Cəmiyyət

Gecə ilə gündüzün fərqinin bilinmədiyi şəhər

13 Fevral 2019 23:48
0 Şərh     Baxış: 1 675

Və ya turistləri romantikası ilə cəlb edən Bakı 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Yer üzündə elə şəhərlər var ki, yalnız sevgiyə sahibdir və onu ətrafdakılara bəxş etmək üçün yaranıb. Belə şəhərlər haqqında düşünəndə ilk ağla gələn, əlbəttə ki, Paris olur.  Bu şəhərin hər bir küçəsi romantiklərə sevgi pıçıldayır. İtaliyanın Venesiya, Verona və Florensiya şəhərləri, Braziliyanın paytaxtı Rio-de Jeneyro, Meksikanın paytaxtı Mexiko, qocaman İstanbul, Rusiyanın şimal paytaxtı Sankt-Peterburq, Sinqapur... bu şəhərlər sırasındadır. Turistləri bu şəhərlərə axın etməyə məcbur edən də romantak ab-havadır.

Paytaxt Bakının MDB ölkələrinin ən romantik şəhərləri arasında ilk "beşlik"də yer alması da turistlər üçün cəlbedici məqam ola bilər. Belə ki, "TurStat" agentliyinin romantik şəhərlərlə bağlı turistlər arasında keçirdiyi onlayn sorğunun nəticəsi böyük marağa səbəb olub. Sorğunun nəticələrinə əsasən, romantik şəhərlərin reytinq siyahısına Bakı ilə yanaşı, Tbilisi, Astana, Minsk və Kişinyov da daxil olub. Səs faizlərinə görə Tbilisi 33, Astana, Bakı və Minskin hər biri 14, Kişinyov isə 10 faiz səs toplayıb.

Qədim və müasir şəhər

"Bakı bütün dünyanı işıqlandıra və ona rəng qata bilər". Hələ 1882-ci ildə ən iri yerli neft şirkətinin sahibləri olan Nobel qardaşlarının söylədiyi bu fikirlər dünya ölkələrinin diqqətini paytaxtımıza yönəltməkdədir.

Müasir Bakının ruhu həqiqətən də cəlbedicidir. Qədim tarixə malik şəhər bu gün də dinamik inkişaf edir. Şəhərdə müasir üslublu, nadir eksponatlar sərgiləyən muzeylər, teatrlar, konsert zalları, açıq səma altında muzeylər, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar fəaliyyət göstərir.

Hazırda Bakının sosial və ictimai həyatı da çox dinamikdir. Burada keçirilən mühüm konfranslar, festivallar, sərgilər, idman yarışları və s. beynəlxalq tədbirlər Bakının regionda əhəmiyyətini artırır. Şəhərin ən böyük sərvəti isə onun sakinləridir. Paytaxt sakinlərinin qonaqpərvərliyi və səmimiliyi hər bir qonaqda unudulmaz xoş təəssüratlar yaradır. 

Bakı həmçinin kinemotoqrafik paytaxtlar sırasındadır. Xarici ölkələrin bir sıra filmlərindən fraqmentlər məhz bu şəhərin küçələrində çəkilib. "Brilyant əl", "Amfibiya adam",  "Tehran-42" kimi məşhur filmlərin çəkiliş kameraları vaxtilə paytaxtımızın küçələrində qurulub.

Bu səbəbdən hazırda MDB ölkələrində kino xatirələrinə çevrilmiş "russko turisto", "çiqle-çiqel", "xam duralya", "çort poberi" məsəlləri əbədi olaraq dillərə düşüb. Elə İşərişəhərin dar küçələrindən birində yerləşən "Çort poberi" restoranı da təkcə yerli sakinlərə deyil, şəhərin qonaqlarına da "Brilyant əl" filmini xatırladır.

Artıq lirik əhval-ruhiyyəyə köklənən insanlar Bakının  romantika və sevgi üçün gözəl dekorasiyasından da zövq ala bilərlər. Mavi Xəzər, ağ qağayılar, İçərişəhərin dar küçələri, Şirvanşahlar, Qız qalası, Dağüstü Park... Kim dənizin mavi dalğalarını seyr edə-edə çay və ya kofe içmək, kim qədim şəhərin dar küçələrində gəzmək, kimsə də tarixi abidələri, muzeyləri ziyarət etmək istəyirsə, tərəddüd etmədən Bakını seçə bilər. 
 
Dünyanın 20 aparıcı ölkəsinə çevirmək məqsədi
 
Turizm üzrə ekspertlər də bunu təsdiqləyir. 

