Cəmiyyət

Minilliklərin şahidi olan antik Efesdən reportaj… - FOTO

7 Aprel 2019 10:46
0 Şərh     Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məğrur Babilin üstündə döyüş arabaları üçün yol olan divarını, Zevsin heykəlini və Asma Bağları gördüm. Həmçinin Rodoslu Nəhəngi, Misir Piramidalarındakı möhtəşəm əməyi və Halikarnas məbədini... Amma Artemidanın buludlar üzərində qurulmuş evini görəndə digər tüm möhtəşəmlər parlaqlığını itirdi və dedim ki, "Budur!" Olimpdən başqa günəş heç vaxt bu qədər böyük bir şeyə baxmayıb.

Milli.Az musavat.com-a istinadən Araz Bayramovun reportajını təqdim edir.

Sidonlu Antipaterin tərifindən doymadığı Efesli Artemida Məbədinin yerində indi demək olar ki, heç nə qalmayıb. Amma Efesin xarabalıqları hələ də durur və antik dövr sevənlər üçün, dünya mədəniyyət tarixi üçün önəmli yer statusunu saxlayır. Minillərə şahidlik edən bu yerə xarabalıq deməyə adamın dili gəlmir.

Görəsən, hansı xarabalıq tərifinə daha yaxındır? Xüsusi zövqlə tikilmiş antik şəhərlərdən qalma sənət əsərləri toplusu, yoxsa zövqsüz evlərlə bəzədiyimiz müasir şəhərlər?

Möhtəşəm tarix...

Efesin tarixi bizim eradan əvvəl 9-cu minilliyə qədər uzanır. Şəhərin tarixinə aid məşhur iddialardan biri onun qadın döyüşçülər olan amazonlar tərəfindən salındığıdır. Hətta bir ehtimal Efesin adının Apasastan, yəni Arzava (Ana Tanrıça Şəhəri) Krallığının şəhərindən gəldiyidir.

Antik şəhərin girişindəki Adrianus Məbədinin önündə Efesin tarixindən bəhs edilən lövhədə belə yazılıb: "Afina kralı Kodrosun cəsur oğlu Androklos Egeyin qarşı sahilini kəşf etmək istəyir. Əvvəlcə Delfi şəhərindəki Apollon məbədinin kahinlərindən məsləhət istəyir. Kahinlər ona balıq və donuzun işarə elədiyi yerdə bir şəhər quracağını söyləyirlər. Androklos bu sözlərin mənasını düşünüb Egeyin sularına yelkən açır. Kaystros çayının ağzındakı körfəzə gələndə sahilə çıxmağa qərar verirlər. Burada balıq bişirərkən otların arasından çıxan vəhşi bir donuz balığı qapıb qaçır. Beləliklə kəhanət gerçək olur və burada bir şəhər salmağa qərar verirlər".

E.ə 560-cı ildə şəhər Artemida məbədinin ətrafına köçürülüb. Bu dönəmdə Efes elmdə, sənətdə və mədəniyyətdə məşhur Miletlə bir sırada idi. Bu gün izləri qalan Efes isə Makedoniyalı İsgəndərin generallarından olan Lisimahos tərəfindən e.ə 300-cü illərdə qurulub.  129-cu ildə Berqama kralı Attolos bölgəni romalılara miras olaraq buraxır. Bu tarixdən sonra Efesin inkişafı daha da sürətlənir və Asiyadakı ən önəmli ticarət mərkəzi olur.

Xristianlığın yayılmasından sonra şəhər bu din üçün önəmli bir mərkəzə çevrilir. İsa peyğəmbərin həvarilərindən Pavelin şəhərdə  vəz verməsi, sonra Müqəddəs Məryəmin buraya gəlməsi Efesin nüfuzunu daha da artırır. Lakin bizim eranın IV əsrində limanın dolması ilə Efesdə ticarət zəifləyir, bundan sonra şəhərin önəmi azalır və get-gedə kiçilməyə başlayır. 1330-cu ildə türklər tərəfindən tutulur. İndi o Səlcuq bölgəsinə bağlıdır.

Artemida məbədi, məhv olmuş möhtəşəmlik...

Efeslilərin Artemidası yunan mifologiyasında olan Artemida ilə eyni deyil və təxminlərə görə Anadolu tanrıçası Kibeledən gəlməkdədir. Efesdə Kibelenin yunan tanrısı Artemidaya necə çevrildiyi aydın deyil, çünki hər ikisi həm görünüşcə,həm də xaraktercə fərqlidirlər.

Məbədin tikintisi üç mərhələdən ibarətdir. Birincisi b.e.ə VII əsrdə tikilmiş bir qurbangah, ikincisi bunun üzərində tikilmiş bir məbəd, üçüncü isə məşhur yanğından sonra edilən restavrasiyadır. Məbədin tikintisi Lidya kralı Kroisos ilə başlayıb və 120 il davam edib. Dünya tarixində elədiyi əməllə iz buraxmış Herostatın törətdiyi yanğına və dağıntılara rəğmən məbəd bir neçə dəfə bərpa olunaraq efeslilər tərəfindən qorunmuşdu. Lakin 262-ci ildə qotların hücumundan və zəlzələdən sonra məbəd artıq bir də özünə gələ bilmir.  Bir əsr sonra Roma İmperatoru Konstantin şəhəri bərpa etsə də xristian olduğu üçün məbədə heç bir kömək etmir. Sonradan məbəd yavaş-yavaş yoxa çıxır, onun qalıqlarından yeni heykəl və bina tikintilərində istifadə olunur.

