Cəmiyyət

Bayram repertuarı

20 Mart 2019 07:22
2 Şərh     Baxış: 1 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Və ya tətil günlərində uşaqları hara aparaq?

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Bayram gəlir, özü də Novruz bayramı. Bayram günlərində məktəblilər də tətilə çıxır. Valideynləri isə bir sual maraqlandırır: "Uşaqları tətil günlərində hara aparaq?". Hələ bayrama bir neçə gün qalmışdan, sosial şəbəkələrdəki valideyn qruplarında valideynlər, xüsusən də analar bir-birlərini sual atəşinə tuturlar. "Bu bayram uşaqları hara aparacaqsınız?", "getdiyiniz məkanda uşağınız əylənə bildimi?", "qiymətlər necə idi?" kimi sualların ardı-arası kəsilmir. O valideynləri və bu sualları nəzərə alaraq, sizi şəhərimizin bəzi mədəniyyət müəssisələrinin bayram proqramı ilə tanış edirik. 
 
"Sehrli Novruz"

Heydər Əliyev Sarayının bayram günləri üçün hazırladığı proqrama nəzər yetirdik. Sarayın mətbuat xidmətindən verilən məlumata görə, tətil günlərində uşaqları maraqlı, musiqili, interaktiv və əyləncəli proqramlar ilə sevindirəcəklər. Belə ki, martın 22-də Novruz bayramı münasibətilə Sarayın səhnəsində "Sehrli Novruz" adlı şənlik keçiriləcək. Hər il olduğu kimi, Novruzun sevilən personajları Kosa və Keçəl şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirəcəklər. Bundan əlavə, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, musiqili qonaqların çıxışını izləyə biləcəklər. 13:00-da başlayacaq konsertin biletlərinin qiyməti 6-25 manat arasında dəyişir. 

Heydər Əliyev Sarayında nəinki azyaşlı uşaqlar, eyni zamanda orta və yaşlı nəslin nümayəndələri üçün də bayram proqramı hazırlanıb. Belə ki, martın 24-də "Muğam dünyamız" adlı Novruz konserti keçiriləcək. Muğam gecəsində Beynəlxalq və Respublika Muğam müsabiqələrinin qalibləri və laureatları Ayşən Mehdiyeva, Sərxan Bünyadzadə, Könül Məmmədli, Ariz Hüseynov, Nisbət Sədrayeva, Babək Quliyev, Sədəf Budaqova, Elgiz Əliyev, Almaxanım Əhmədli, Məhəbbət Səfərov, Qızılgül Babayeva, Mustafa Mustafayev, Gülzar Fərəcova, Ağaşükür Nəsirov və başqaları iştirak edəcəklər. Muğamsevərlərə muğam və təsniflərimiz təqdim olunacaq.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassalarından, www.iticket.az saytından onlayn, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə etmək mümkündür. 
 
"Sehrli sandıq"
 
Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün "Sehrli sandıq" şənliyini təqdim edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Könül Məmmədovanın "Sehrli sandıq" əsəri əsasında təqdim olunacaq eyniadlı şənliyin rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgəroğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır. Şənlikdə aktyor Rüstəm Rüstəmov (Dədə Qorqud), əməkdar artist Mehriban Xanlarova (Buta), aktrisa Ayşən Əsədova (Sürməli qız), əməkdar artist Sevinc Əliyeva (Tirməli qız), aktyorlar Rada Nəsibova (Hörməli qız), Şahin Tağızadə (Ağıllı oğlan), Ləman Fərmanlı (İgid oğlan), Əminə Cəfərova (Dürüst oğlan), Vüsal Məmmədov (Kosa), Elçin Hacıyev (Keçəl) iştirak edir. Şənlik 20, 21, 22, 23 mart tarixlərini əhatə edəcək və saat 11:00, 13:00, 15:00-da təqdim olunacaq.
 
Sirkin "Talisman"ı
 
Valideynlər hər bayramda Bakı Dövlət Sirkinin afişasını səbirsizliklə gözləyir. Uşaqlığımızdan bu yana sirkin qarşısında izdiham yaşandığının şahidi olmuşuq. Təkcə tətil günlərində deyil, ilin bütün fəsillərində Bakı Dövlət Sirkinin öz tamaşaçıları olub. Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov yepyeni, elə bahar əhvallı "Talisman" adlı proqramla tamaşaçılara bayram ovqatı bəxş etdiklərini dedi: "Maraqlı, rəngarəng nömrələrlə zəngin 2 saatlıq sirk proqramı ilə yaz günlərində tamaşaçılarımızın görüşünə gələcəyik. Biz bayram proqramına artıq martın 15-dən başlamışıq. Martın 30-a kimi davam edəcəyik. "Talisman" adlı proqramda iştirak edən qrupu Moskvadan dəvət etmişik. Bu proqramda sirkin müxtəlif janrlarından nömrələr var. Belə ki, çox maraqlı unikal hava nömrələri, əhliləşdirilmiş heyvanlarla şou, dünyada yeganə attraksionlardan olan ağ pələng attraksionu və sair buraya daxildir. Əhliləşdirilmiş meymunlar, itlərlə maraqlı şoumuz, jonqlyor, kulonlarımız tamaşaçılarını gözləyir". 

