Cəmiyyət

Filosof feminizmdən danışdı: “Onlar qadın terror təşkilatı yaradırlar” - Müsahibə

12 Mart 2019 20:59
0 Şərh     Baxış: 322

Milli.Az Kulis.az-a istinadən filosof Müşfiq Şükürovla feminizm mövzusunda müsahibəni təqdim edir.

- Müşfiq bəy, əvvəlcə ondan başlayaq ki, bu gün Azərbaycanda feminizmin yerini necə görürsünüz? Sizcə, bizim qadınlar feminizmin qayəsini öz çiyinlərində daşıya bilirlərmi? Diqqətinizi çəkən feminist qadınlar olubmu?

- Ondan başlayım ki, mən özüm də feminist olmuşam, son zamanlara qədər. Qadın hüquqları hər zaman mənim mövzularım içərisində həssas nöqtələrdən biri olub. Və mədəniyyətimizdə qadın-kişi bərabərsizliyini göstərən məqamları az təftiş etməmişəm. Bizdə də feminizm əsasən ictimai mövqeyi olan bəzi qadın-jurnalist və yazarların mübarizəsində özünü göstərir. Məsələn, Aysel Əlizadəni, Sevinc Fədaini qeyd edə bilərəm, tanıdıqlarımdan. Qadın hüquqları məsələlərini aktual tutmağa və ölkədə bu baxımdan baş verən hadisələrə operativ reaksiya verməyə çalışırlar. Məncə də doğru edirlər. Qadınlara qarşı cinayətlərin bir çoxu kültürəl səbəblərə malikdir. Onlarla mübarizə aparmaq lazımdır.

- Bəs sizi feminizmdən uzaqlaşdıran nə oldu? Daha doğrusu, feminizmin gərəksiz olması düşüncəsinə nə zaman gəldiniz?

- Bilirsiniz, bəlli zamandan sonra bunun trendləşdiyini və sağduyu hissini itirdiyini müşahidə etməyə başladım. Qərb gender tədqiqatlarını və layihələrini yaxşı maliyyələşdirir. Və zənnimcə, bir topa gənc qız yetişdi ki, bu trendin təsiri ilə kişilərlə yarış, formal bərabərçilik əhvalına girdilər. Bir dəfə kiçik bir status yazdım. Elmlər Akademiyasının və universitetlərin texniki kafedralarının "qadınlaşması", elmin kişi işi olmaqdan çıxması barədə. Bunu fəlakətli saydığımı bildirdim. Və başladı etirazçı qızların hücumu. Onda gördüm ki, son illərin təbliğatı həm də nələr yaradıbmış. Söyüş qalmadı deməsinlər ünvanıma. Adlarını çəkməyəcəm. Sosial şəbəkə bloggerləridir. Onda anladım ki, tərəzinin bu qolu çox dartılıb. Tarazlığın daha çox pozulmasına xidmət etmək olmaz. Bilirsiniz, fəlsəfə praktiki sahədir həm də. Su istəyənə yemək vermir filosof. Su verməyə çalışır. Sonra dəfələrlə bu mövzuya qayıtdım. Eyni nəticə ilə rastlaşdım.

- Bir fikriniz də var idi. Deyirdiniz ki, feminizm qadını kişiləşdirməyə can atır. Bunu necə izah edərdiniz?

- Bəli, məsələ bundadır ki, kişi və qadın bir deyil. Əvvəllər banal olan bu həqiqəti indi sanki səsləndirmək olmaz. O dəqiqə yaba ilə çıxacaqlar qarşına. Fiziki güclə yanaşı oğlan və qızların diqqəti, konsentrasiyası və maraq duyduqları sahələr arasında ciddi, nəzərə alınmaması mümkün olmayan fərqlər vardır.

- Daha dəqiq desək... Siz təbiətin kişini daha üstün yaratdığını və buna görə qadının ikinci yerdə qərarlaşmasını nəzərdə tutursunuz? Feminizm isə bunu rədd edir, bərabərlik tələb edir...

- İnsanlıq birinci ikinci sort olmur. Ağlın təbiəti də birdir. Amma qadın və kişilərin gücləri bir deyil. Kişi ümumən (altını cızıram) liderdir, qadın ona tabe olan. Kişi qadını və ailəsini qorumalı olub, yad təcavüzkarlardan, vəhşi heyvanlardan, lap elə hamam böcəklərindən belə. Təbiət verib insan cinslərinə bu cür davranış və qabiliyyətlər fərqini.

