Cəmiyyət

17 ildir azarkeşlik edən Ayan - FOTO

21 Aprel 2019 19:45
1 Şərh     Baxış: 2 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ayan Əzimova: "90 dəqiqə ərzində müxtəlif totemlər edib, bildiyiniz bütün duaları pıçıldayırsınızsa, bu, əsl sevgidir" 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Məşhur futbolçu Erik Kantona deyirdi ki, insan evini, maşınını, işini, hətta həyat yoldaşını da dəyişə bilər, amma azarkeşlik etdiyi futbol komandasını əsla. Şübhəsiz, futbol dünyanın ən çox sevilən, ən çox izləyici kütləsi olan idman növlərindən biri və deyərdim ki, hətta birincisidir. Dünyanın əksər ölkələrində futbolu kifayət qədər sevən, izləyən və azarkeşlik edən minlər, milyonlarla insan var. Bu milyonların içərisində xanım azarkeşlərin də sayı kifayət qədərdir. Bu mənada ölkəmizdə də  futbol azarkeşi olan xanımlar var. Müsahibim Ayan Əzimova kimi. Futbola böyük marağı olan Ayan, artıq xeyli müddətdir ki, xanım azarkeşlər sırasındadır. 
 
- Bir çox xanım üçün futbol, adətən, 22 nəfərin bir topun ardınca qaçması deməkdir. Maraqlıdır, futbol sevginizin tarixçəsi necə başladı?

- Futbolla ilk tanışlığım 2002-ci ildə keçirilən dünya çempionatına təsadüf edir. Həmin il Türkiyə yığma komandasının çempionatda inamlı çıxışı mənim bu turnirə və bütövlükdə futbola olan marağımı daha da artırdı. Hətta deyərdim ki, mənim kimi xeyli sayda adam var ki, məhz həmin mundialdan  sonra bu "xəstəliyə" yoluxub. Həmin ərəfədə həm oyunları izləyir, həm də bütün uşaqlar kimi biz də öz məhəlləmizdə futbol oynayırdıq. Amma "qızlar futbol oynamaz" deyib, çox vaxt mənim qapıçı olmağımı istəyirdilər. Mən də etiraz etmədən qəbul edirdim. Hətta rəngli boyalarla üzümü rəngləyirdim ki, Türkiyə yığmasının qapıçısı Rüştü Rəncbərə  oxşayım. Beləcə, 17 ildir ki, futbola baxıram.
 
- Futbolun özü kimi, bizdə futbol azarkeşliyi də o qədər inkişaf etməyib. Hələ xanımların azarkeşliyi isə çox cüzi hissədir. Xanımın futbola azarkeşlik etməyi necə bir hissdir?

- Həyatımızda bəzən izahı çətin olan hisslər olur, məncə, futbol sevgisi də bu hisslərdən sayılır. Azarkeşlik etdiyin komanda qalib gələndə səbəbsiz xoşbəxt olursansa, məğlub olanda da bir o qədər üzgün və kefsiz olursan. 90 dəqiqə ərzində müxtəlif  totemlər edib, bildiyiniz bütün duaları pıçıldayırsınızsa, bu, əsl sevgidir və bunu izah etmək, dediyim kimi, bir az çətindir. Hətta deyərdim ki, əlavə olunmuş vaxtda komandanızın vurduğu qol sayəsində xərçəng xəstəliyinə belə qalib gəlmək olar. Çünki bu, əsl istək, əsl ehtirasdır.
 
- Kişi azarkeşlərin yığışıb bir yerdə futbolu izləməsi üçün məkan çoxdur, bəs azarkeş xanımların yığışdığı məkan varmı?

- Əslində xanım azarkeşlər olaraq heç də istədiyimiz vaxt yığışıb komandamızın oyunlarına baxa bilmirik. Çünki istər ölkə liqalarının, istərsə də ən böyük futbol turnirlərindən biri olan Çempionlar Liqasının oyunları gecə 11-dən sonra olur. Ona görə də bizim üçün xüsusi məkanlarda bu oyunları izləmək çox vaxt problem olur. Amma bir neçə oyun olub ki, rəfiqələrimizlə yığışıb birlikdə izləmişik. Bu mənada kişilərə paxıllıq etdiyimi deyə bilərəm.

- Xanımların bir yerdə azarkeşlik etməsinin maraqlı tərəfi nədir?

- Maraqlı tərəfləri çoxdur. Məsələn, 90 dəqiqə eyni vəziyyətdə, nəfəs almadan oyunu izləyə bilərsiniz. 2017-ci ildə mövsümün ilk "el-klasiko"sunu, yəni "Barselona"-"Real" qarşılaşmasını rəfiqələrimlə birlikdə izləmişdim. Oyun ərzində əllərimizi heç buraxmamışdıq, çünki belə olan halda, qalib gələcəyimizə inanırdıq. Bu, bir növ bizim totemimiz idi. Qol sevincini isə həm gülərək, həm də ağlayaraq qeyd edirdik. Xanımlarla birgə oyunları izləmək daha maraqlıdır. 
 
- Adətən, deyirlər ki, xanımlar bir yerə düşəndə qeybət olur, bəs azarkeş xanımlar bir arada olarsa...

