Cəmiyyət

Tələbə və magistrlərin təqaüdləri niyə artırıldı? - Azərbaycan intellektual potensialını səfərbər edir

15 Fevral 2019 07:48
Baxış: 2 220

"Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı sərəncam Azərbaycan gəncliyinə qayğının növbəti təzahüri kimi qiymətləndirilməlidir".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.

Millət vəkili qeyd edib ki, doğrudur, bu, ilk növbədə tələbələrin və elmlə məşğul olmaq istəyən gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması kimi başa düşülür və əlbəttə, kifayət qədər düzgün məntiqə əsaslanır. Ancaq məsələnin mahiyyəti şübhəsiz ki, yalnız bununla məhdudlaşmır: "Hazırda dünya yeni, 4-cü sənaye inqilabı ərəfəsindədir və xalqların intellektual müstəvidə mübarizəsi keyfiyyətcə yeni və daha amansız bir mərhələyə qədəm qoyur. Gələcəyin inkişaf etmiş və dünyada söz sahibi olan xalqları da elə bu mübarizənin qalibi olan xalqlar olacaq. Ona görə də bu mühüm tarixi prosesdə geridə qalmamaq üçün Azərbaycan gəncliyi öz intellektual potensialını daima səfərbər etməli, milli inkişafımızın gələcəyini təmin etməlidir".

H.Babaoğlu hesab edir ki, bu mənada təqaüdlərin artırılması ölkəmizdə elmin inkişafını motivasiya etməklə Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaqdır: "Məsələ ondadır ki, bu prosesdə davamlı və fasiləsiz təhsil mühüm əhəmiyyət kəsb edir. Bir müddət əvvəl magistrlərin hərbi xidmətdən azad edilməsinə dair qanun qəbul edildi, daha sonra alimlərin mənzil-məişət problemlərinin həlli istiqamətində addımlar atlıdı, təhsilin bütün pillələrində yeni metodologiyaya əsaslanan islahatlara start verildi və nəhayət, təqaüdlərin artırılması ilə bağlı mühüm qərar qəbul edildi.

Göründüyü kimi, bu addımlar bir-birini tamamlayan və bu sahədə ardıcıllığı təmin edən kompleks xarakterli addımlardır və hədəf Azərbaycanda elmin inkişafını təmin etməkdir.

Ümid edirik ki, alınan bu strateji qərarlar elm sahəsində inkişafı təmin etməklə, həm də intellektual əmək sahəsində məhsuldarlığın da artmasına gətirib çıxaracaqdır".

İlkin İzzət
Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.