- Çoxları düşünür ki, qadının intellekt potensialı aşağıdır. Hətta belə bir deyim də var: qadının ağlı saçı qədərdi. Siz də bir dəfə feministləri nəzərdə tutub demişdiniz ki, tələb eləsinlər idmanın intellektual növlərində qadın-kişi ayrımına son qoyulsun. Necə düşünürsünüz? Qadının dünya intellektində yeri yoxdurmu? Yəni belə deyək, qadın zəkasıyla kişi zəkasını ayırmaq nə dərəcədə düzgündür?

- Dedim, ağlın təbiəti qadında və kişidə eynidir. Yoxsa, kişi yazarın yazdığı romanı qadın oxucu anlamaz, qadın yazdığını da kişi. Qadın və kişi zəkası deyilən şey yoxdur. İnsan zəkası var. Lakin dediyim kimi, qadının həyata yanaşması ilə kişinin yanaşması, daxili energetikası, diqqəti arasında ciddi fərqlər var. Qadınların elmdə, sənətdə, fəlsəfədə, idmanda, karyeradakı uğurlarına bu təsir edir. Feministlər hər şeyi kültürəl və yaşam şərtləri ilə izah etməyə çalışırlar. Halbuki, son yüz ilin təcrübəsi var. Ən azı inkişaf etmiş cəmiyyətlərdə. Onlara baxmaq olar. Anlayıram, qadına qarşı əsrlərlə ədalətsizlik olub. Sosial, siyasi haqları tapdanıb. Bilirsiniz, bəşər tarixi amansız yollarla gəlib. Amma qadın və kişinin elmdə, fəlsəfədə, sənətdəki uğurlarının arasındakı fərqləri yalnızca kültürəl əsaslarla izah etmək ağılsızlıqdır. Qadının güclü olduğu ekzistensial sahələr var, kişilərin güclü olduğu sahələr var.

- Yəni burda artıq bərabərlikdən söhbət gedə bilməz deyə düşünürsünüz?

- Hüquq bərabərliyi kor-koranə bərabərçilik demək deyildir. Sadə bir fakt deyim. Müasir Qərb ölkələrində kişi-qadın bərabərliyindən dəm vururlar, bəs qadın və kişi şahmatı  arasındakı fərqi niyə aradan qaldırmırlar? Qrossmeyster normaları belə fərqlidir, qadınlar və kişilər arasında. Fiziki idman növu deyil ki bu da. Çünki qadın və kişi konsentrasiyası arasında fərq var. İngilis qrossmeyster Naycel Şort fikir bildirmişdi bu barədə, topa tutdular. Amma turnirləri birləşdirmək uğrunda mübarizə aparmaq istəmirlər feministlər. Kişi turnirləri open adlanır (yəni açıq), amma nadir qadınlar orda güclərini sınamaq üçün iştirak edirlər. Qadın turnirləri ilə women adlanır və kişilər orda yarışa bilməzlər.

Məsələ ondadır ki, şahmatla professional məşğul olan qadınlar var. Onlar mətbəx nədir bilmirlər. Menecerləri var bəzilərinin. Pul qazanırlar yarışlardan. Amma kişi şahmatı ilə qadın şahmatının reytinq fərqi göz deşir. Mən kiçik bir araşdırma etdim. Son illərdə ən inkişaf etmiş Qərb ölkələrindən - Şərqi qəsdən götürmədim - dünya riyaziyyat olimpiadasına böyük əksəriyyətlə oğlan uşaqları göndərilir, qızlar deyil.  Bu o demək deyil ki, fenomenal qızlar ola bilməz. Məsələn, şahmatçı Yudit Polqar kimi və ya Mariya Küri kimi. Təbii ki, olacaq belə qızlar. Amma məsələn, maaş səbəbindən texniki kafedralarda "qadınlaşmanın" getməsi mənə görə bizdə mühəndis elminin ölməsinə gətirib çıxaracaq.

- Sizcə bu fərqləri yaradan nədir?

- Qadın və kişi fiziologiyası və psixologiyası arasındakı fərqlər təkamül nəticəsində yaranmışdır. Kişi ovçu olmalı idi. Cəld düşünməli idi, həyata hirsi və özünü göstərmə motivasiyası fərqli olmalı idi. Bu gün bu fərq əsasən qadın və kişilərin avtomobil sürməsində bariz görünür. Yenə deyirəm, individual məsələlərdə fərqlər ola bilər. Mən ümumi danışıram indi. Konkretliyə qalsa, yoldaşım avtomobili məndən daha usta idarə edir, məsələn.

