Cəmiyyət

Bakıda yumurtadan yun qırxmaq olarmı? - FOTO

14 Oktyabr 2011 10:00
0 Şərh     Baxış: 4 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yazını belə başlamaq da olardı, amma...

Yumurta barədə ifrat romantik kəlmələrlə məqaləyə başlasaq, onda gərək qədim miflərdəki yumurta əhvalatlarını, qəhrəmanların yumurta yemələri və ilaxır əhvalatlardan bəhs edək.
Amma iş ondadır ki, yumurta, göründüyü qədər sadə nəsnə deyil və bunu bilməyənlər üçün də bir arpa sözlərimiz var.

Əvvəla, yazaq ki, yumurtanın hər 100 qramında 647 kilocoul enerji var və bu da 115 kilokalori edir.

Yəni iki yumurta 100 qram ətə bərabərdir.

Üstəlik, yumurtanın tərkibində karbohidratlar, protein, tritofan, teronin, isonuklenin, lesin, lizin, metonin və sair "in"lər var.

Bundan başqa, yumurtada xolesterol, su, D vitamini, kalsium, əhəng, sink və ən nəhayət, fosforla maqnezium da mövcuddur.

Toyuq, yoxsa yumurta?

Alimlərin dediklərinə və "Wikipedia"nın yazdığına görə, ilk yumurta eramızdan 7500 əvvəl Cənub-Şərqi Asiyada nuş edilib. Həmin yumurtanı yeyən adam da vəhşi toyuğu ev toyuğuna çevirən şəxs olub.

Sonralar əsrlər keçdi və BMT-nin qərarı ilə oktyabrın 14-ü Beynəlxalq Yumurta Günü elan edildi.

Yumurtanın insan orqanizminə xeyri və ya zərəri barədə geniş yazmaq, bundan uzun-uzadı bəhs etmək niyyətində deyilik. Sadəcə, bildirək ki, bəşər övladı minillərdir yumurta yeyir və çox su içiləndə belə, mərəz yaratdığı kimi, az yumurta yemək pis, çox yumurta yemək isə minimum allergiyadır.

Qədim Romadakı Tertulliandan tutmuş, "The Blur" qrupunun frontmeni Ays Kumenədək minlər, on minlərlə insanın cavab axtarmağa çalışdığı "Toyuq, yoxsa yumurta əvvəl olub?" ritorikası da bəlli, yumurta ilə bağlıdır.

Qədim Romadakı filosoflar bu məchulluğun cavabını tapmağın mümkünsüz olduğunu desələr də, Demosfen, Aristotel və Plutarx toyuğun; Sokrat və Seneka, habelə Demokrit isə yumurtanın əvvəl yarandığını deyirdilər.

Sözügedən dillemma primitiv söz oyunu deyil, əsla.

Toyuğun əvvəl yarandığını iddia edənlər təbiətdə canlıların təkamül nəticəsində formasiyalardan keçməsi və sonradan nəsilartırma qabiliyyətlərini təkmilləşdirdiyini iddia edirlər.

Yumurtanın toyuqdan əvvəl yarandığını iddia edənlər isə tam əksinə, ilk əvvəl birhüceyrəli canlılar - məsələn, infuzoriya tərliyi və ya amöb - yarandığını, təkamül əvəzinə dəyişmələr vasitəsilə yumurtanın sonradan ətraf mühitin təsiri ilə canlıya çevrildiyini bildirirlər.

Yumurta tək toyuq və ya quşlarla bağlı deyil.

Yura və Aro dövründə yaşamış, mezozoy dönəmində dünyanı dolaşmış ixtiozavrlardan tutmuş, tiranozavrlar və zauropodlara qədər bütün qədim dinozavrlar məhz yumurtaqoyma vasitəsilə çoxalırdılar.

Dəniz canlıları arasında da yumurtaqoyma vasitəsilə çoxalma geniş yayılıb və buna bariz misal balıq kürüsüdür.

Yumurtaları aramaq istəsək, qayalıqdakı quş yuvalarında, ağacların arasındakı hörümçək torlarında, torpağın altındakı ilan dəliklərində və ən nəhayət, Antarktidadakı İmperator pinqvinlərinin yaşadığı buzlaqlarda tapa bilərik.

