilə "Nənələr" adı ilə fəaliyyətini davam etdirən folklor qrupu kimi, "Nəvələr" də folklor nümunələrini böyük həvəslə öyrənir. "Nənələr" qrupunun digər üzvü Müşərrəf Məmmədova deyir ki, bu fidanlar "nənələr"i kimi repertuarlarını zənginləşdirməlidirlər: "Eşidəndə ki, belə qrup yaradılıb çox sevindik. Necə ki, biz milli adət-ənənəmizi, folklorumuzu qoruyub saxlayırıq, "Nəvələr" də bizim kimi bu sənəti yaşadırlar. Üç-dörd il olar ki, "Nəvələr"lə bir yerdə dövlət tədbirlərində iştirak edirik".

İnanırıq ki, "Nənələr" qrupunun xalq mahnılarımızın və milli rəqslərimizin qorunub saxlanmasında, gələcək nəsillərə ötürülməsində oynadığı rolu bu balacalar bundan sonra da uğurla davam etdirəcəklər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.