- Qadının öz dünyası var, kişinin də öz dünyası...

- Qadın əsas etibarı ilə uşaq böyütmək üçün dizayn edilib. Bilirəm, indi bəzi qadınlar bu xatırlatmadan rahatsız olacaqlar. Amma bu bədənlər milyon ildir formalaşıb. Son yüz ilin şəhər həyatı üçün yaradılmayıb. Bəli, qadının şəfqəti, səbri, həssaslığı, empati qurmaq qabiliyyəti fenomenaldır. Uşağa, həyata tutunmağa nə lazımdırsa var qadında.

- Əslində, feministləri özündən çıxardan fikirlər də bu olur. Qadını ayrıca götürüb müzakirə etmək və üstünlüyü kişiyə vermək... Sizcə, bu cür bölgülər seksist səslənmir ki? Yalnız bioloji xüsusiyyətləri əsas götürərək cəmiyyəti cinsi əlamətlərə görə parçalamaq deyilmi bu? Əsasən etirazlar bu yöndə olduğu üçün soruşdum.

- Bilirsiniz, bu dünyanı mən yaratmamışam. Yaradılış özünü ifadə etmək üçün seksist yol seçib. Bunun ən dərin ifadəsi Çin fəlsəfəsindədir. "Yin-Yan" fəlsəfəsində... Varlıq bu iki enerjinin - sərtliyin və yumşaqlığın, gücün və zəifliyin, ağın və qaranın, gecənin və gündüzün harmoniyası ilə aşkarlanıb. Və qadında kişi elementləri var, kişidə qadın elementləri. Bu baxımdan mən razıyam ki, qadın daha çox qadındır, kişi daha çox kişi.

- Bəs siz feministlərin nələrini qəbul etmirsiniz? Sizdə əsas qıcıq doğuran nə olur? Məsələn, bu yaxınlarda braziliyalı senator Ana Paula da Silvanın dekolte geyimi haqda yazmışdınız: "Deyir, qəşəng sinəm var, özüm də feministəm. Sinəm əvvəl də qəşəng idi, indi də gizlətmək fikrində deyiləm. Feminizmə qarşı çıxış etməyə baslamağımın əsas səbəbi budur. Artıq həddi aşırlar. İddia edirəm ki, həddi onlara izah etmək də çox çətin olacaq. Qadın məntiqi deyilən bir şey var, bilirsiniz. İnsan anlamır ki, parlament iş yeridir, klub deyil. Ya əgər kişilər də sabah atlet maykada, şortikdə gəlsələr parlamentə ki, mənim də yaxşı əzələlərim, sinəmdə və ayaqlarımda tüklərim var..."

- Onu zarafatla qeyd etmişdim. Yəni artıq bərabərlik belə istəmirlər. Kişilər kimi parlamentin dress koduna uymaqla. Daha artıq imtiyazlar istəyirlər. Yəni artıq bəzi feministlərin nə üçün mübarizə apardığını belə anlamaq olmur.

- Müşfiq bəy, bir dəfə demişdiniz ki, qadınlara qarşı patriarxal mədəniyyət amansız davranıb. Seçki hüququ, söz hüququ, bərabər mülkiyyət hüququ tanımayıb. Məbədlərə belə qoymayıblar, ya da arxa qapıdan girmələrinə izin veriblər. Bu, açıq zülm idi. Amma daha böyük zülmü qadınlara, məncə, feminizm edib. Onları tam debilləşdirməklə məşğuldur. Həqiqətən feminizmi bu qədər dəhşətli hesab edirsiniz? Yəni qadınlara edilən ən böyük zülm kimi ifadə etmisiniz.

- İstənilən trend debillər ordusu yaradır. Sonra arada ilkin ideya itib-batır. Get araşdır sonra ki, bu "əsl feminizm deyil" və s.

Bir şey ictimai tutqu halına gəldimi, belə olur. İstəyir, xristianlıq olsun, islam olsun, kommunizm olsun... Absurdluğa doğru gedirlər. Qadın terror təşkilatlarının yaranması da mümkündür. Zəmin bütün ideologiyalarda eynidir. Bədbəxt, özünü ifadə etməmiş, şanssız hesab edən fərdləri topla, onlara izah et ki, sənin bütün bədbəxtliklərinin səbəbkarı patriarxal cəmiyyətdir, kişilərdir. Yeni amazoniya başlatmaq olar.