Yumurtadan yun qırxmaq olar?

İlk baxışdan, olmaz. Amma tələsməyin və Hindistanın şimalındakı Uttya-Pradeş ştatının varlığını xatırlayın. Buradakı cəngəlliklərdə yaşayan vəhşi toyuqların yumurtalarının səthi 1-1,2 millimetr uzunlduğunda çox nazik tüklə örtülü olur.

Uttyalılar da həmin yumurtaları yığır, qırxır və sonra da bazarlarda satırlar.

Rəvayətlərə görə, qədimlərdə ən varlı racələrin hərəmlərinin sariləri, yəni geyimləri məhz yumurta yunundan hazırlanarmış.

IX əsrdə yaşamış ərəb şairi, xəlifə Harun ər Rəşidin sarayında mədhiyyələrin əsasını qoymuş Əbu Nüvvasın qəzəllərindən birində də "hörümçək torundan duvağ, yumurta yunundan əlbisə"li xanımdan bəhs olunur.

Ən bahalı yumurtalar

Sizcə, dünyanın ən bahalı yumurtasının qiyməti nə qədər olar?

Sualın dəqiq cavabı var.

Hazırda dünyanın ən bahalı yumurtası ABŞ-ın Corctaun universitetində saxlanır. O, eramızdan 567 milyon il əvvəl yaşamış pterodaktilin daşlaşmış yumurtasıdır. Həmin yumurta 18 milyon dollar məbləğində sığortalanıb.

İkinci yerdə Faberjenin Pasxa yumurtaları gəlir. Rusiya çarı II Nikolayın sarayını zinət əşyaları ilə təmin etmiş Peter Karl Faberjenin hazırladığı belə yumurtaların ən ucuzunun dəyəri 234 min avrodur. Kolleksiyadakı ən bahalı yumurta isə ötən il "Sothebys" hərracında 17 milyon avroya satılıb.

Ən şirin və ən acı

Dünyada ən şirin yumurta Şimal Qütbündə yaşayan qaqara quşlarının yumurtasıdır. Qaqaranın bir yumurtasının şirinliyi əmsal baxımından 170 qram şəkər tozuna bərabərdir.

Dünyanın ən acı yumurtasına isə Afrikada təsadüf olunur. Sahara səhrasının cənubunda nəhəng yuvalar quran qırmızı termitlərin yumurtasının acılığı istiotla müqayisə edilərsə, 89 qram istiota bərabərdir.

Ən böyük və ən kiçik

Dünyanın ən böyük yumurtasını görmək istəyən Avstraliyaya, daha doğrusu, Yeni İngiltərə vilayətinə yollanmalıdır. Buradakı emu dəvəquşularının yumurtası adi yumurtadan 18 dəfə böyükdür.

Ən kiçik yumurta isə kolibri quşunun yuvasında olur.

Lax yumurta gözəlliyi

Qədim Çində, daha doğrusu, hələ Çin dövlət təki formalaşmadığı dönəmlərdə ruhi aləminin "karma" çərçivəsini normada saxlamağa çalışan kahinlər insanlara lax yumurta yeməyi məsləhət görürdülər.

Onların dediklərinə görə, qaranquş yuvasından hazırlanmış şorba ilə lax yumurtadan bişmiş kökə insan ömrünü uzadırdı.

Çinin Quançjun, Fenan, Siandun, Çinjçan vilayətlərində lax yumurtalar delikates sayılır.
"Suhua", yəni "küknar çiçəyi" adlanan lax toyuq yumurtasını almaq üçün çinlilər onu əvvəlcə "pəşov"da 100 gün saxlayır, sonra gildə basdırır və 5 aydan sonra yeyirlər.

Belə yumurtanın sarısı göyərir, ağı yaşıllaşır, qabığı isə kəhraba rəngində olur.

Çinlilərin fikrincə, lax yumurta "əlahiddə tam və gözəlliyə" malikdir.

Yumurta yeyək, ya yeməyək? Budur sual...

14 oktyabr - Yumurta günü olaraq, ilk dəfə 1996-cı ildə qeydə alınıb. Bəs görəsən bizim oxucularımız yumurtadan yun qırxa bilirlərmi? Bu sualı Milli.Az xəbər portalının əməkdaşı populyar müğənni Kəmalə Qaramollayevaya, həkim Nəsibə Əliyevaya, kosmetoloq Sevinc Məmmədovaya, allerqoloq Fəxrəddin Cəfərova və Bakı Baytarlıq İdarəsinə ünvanladı.