İndi Dünyanın Yeddi Möcüzəsindən biri olan bu məbədin yerində yalnızca bir sütun qalıb. Düşünəndə ki, Artemida Məbədi salamat qalsaydı necə qədim və ehtişamlı bir tarixi abidə olacaqdı, insan onun olduğu yerə daha da kədərlə baxır.

Celsius kitabxanası...

Celsius kitabxanası bu antik şəhərdə gördüyüm ən gözəl yer oldu. Hərçənd o elə Efes xarabalıqlarının rəmzlərindən biridir, şəhərə aid fotolarda onu həmişə ilk sırada görürük. Kitabxana 106-cı ildə Efes valisi Celsiusun oğlu tərəfindən atasının xatirisinə tikilib.Güman olunur ki, Celsiusun oğlu Aquila atasının xatirəsinə bir ehtişamlı bir məzar abidəsi tikmək istəsə də şəhərin mərkəzində buna izin verilməyib.

Ona görə də Celsiusu burada dəfn edib üzərinə kitabxana tikiblər. Binanın özəlliyindən biri memarların aldadıcı bir perspektiv yaradaraq onu olduğundan geniş göstərmiş olmasıdır. Bina ön tərəfdən iki mərtəbəli görünsə də içəridən tək tavanlı böyük bir qalareyadan ibarətdir. Kitabxananın tikintisində istifadə olunmuş mərmərlər Efesin ətrafındakı qədim karxanalardan gətirilib. 262-ci ildə baş vermiş zəlzələdə bina dağıdılıb və heç vaxt təmir olunmayıb.  İndi onun xarici divarlarında orjinalları Avstriya muzeyində olan dörd qadın heykəli var.

Celsius kitabxanası İsgəndəriyyə və Berqamadan sonra antik dövrün ən böyük üçüncü kitabxanası hesab olunur.

Böyük Teatr...

Fikirləşəndə ki, teatrın rəmzi olan ağlayan və gülən maskaların yarandığı yerdəsən, insan həqiqətən həyacanlanır. Ümumiyyətlə tarixin önəmli hadisələrinə şahidlik etmiş yerlər çox həyacanvericidir.

Böyük Teatr imperator Kladiusun zamanında tikilməyə başlandı və 117-ci ildə tikintisi tamamlandı. Bu açıq hava altındakı teatrın izləyici tutumu nə az nə çox düz 24 mindir. Antik dönəmlərdə bura həm konsert həm də qladiator döyüşləri üçün ev sahibliyi edib. Bura həm də Efeslilərin görüş yeri olub. Həvari Pavel də öz vəzini məhz burdan edib.

Skolastika hamamı...

Efes qalıqları içərisindəki üç mərtəbəli bir bina. Miladdan sonra I əsrdə tikilmiş bu antik hamam IV əsrdə Efesdə yaşayan varlı romalı qadınlardan biri olan Skolastikanın sifarişi ilə təmir edilib. Teatr kimi hamam da efeslilərin görüşmək, söhbətlər aparmaq üçün istifadə elədiyi yer olub. Bu gördüyümüz bina qalıqları minillər əvvəlki söhbətlərə şahidlik ediblər. Möhtəşəmdir. Onu da öyrəndim ki, efeslilər yoxsullardan hamam üçün pul almayıblar. Girişlərdən birində Skolastikanın başsız heykəli var.

Bu şəhərdə abidələr say-say bitməz. Adrian məbədi, Bələdiyyə Binası, Domitian məbədi, Odeon və s. Gəzdikcə özünü zamanda səyahət edən biri kimi hiss edirsən.

Efesdə gəzəndə həmçinin bir çox vacib məsələləri də düşünürsən. Düşünürsən ki, insan sivilizasiyası minilliklər əvvəl elə bu cür inkişafa davam etsəydi, bəlkə də indi olduğumuzdan fərqli bir dünyada yaşayırdıq. Amma biz yaratdığımız, tikdiyimiz gözəl şeylərə rəğmən fərqli bir yol seçdik. İndi olduğu kimi, o dövrdə də hirsimiz, ehtiraslarımız, dağıdıcı tərəfimiz daha güclü oldu və bizi dağıtmağa, məhv etməyə, öldürməyə həvəsləndirdi. Efes kimi şəhərləri yerlə yeksan elədik, evləri dağıtdıq, mədəniyyət nümunələrini məhv etdik.

Mədəniyyət yaratmaq, mədəni bir şəhər qurmaq əslində çox asandır. Əsas məsələ qeyri zorakılığı təbliğ edən fəaliyyət növü tapmaqdır.  Məsələn elə efeslilərin etdiyi kimi, teatr, kitabxana, hamam inşa etmək. Həmçinin düşüncə azadlığını təmin etmək. Bəlkə ondan sonra bir-birini öldürməyə susamış insan oğlunun bu vəhşi arzusu zəifləyə.  

Mədəniyyət özünə minilliklər keçsə belə heyran buraxmağı bacarır. Önəmli olan odur ki, biz bizim üçün zərərli olan qaranlıqlarla onun üstünü örtməyə çalışmayaq.

Efesin minilliklərə şahidlik etmiş mərmərləri mənə məhz bunu dedi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.