- Bəzən qadınlar haqda fikirlərini bildirəndə feministlərin hücumu ilə qarşılaşırsan. Sizə bu cür yazanlar olubmu? Sizi seksist adlandıran, yaxud Şərq düşüncəli olduğunuzu deyən? Çünki feminizmi Qərb beyninin məhsuludur, buna qarşı olanların yenilikçi və dünya səviyyəli olmadığı iddia olunur.

- Təbii ki, seksist də adlandırdılar. Amma seks - yəni cinslər var. Həyat özü seksistdir. Elə isə kişilər niyə doğa bilmir? Məntiqlə burda da bir məhrumiyyət var. Nəyə çağırdıqlarını anlamaq olmur çox zaman. Yuniseks bəşəriyyətə keçək? ABŞ-da bir kişi professor əlində printer olan qıza centlmencəsinə qapı açdığı üçün məhkəməyə verilmişdi. Bəzi ölkələrdə qadına nəqliyyatda yer verəndə, təhqir sayırlar. Məncə, bu tendensiya ilə bəşəriyyətin gözəlliyi gedəcək. Kişilər də, qadınlar da tənhalaşacaq. Mən yəqin ki, seksist qalacam bu baxımdan. Anaya ana deyəcəm, ataya ata. Birinci və ya ikinci partnyor deməyəcəm, məsələn, Qərbin bəzi məktəblərində tətbiq olunan kimi.

Şərq təfəkkürünə qaldıqda isə... Mənim bütün çalışmalarım Şərq fəlsəfəsi üzərinədir. Mən şərqiliyəm. "Heyrət ey büt!" deyirlər Şərqlilər qadına. Şərqin ali təfəkkürü qadını tanrı səviyyəsində vəsf edir. Və onu kişidən yüksəyə qoyur. Xüsusən, hind fəlsəfəsində. Amma anlayıram, onlar üçün bu mülahizələr boş görünür. Başqa nöqtəyə sürüklənib baxış bucaqları. Yaxşısı budur susum.

- Feminizmi bu gün bizim üçün lazımlı hesab edirsinizmi? Sizcə, feminizmin ictimai fikrə təsiri varmı? Yaxud da bu gün feminizmə ehtiyac varmı? Yoxsa bu hərəkatın missiyası artıq başa çatıb?

- Bu artıq bir dinə çevrilir. Bir qisasçılıq notları da var artıq bu hərəkatda. Bunun əleyhinəyəm. Qadın hüquqları üçün mübarizə isə hələ bitməyib. Cəmiyyət və dövlət qadını müdafiə etmək üçün hələ bütün tədbirləri görməyib. Bu işlər hələ aparılmalıdır. Mədəniyyətin yeni təftişlərini aktuallaşdırmaqla fəlsəfəyə də az xeyir vermirlər, düşünürəm. Amma ideologiyalaşmasının əleyhinəyəm. Bu, həmişə bir əks qütbdən digərinə çarpılmaq demək olur çünki. Ortada dayanmaq lazımdır.

- Qadınlarla bağlı dahilərin, tanınmış simaların fikirləri var. Bu ümumiləşdirməyə münasibətiniz necədir? Məsələn, tutaq ki, deyirlər, qadınlar qadağanı sevir. Belə bir ümumiləşdirmə etmək doğrudurmu? Bəzən də qadın üzərindən "fəlsəfə düzəldirlər". Buna feministlər əsəbiləşməsin, neyləsin?

- Kişilər haqqında da dahilərin xoşagəlməz fikirləri var. Filosofların fikirlərini doğru anlamaq üçün kontekstləri bilmək lazımdır. Amma hər hansı fikir ictimai şüurun obyektinə çevrilirsə, ilk növbədə, onu kontekstindən məhrum edirlər. Və universal kontekstlərdə səsləndirməyə çalışırlar. Və başlayır absurdluq. İstənilən fikri bir dəqiqədə absurda çevirmək mümkündür.

Sonucda dahilər də insandır, hirslənə bilirlər, yanlış şeylər söyləyə bilirlər. Hər konkret halı ayrıca anlamaq lazımdır. Ancaq daim yarğılayan idrakın anlamaq imkanları məhduddur.

- Sonda qadınlara üzünüzü tutub nə demək istəyirsiniz?

- (Gülür) Mən qadına və ya kişiyə ayrıca söz deməyi doğru saymıram. Mənim sözüm həmişə insanadır. Məni oxuyan, dinləyən insana. Qadın və ya kişi. Cəmiyyət harmoniyaya nail olmalıdır. Bizim hədəfimiz harmoniyadır kosmik anlamda, bərabərçilik deyil.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.