"Yumurta yemirəm, çünki ötən il məndə yumurtaya qarşı alergiya yaranıb. Sözün düzü, heç özüm də bunun səbəbini başa düşə bilmədim. Bu səbəbdən indi tərkibində yumurta olan qidalardan istifadə edə bilmirəm. Hansı qidada yumurta varsa, o yeməkləri yeməməyə çalışıram. Hələ heç yumurtanı demirəm. Ondan ümumiyyətlə uzaq dururam, " - Kəmalə Qaramollayeva yumurtanın kölgəsini belə, qılıncladığını bildirdi.

Həkim Nəsibə Əliyeva yumurtanı gündə bir dəfədən artıq yeməyi məsləhət görmədiyini dedi:

"Yumurtanın tərkibində zülal olduğundan, gündəlik qida rasionunda 1 dəfədən çox olması düz deyil. Bu, müxtəlif alergiyalara yol aça bilər. Xüsusilə də yumurtanı şokolad və çiyələklə yanaşı istifadə etmək olmaz. Yumurtadan çox istifadə edən insanlar heç olmasa yanında bolluca göyərti yesinlər. Bu, allergiyanın qarşısını alar, "- deyə Nəsibə xanım qeyd etdi.

Kosmetoloq Sevinc Məmmədovanın dediyinə görə, yumurtanın insan orqanizminə, xüsusilə də dərisinə böyük xeyri var.

"Ümumiyyətlə, yumurtanın tərkibində zülal olduğundan, dəriyə xeyri böyükdür. Yumurtanı ən çox saç və üz üçün müxtəlif yağlarla maskalarda istifadə etmək olar. Məsələn, üzdə quru dərilər üçün yumurtanın sarısından istifadə edirlər. Yağlı dərilərdə isə üstünlüyü yumurtanın ağına veririk", - S.Məmmədova dedi.

Allerqoloq Fəxrəddin Cəfərov isə hesab edir ki, bəzi insanlarda yumurta allergiya edər və onların qaraciyərlərinə toxunar.

"Qaraciyəri və öd yolları narahat olanlarla, yumurtanın allergiya etdiyi insanlar, yumurtanı az-az yeməlidirlər," - allerqoloq söylədi.

Eyvanda toyuq qaqqıldayarsa...

Yəqin ki, Bakıdakı evlərin bəzilərində eyvanlardan gələn qaqqıltı səslərini eşidənlər, səhərin alatoranında yaramaz bir xoruzun banlama səsinə ayılanlar və o xoruzu "gənc yaşında, faciəli şəkildə" qətlə yetirmək istəyənlər var.

Bəs yaxşı, qonşunun eyvanında toyuqlar eşələnirsə, üstəlik həmin qonşu quyruğu sallaq xoruzunun "pipikli Şvartsnegger" olduğunu deyib, ona sinə tutacaq dimdikli arayırsa, nə etməli?

Bakı Baytarlıq İdarəsindən (BBİ) Milli.Az xəbər portalına verilən açıqlamada yaşayış binalarında toyuq saxlamağın nə dərəcədə düzgün olduğunu izah etdi:

"Əgər sakinlər 2011-ci ildə tərtib olunan 38 saylı göstərişdə qeyd edilənlərə riyayət etsələr, olar. Buna icazə verilir. Lakin sakinlərin bütün sanitar qaydalara riyayət etmək şərti ilə. Əks halda, onlar cərimə ödəməlidirlər", - BBİ mənsubu dedi.

...Oktyabrın 14-ü Beynəlxalq Yumurta Günüdür. Söz yox, yumurta insana xeyirdir. Amma onu da unutmayaq ki, hər yumurtadan cücə çıxmır və çıxan cücə də sonradan yumurtalamır.

Ümumiyyətlə isə, cücəni payızda saymaq məsləhət olduğundan, biz də payızın bu günündə cücələrin ilkin mərhələsi olan yumurtadan bəhs etdik.

Evdə yumurta varsa, nuş edə bilərsiniz.

Türkan Nadirqızı
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.















 



















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.