Cəmiyyət

Avropa azərbaycanlıları Qarabağ həqiqətləri ilə bağlı yeni planları açıqlayıblar - FOTO

23 Fevral 2019 22:04
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:04

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Avropa İttifaqının siyasi mərkəzi - Belçika Krallığının Brüssel şəhərində azərbaycanlıların Qarabağ həqiqətləri və Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş izdihamlı mitinqi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, mitinqdə Avropanın müxtəlif ölkələrindən təxminən 800-dək soydaşımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak edib.

Azərbaycan himinin səsləndirilməsi ilə başlayan aksiya İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının sədri Günel Səfərovanın moderatorluğu ilə keçib. Mitinqdə çıxış edən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ingilis, alman, fransız, italyan, rumın və digər dillərdə "Xocalıya ədalət!", "Azərbaycan sülh istəyir!", "Günahsız körpələri öldürməyin!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandır!", "Qarabağa qayıtmaq istəyirik!", "Dilqəmə və Şahbaza azadlıq!" və s. şüarlarla Avropa Parlamentinə, beynəlxalq təşkilatlara çağırış ediblər.

Mitinq iştirakçıları 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla bütün azərbaycanlı əsir və girovların azad edilməsi, münaqişə ilə bağlı qəbul edilmiş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsi tələblərini səsləndiriblər. Aksiyanın sonunda Avropa Parlamentinə ünvanlanan bəyanat qəbul edilib. Bəyanat Avropa Parlamentinin məsul şəxsləri, beynəlxalq təşkilatlar, səfirliklər, bir çox dövlət və hökumət rəhbərləri daxil olmaqla 2000-dək ünvana çatdırılıb.

Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb.

Qeyd edək ki, aksiyada media nümayəndələri iştirak edib və mitinq kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə geniş işıqlandırılıb.

21:02

Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamenti yaxınlığında keçirilən ümumavropa azərbaycanlılarının Qarabağ mitinqinin iştirakçıları növbəti mərhələdə yaşıl qitədə Azərbaycanın məruz qaldığı işğal faktı ilə, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliği üçün yeni fəaliyyət istiqamətlərinə start verəcəklərini bildiriblər.

Milli.Az "Report"a istinadən bildirir ki, Avropada Azərbaycan diasporunun fəallarından Amil Səlimov bildirib ki, Xocalı soyqırımı istər şərqi, istərsə də qərbi Avropada yerli ictimaiyyətə zəruri formada tanıdılacaq faktdır: "Biz azərbaycanlıların başına erməni silahlıları tərəfindən gətirilən işğal və soy qırımı faktı Avropada yerli əhalinin öz problemləri fonunda təbliğ olunmalıdır ki, hadisənin mahiyyətini həqiqi mənada anlasınlar. Biz də buna üstünlük verəcəyik".

Almaniyada diaspor fəalı Fuad Tağıyev isə bildirib ki, bugünkü mitinq ümumavropa azərbaycanlılarına yeni stimul verib və bundan sonra istər Bundestaq, istərsə alman yerli özünü idarəetmə orqanları səviyyəsində Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə birgə görüşlərə başlanılacaq: "Bu görüşlərdə azərbaycanlıların məruz qaldıqları soy qırımının, işğal faktının, ümumiyyətlə Ermənistan silahlıları tərəfindən azərbaycanlıların hüquqlarının vəhşicəsinə pozulmasının rəsmi tanıdılmasına çalışılacaq. Əsrlər boyu Avropada da bu kimi tendensiyalar olub və sonda hüquqi qiymətini alıb. Azərbaycanlılar ilə bağlı bu kimi faktlar da hüquqi qiymətini almalıdır".

Baltikyanı ölkələrdən diaspor fəalı, Latviyada parlament və bələdiyyə orqanlarına namizəd olmuş Asif İbrahimov isə bildirib ki, yerli siyasi partiyaların nizamnamələrində, insan haqları ilə bağlı məsələlərdə azərbaycanlıların yaxın tarixdə Ermənistan tərəfindən məruz qaldığı təcavüz fakt kimi ortaya qoyulacaq: "Bunun üçün yerli ictimaiyyətin öz prinsiplərindən yararlanmağa çalışacağıq. Bununla bağlı xüsusi planlarımız var və yaxın zamanda açıqlayacağıq".

Berlində "Birlik İnteqrasiya və və Biznes İnkişaf Mərkəzi"nin sədri Emin Salayev isə bildirib ki, onlar bu həqiqətlərin yerli ictimaiyyətdə tanıdılması üçün alman mətbuatı, alman insitutları ilə yeni birgə layihələrə üstünlük verəcəklər: "Bugünkü mitinq bunun üçün bizə yeni arqumentlər verdi. Bu, Avropa azərbaycanlılarının birgə fəaliyyəti üçün rəvac oldu. Bunu yerli mətbuat və orqanlar da izləyir. Düşünrəm ki, bizim yerli qurumlara edəcəyimiz təkliflərdə bu kimi hallar müsbət rol oynayacaq".

Avropa azərbaycanlılarının digər fəallarından Ayxan Qasımov da həqiqətlərin tanıdılmasında avropalılar ilə birgə layihələrə üstünlük verilməsindən danışıb. O, Xocalı soyqırımının Avropada tanıdılmasının azərbaycanlılar üçün vacib şərt olduğunu deyib.

Avropa azərbaycanlılarından, iş adamı Zaur Ağakazımoğlu da Qarabağ həqiqətlərinin azərbaycanlılar üçün həssas nöqtə olduğunu deyərək, bunların yerli avropalılarla nəinki siyasi və ictimai sahələrdə, hətta iqtisadi əməkdaşlıqda da aşılanmsı üçün yeni planlarının olacağını deyib.

O, qeyd edib ki, bu gün Brüsseldə keçirilən ümumavropa azərbaycanlılarının Qarabağ mitinqində xeyli sayda azərbaycanlı iştirak edib, sonda Avropa Parlamentinə müraciət qəbul olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.