Cəmiyyət

"Balıqçılığın yazılmamış qanunları var" - Gənclərə məsləhət

22 Mart 2019 07:11
2 Şərh     Baxış: 2 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Və ya balıq tutmaq istəyənlər nələri bilməlidirlər? 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Yəqin ki, bir çoxlarınız balıq yeməyi sevirsiniz. Amma budəfəki yazımızda balığın faydaları haqda yazmaq niyyətində deyilik. Çünki balığın faydaları haqda az-çox hamı məlumatlıdır. Məşhur atalar sözündə də deyildiyi kimi, mənə balıq yeməyi yox, balıq tutmağı öyrət. Bəs görəsən, balıqçılığın özünəməxsus sirləri varmı? Ümumiyyətlə, hər balığı ovlamaq olarmı?
 
Həmsöhbətimiz 15 yaşından bəri həvəskar balıqçılıqla məşğul olan "Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədlidir. Müsahibim deyir ki, gündüzlər vaxtı olmadığına görə, adətən, gecələr balıq tutmağa gedir: "Əslində mən peşəkar yox, həvəskar balıqçı hesab edilirəm. Adətən qarmaqla dənizdən, yaxud axar çaylardan balıq tutmağı xoşlayıram. Balıq tutmaq mənim üçün beynimi dincəltmək üçün ən yaxşı vasitələrdəndir. Bundan başqa, balıq tutduğumuz zaman təbiətlə təmasda oluruq ki, bu da mənim həm ruhən, həm də fiziki olaraq sağlamlığımı qoruyur. Vaxtın çox məhdud olmasına  baxmayaraq, balıqçılığa olan həvəsim o qədər  çoxdur ki, gecə də olsa, balıq tutmağa çalışıram. Adətən balıq mövsümü başlayanda həftədə ən azı bir dəfə öz sevimli hobbimlə məşğul olmağa çalışıram. Gündüzlər vaxtım olmadığına görə, gecələr fanar və projektorlarımı götürür, dənizin sakit bir yerinə üz tuturam". 

Həmsöhbətim balıq tutmağın sirləri haqda da söz açdı: "Təəssüf ki, Azərbaycanda balıqçılığın qaydalarına 90 faiz hallarda düzgün əməl edilmir. Bəzən hətta peşəkar balıqçılar belə bu qaydalara bilərəkdən və ya bilməyərəkdən əməl etmirlər. Əslində, balıqçılığın qanunla tənzimlənən normaları var. Müəyyən ölçüdə olduğu halda, balıq tutmağa icazə verilir. Məsələn, mənim ən çox sevdiyim balıq kütümdür. Kütüm balığı 43 santimetrdən kiçikdirsə, onu mütləq suya qaytarmaq lazımdır. Çünki bu ölçüdən kiçik olan balıqlar hələ tam yetişməyib və nəsil artırmayıb. Amma bir çox hallarda balıqçılar xırda balıqları tuturlar. Bəzən hətta evə aparmasalar belə, onları gölün qırağına atırlar. Həmçinin, kürülü balığı tutduqdan sonra suya buraxmaq lazımdır. Bu həm də insanın daxili vicdan məsələsidir. Yəni balıqçılığın yazılmayan qaydaları var. Hətta bir neçə dəfə mən özüm də balıqçılardan belə balıqları suya qaytarmalarını tələb etmişəm. Çünki kürülü balıq bir aydan sonra 500-dən artıq balıq deməkdir. Hətta elə olub ki, özüm tutduğum balığı həmin balıqçılara vermişəm ki, təki, kürülü bağlığı suya buraxsınlar.  Belə hallara özüm də çox şahidlik etmişəm. Əksər balıqçılar balıqları öz əyləncələri xətrinə qurban vermirlər. Biz elə etməliyik ki, gələcək nəsillərimiz də balıq tuta bilsin. Son illər ərzində su hövzələrində balıqların qıtlığı müşahidə olunur. Sevindirici haldır ki, son iki ildə bu məsələlərə ciddi nəzarət olunmağa başlayıb. Balıqartırma işi intensivləşib. Su hövzələrinə elektrik verməklə balıqları məhv edən "quldurlar"la sərt mübarizə aparılır. Biz özümüz də çalışırıq ki, onları müəyyən etdikcə, hüquq-mühafizə orqanlarına bildirək. Gücümüz çatdığı qədər bu vəhşiliklərin qarşısını almağa çalışırıq. Çünki bu, hər bir vətəndaşın borcudur. Balıq ən gözəl nemətlərdən biridir. Biz onları məhv etməməli, əksinə artmasına çalışmalıyıq".

Müsahibimiz balıq tutmaq həvəsində olan gənclərə bu məsələlərdə prinsipiallıq göstərmələrini tövsiyə etdi: "Balığa təkcə qida kimi yanaşmaq düzgün deyil. Balıqçılıq əyləncə ilə yanaşı, insanın təbiətlə təmasıdır. Çalışmaq lazımdır ki, balıq tutduğunuz məkanları zibilləməyəsiniz. Orta nəsil təmizlik qaydalarına riayət etsə də, gənclər bəzən buna əhəmiyyət vermir. Dəfələrlə balıq tutduğumuz yerlərin çirkləndiyinin şahidi olmuşuq. Sanitar qaydalara əməl etmək ən vacib məsələlərdəndir. Bu məsələlərə kortəbii yanaşmaq olmaz. Balıq tutmaq, təbiəti məhv etmək deyil. Gənclərin böyük hissəsinin əyləncə anlayışı bir qədər fərqlidir. Əksəriyyət gününü kafelərdə, çayxanalarda keçirməyi sevir. Onlara tövsiyə edərdim ki, daha çox təbiətlə təmasda olsunlar".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.