- Bütün xanımlar kimi, azarkeş xanımlar da bir yerə toplaşanda qeybət edirlər, bu, düzdür. Amma onu da deyim ki, bu, siz deyən qeybətlərdən deyil. Bizim qeybətlər tamam fərqli mövzuda olur. Biz daha çox transfer pəncərəsinin nə vaxt açılacağı, kluba hansı oyunçuların gələcəyi, kimlərin gedəcəyinin qeybətini edirik. Komandamız bir neçə oyun ardıcıl xal itirərsə, məşqçinin səhvlərini müzakirə edir, lazımsız oyunçu rotasiyalarına görə onu öz aramızda qınayırıq. Uğursuz transferlər üzərində günlərlə müzakirələr edirik və ən əsası, mövsümün sonunda neçə kubok qazanacağımızla bağlı ehtimallarımızı söyləyirik. 
 
- Bəzən deyirlər ki, qız nədir, futbol nədir... Bu yanaşmaya futbol azarkeşi olan xanımın fikri maraqlıdır.

- Bütün azarkeş xanımların bu fikirlərlə tez-tez rastlaşdığına əminəm. Təəssüf ki, bu cür yanaşmalar həm bəzi kişilər, həm də azarkeş olmayan xanımlar tərəfindən səslənir. Bəzən bir futbol xəbərinə sosial mediada şərh verəndə belə "siz gedin çayınızı dəmləyin, yeməyinizi bişirin " deyə fikirlərin yazıldığını görürəm. Bizdə "qız nədir oxumaq nədir" "qız nədir işləmək nədir" deyənlər "qız nədir futbol nədir"i də deməkdən çəkinmir. Bu kimi düşüncələrin artıq keçmişdə qalacağına ümid edirəm. Əslində bu, çox geniş mövzudur, günlərlə danışsan, bitməz, amma zamanla hər kəs xanımların da futbola baxmasında heç bir qəbahət olmadığını anlayacaq.

- Bir az da azarkeşlik etdiyiniz komandadan danışın.

- Azarkeşi olduğum "Barselona" klubu haqqında çox söz demək olar. Çünki bu klubun tarixi, zəngin futbol ənənəsi, öz oyun fəlsəfəsi  var. Hansı ki, bu fəlsəfə onu digərlərindən ayırır və sevdirir. 29 noyabr 1899-cu ildə Joan Qamper tərəfindən əsası qoyulan bu klubun 119 yaşı var.  25 dəfə La Liqanın, 30 dəfə Kral Kubokunun və 5 dəfə Çempionlar Liqasının qalibi olan "Barselona", ümumilikdə, 93 kubokla Avropada ən çox kubok qazanan 2 klubdan biridir. Onu da deyim ki, bir mövsüm ərzində mümkün olan bütün kubokları qazanan yeganə klub məhz "Barselona"dır. Dediyim kimi, onun uğurları, tarixi haqda çox danışmaq olar. 
 
- Xanımlar, adətən, fikirlərini tez dəyişə bilirlər. Azarkeşlik etdiyiniz komandanı dəyişdiyiniz olubmu?

- Bu mümkün deyil. "Barselona"ya olan sevgim ailəmdən gəlir. Atam da bu klubun azarkeşidir. Mənə "Barselona"nı ən çox sevdirən futbolçu  topun sehrbazı Ronaldinyo olub. Onun topla elədikləri sadəcə, inanılmaz idi. Məncə, başqa heç bir klubu və oyunçunu bu qədər sevə bilmərəm.

- Azarkeşlik etdiyiniz komandada hansı oyunçuları daha çox sevirsiniz?

- Mən futbolun özünü, azarkeşlik etdiyim komandanın fəlsəfəsini daha çox sevirəm. Yəni oyunçular zamanla dəyişir, karyerasını bitirir, amma oyun tərzi, futbola olan sevgi əbədidir. Əlbəttə, zaman-zaman simpatiya bəslədiyim futbolçular ola bilər. Bunun əsas səbəbi isə həmin oyunçunun  komandanın daha çox uğur qazanmasına səbəb olmasıdır. Məsələn, bu mövsüm uğurlu qurtarışları ilə yadda qalan qapıçı Ter-Şteqeni  bu siyahıya daxil eləmək olar.
 
- Əvvəllər Azərbaycanda xanım azarkeşlərin sayı o qədər də çox deyildi, amma indi bu sahədə vəziyyət dəyişib. Sizcə, səbəbi nədir?

- Bəli, haqlısınız, hazırda xanım azarkeşlərin sayı əvvəlki illərə nisbətən daha çoxdur. Bu, çox yaxşı haldır və bizi sevindirir. Son illər "Qarabağ"ın uğurları ən böyük səbəblərdəndir. Onun Avropanın bir çox adlı-sanlı klubları ilə oyunları xanımlarımızda bu idman növünə marağı daha da artırdı. Ölkəmizdə yerli klublardan "Neftçi" və "Qarabağ"ın  azarkeşləri daha çoxdur. Xarici klublardan isə "Barselona", "Real", "Mançester Yunayted", "Liverpul", "Bavariya", "Yuventus", "Beşiktaş", "Fənərbaxça", "Qalatasaray" kimi  klublara azarkeşlik edən xanımlarımızın sayı kifayət qədərdir.

 - Maraqlıdır, futbola azarkeşlik, sizdə meydana çıxmaq istəyi yaradıbmı?

- Düzü, bu haqda heç vaxt düşünməmişəm, amma futbol elə bir sevgidir ki, oynamaq da, azarkeşlik etmək də çox möhtəşəmdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.