Cəmiyyət

Binəqədidə Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirilib - FOTO

16 Mart 2019 16:27
Baxış: 1 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Binəqədi Rayon İcra Hakimiyyəti və "Alyans" Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyub.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün də inkişaf edir, ölkədə siyasi sabitlik hökm sürür: "Azərbaycanın inkişafında, ölkədə sabitliyin qorunub saxlanmasında təhlükəsizlik orqanlarının da böyük rolu var. Bu gün hamımıza məlumdur ki, Azərbaycan təhlükəsizlik orqanlarının inkişafında Heydər Əliyevin rolu böyük olub. Təhlükəsizlik orqanlarının milliləşdirilməsi, peşəkar milli kadrların yetişdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev ölkənin təhlükəsizlik orqanları əməkdaşlarına xüsusi diqqət yetirir, bu sistemin təkmilləşdirilməsi üçün lazımi addımlar atır".

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Polad Abdullayev isə Azərbaycanın təhlükəsizlik orqanının yaranma tarixi və fəaliyyəti barədə məruzə ilə çıxış edib.

İdarə rəisi bildirib ki, bu gün təhlükəsizlik orqanları xalqına sədaqətlə xidmət etməkdədir: "Azərbaycanın təhlükəsizlik orqanlarının ən çətin dövrü 1930-cu illərdə olub. 50-ci illərin ortalarından sonra repressiya qurbanı olan şəxslərin bəraət alması təhlükəsizlik orqanlarının əsas nailiyyətlərindən olub. Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanlarında rəhbər vəzifəyə gələndən sonra sistemin milliləşməsinə nail olunub, günahsız insanların şərlənərək repressiyaya uğramasınason qoyulub. 20-30-cu illərdə Azərbaycan təhlükəsizlik orqanlarında milliləşmə 20 faiz olduğu halda, 70-ci ildə bu rəqəm 80 faizi keçib. Heydər Əliyev xüsusi xidmət orqanlarında milli kadrların yetişdirilməsinə xüsusi diqqət yetirib. Bu gün Prezident İlham Əliyev də xüsusi xidmət orqanlarının əməkdaşlarına diqqət və qayğı göstərir. Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşları bu etimadı doğrultmaq üçün əlindən gələni edir".

"Alyans" Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini Azər Qarayev bildirib ki, ulu öndər Heydər Əliyev təhlükəsizlik orqanlarına rəhbər vəzifəyə təyin olunandan sonra bu sahədə xüsusi irəliləyişə nail olunub: "Azərbaycanda 20-30-cu illərdə, xüsusən də 1937-1939-cu illərdə repressiya onlarla ailəyə zərbə vurub. 16 Azərbaycan generalı günahsız olduğu halda şərlənərək güllələnib. O dövrdə bu insanlarla bağlı cinayət işlərinə rəhbərlik edən şəxslərin hamısı erməni olublar. Yəni ermənilər o vaxtdan azərbaycanlılara qarşı düşmən mövqedə olub. Heydər Əliyev rəhbər vəzifəyə təyin olunandan sonra Azərbaycan təhlükəsizlik orqanlarının milliləşməsi ilə bağlı səylər göstərməyə başlayıb. Həmin vaxt təhlükəsizlik orqanlarının milliləşməsi əsas məsələlərdən idi. 53-cü ildən sonra orqanda azərbaycanlı kadrların sayı artırıldı.

A.Qarayev qeyd edib ki, Heydər Əliyevin bu siyasəti bəzilərini qıcıqlandırıb və onun bu planına qarşı çıxıblar: "Ulu öndər o vaxt əfsanəvi azərbaycanlı qəhrəman Mehdi Hüseynzadənin Sovet İttifaqı Qəhrəmanı adının verilməsinə nail olub. Heydər Əliyev 1954-cü ildə Mehdi Hüseynzadənin arxiv sənədlərini araşdırmağa başlayır və rəhbərliyə məruzə edir. Məlum olur ki, Mehdi Hüseynzadənin adı ermənilərin izahatı əsasında qara siyahıya salınıb. Heydər Əliyev araşdırma zamanı ortaya çıxan faktlar üzrə müəyyən edir ki, Mehdi Hüseynzadə almanlar tərəfindən əsir götürülsə də, onlara xidmət etməyib, müxtəlif əməliyyatlar keçirərək onlarla alman hərbçisini məhv edib. 1957-ci ilə qədər Heydər Əliyev Mehdi Hüseynzadə ilə bağlı araşdırma aparır və ona Sovet İttifaqı Qəhrəmanı adının verilməsinə nail olur".

Tədbirin sonunda "Alyans" Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyi tədbirin təşkilatçılarını fəxri fərman və diplomlarla təltif edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.