M.Hümbətov təkcə uşaqların yox, böyüklərin də sirkə hər zaman böyük marağı olduğunu qeyd edir. O, 4 gündür ki, yeni proqramı tamaşaçılara təqdim etdiklərini və ilkin təəssüratların yaxşı olduğunu vurğuladı: "Bayram günlərində gün ərzində 12:00, 15:00, 19:00-da olmaq şərti ilə biletlərin qiyməti dəyişməyib. Sırasına görə 10 manatdan 20 manata kimidir. Artıq sirkin kassalarında bilet satışı başlayıb. Bilet satışı əvvəlcədən həyata keçirilir, buna görə öncədən müraciət etmək lazımdır. Sirk mədəniyyətin elə bir sahəsidir ki, xüsusi bir spesifikası var. Sirkdə insanların televiziyadan, şəkillərdən gördüyü heyvanlar canlı şəkildə səhnədə artist kimi çıxış edirlər. Peşəkar artistlərin tryuklarını normal insanlar edə bilmir, bu da insanlarda maraq yaradır. Burada maraq, əyləncə, gülüş var. Həm də uşaqlarla gələn valideynlər də bu iki saat ərzində yaxşı istirahət edirlər. Sirkə hər zaman maraq olub və olacaq".
 
Repertuar tamaşaları
 
Yenicə Akademik statusu alan Akademik Musiqili Teatrı da Novruz bayramına xüsusi hazırlaşıb. Teatr Novruz bayramı günlərində 5 tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Qurumun mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, teatr mart ayının 22-də "Amerikalı kürəkən" (R.Mirişli, M.Haqverdiyev), 23-də Ü.Hacıbəylinin "O olmasın, bu olsun", 24-də isə "Arşın mal alan" əsərlərini nümayiş etdirəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq. Balaca teatr həvəskarları martın 23-də saat 12:00-da ana dilimizdə "Meşə çaqqalsız olmaz" (Ə.Səmədli), 24-də saat 12:00-da rus dilində "Bir dayan, canavar" (R.Ağayeva, A.Xayt, A.Kurlyanski) musiqili nağıl-tamaşalarına baxa biləcəklər.  

Qeyd edək ki, teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.
 
Ən maraqlı tamaşalar təqdim olunacaq
 
Abdulla Şaiq adına Dövlət Kukla Teatrı tətil günlərində uşaqların ən çox axın edəcəyi məkanlardan biri olacaq. Belə ki, Kukla Teatrı hər il bayram ərəfəsində tamaşaçı qıtlığı yaşamayan və maraqlı tamaşaları ilə öz ampluasını qoruyub saxlayan mədəniyyət ocaqlarımızdandır. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova Novruz bayramı günlərində teatrın repertuarında olan ən maraqlı tamaşalarla çıxış edəcəklərini və uşaqları yerli və xarici nağıl qəhrəmanlarının timsalında təbrik edəcəklərini dedi. Bildirdi ki, Novruz tətili günlərində martın 19-dan 26-na qədər 3 seans olmaqla teatrın qapıları azyaşlı tamaşaçıların üzünə açıqdır: "Biletlərin qiyməti 3 manatdır. Bizim biletlərimiz digər satış nöqtələrində yoxdur. Yalnız teatrın kassasına müraciət edə bilərlər. Biletlər martın əvvəlindən satışdadır. Tamaşaçılara məsləhət görərdik ki, kassaya müraciət etməmişdən əvvəl telefonla əlaqə saxlasınlar. Çünki bəzən olur ki, biletlərin hamısı satılıb qurtarır".
Bahar təravəti...

Bakı Uşaq Teatrı 16-19 mart tarixlərində saat 10:00, 12:00, 14:00, 16:00 və 17:30-da Nizami Kino Mərkəzində uşaqlara Novruz bayramı yaşadacaq. Bayram günlərində uşaqlar üçün "Bahar müsabiqəsi" adlı tamaşa nümayiş olunacaq. Tamaşada Şahzadə elan edir ki, Novruz şənliyi keçiriləcək. Amma məlum olur ki, Kosa, Keçəl var, Bahar qızı isə yoxdur. Müsabiqə elan olunur. Müxtəlif nağıl qəhrəmanları müsabiqədə iştirak edir. Sonda Bahar qızı Göyçək Fatma seçilir.

"Tıq-tıq xanım"

Sumqayıtda yaşayan valideynlər isə bayram günlərində elə öz şəhərlərində uşaqlara bayram sevinci bəxş edə biləcəklər. Belə ki, Sumqayıt Dövlət Dram Teatrı Novruz bayramı günlərində  kiçikyaşlı tamaşaçıları sevindirmək üçün xüsusi proqram hazırlayıb. Teatr Abdulla Şaiqin "Tıq-tıq xanım" nağıl-tamaşası ilə tamaşaçılarının görüşünə gələcək. Novruz elementləri ilə fərqli çalarda hazırlanan, bayram tətili günlərində tamaşaçıların xoş istirahətini təmin etmək məqsədilə  repertuara əlavə olunan nağıl-tamaşada gənc və istedadlı aktyorlar yer alır. Səhnə əsərində obrazları Şəhla Məmmədova, Ceyhun Məhərrəmov, Etibar Əmirov, Şəmistan Süleymanlı,  Mətləb Səfərli və Rövşən Əsgərov canlandırır.  

Məlumat üçün bildirək ki, bayram tamaşaları 20 və 25 martda 3 seans, 21, 22, 23 mart tarixlərində isə 4 seans seans olmaqla, saat 11:00, 13:00, 15:00, 17:00-da oynanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.