Həm Avropada, həm Asiyada, həm də Latın Amerikasında romantik şəhərlərin olduğunu deyən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov sorğunun nəticələri ilə razıdır: "Bakını da romantik şəhərlər sırasında təqdim etmək olar. Belə ki, bunun üçün güclü reklam işi və təbliğat aparılmalıdır". M.Ağakərimov hesab edir ki, bu adı qazanmaq və qoruyub saxlamaq üçün Bakının əsası var. Arxitektor tikililər, Şərqlə Qərbi birləşdirən müasir və qədim memarlıq abidələri, Xəzər dənizi və b. nüanslar paytaxtın romantik şəhər seçilməsi üçün əsasdır: "Digər tərəfdən, milli mətbəxin zənginliyi, Avropa mətbəxinin rəngarəngliyi, müxtəlif muzeylərin fəaliyyəti şəhərimizi daha da cəlbedici edir. Elə təkcə Xəzər dənizi romantik ab-hava yaratmaq üçün kifayətdir. Bu baxımdan, Bakının və Abşeron yarımadasının bütün potensialından istifadə etmək və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək, o cümlədən turistləri cəlb etmək olar. Təbii ki, bunun üçün çox işlər görməliyik". M.Ağakərimov hesab edir ki, bunun üçün turizm agentliklərinin də üzərinə müəyyən vəzifələr düşür: "Turizm qurumları əl-ələ verib birgə çalışmalı, yeni ideyalar və təkliflərlə çıxış etməlidirlər".  Qeyd edək ki, turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində  2020-2025-ci illərdə Azərbaycanı, xüsusən Bakı şəhərini dünyanın 20 aparıcı ölkəsinə çevirmək məqsədi qoyulub: "Məqsədə çatmaq üçün də hamı birləşib bu istiqamətdə iş görməlidir. Çünki Azərbaycanın turizm ölkələri siyahısında irəliləməsi üçün hər cür imkanları var".

Turizmçi Ceyhun Aşurov hesab edir ki, hər hansı bir şəhərin romantik və ya ən yaşıl və s. turistlərin həmin şəhərə cəlb olunması üçün yaxşı vasitə ola bilər: "Yəni turistlər həmin şəhəri romantik edən nüanslarla maraqlanırlar. Onlar üçün romantik turlar və s. təşkil edirlər". Turizmçinin fikrincə, xüsusən 14 fevral Valentin günü öncəsi belə sorğuların nəticəsi paylaşılır ki, insanları cəlb etsinlər.   
 
Turistlərin xoş rəyləri

Rusiyanın "Tourister.ru" saytında "Şərqin şirin nağılı", Bakıda "Əli və Nino" ilə", "Azərbaycan mətbəxi", "Qonaqpərvər Bakı", "Neft qoxulu şəhər" başlığı ilə turistlərin fikirləri yer alıb. Şəhərimizi gəzdikdən sonra ölkələrinə qayıdan insanların xoş rəyləri təbii ki, sevindiricidir. İranın "Aysan Pərvaz" Turizm Şirkətinin rəhbəri Seyid Məhəmməd Mirrezayi Bakıda olub və gördüklərindən heyran qalıb: "Bakı ictimai-siyasi baxımdan çox sabit şəhərdir və bu da turistlər üçün olduqca vacibdir. Bu gün region ölkələri arasında Azərbaycan öz sabitliyi ilə seçilir. Digər tərəfdən, Bakı Avropa şəhərləri kimi çox təmiz və gözəldir. Burada fəaliyyət göstərən otel və iaşə obyektlərindəki qiymətlər də sərfəlidir. Mən  90-cı illərinin əvvəllərində də Bakıda olmuşam. Şəhər tamamilə dəyişib, gözəlləşib və müasirləşib. Köhnə şəhərdən əsər-əlamət qalmayıb. Dəniz kənarındakı Milli Park yenidən qurulub və dünyanın müxtəlif ölkələrindən gətirilən nadir ağaclar əkilib. Bakının bir çox yerlərində gecə ilə gündüzün fərqi bilinmir. Bunlardan başqa, şəhər sakinləri çox mehriban və qonaqpərvərdirlər. Tarixi abidələr, möhtəşəm tikililər turistlərin görmək istədikləri məkanlardandır".
 
Paytaxtımızın "romantik şəhər" siyahısında yer almasının isə turizmin inkişafına təkan verə biləcəyi istisna deyil. Romantika axtarmaq üçün heç də ölkənin sərhədlərini keçmək lazım deyil. Əgər yaxın qaladan görünən yola baxmaq imkanı və arzunuz varsa, elə həftə sonlarını, tətilləri doğma Bakıda keçirmək də pis deyil. Parisin küçələrindəki  kəm-kəsirləri - afrikalıların, ərəblərin yaratdıqları çirkli, zibilli küçələr, sevənlərin gözünə görünmədiyi kimi, bizdə də görünməyə bilər. Ən azı "Bakı axşamları Neapol gecələrini xatırladır" deyən görkəmli rus yazıçısı Maksim Qorkinin söylədiyi fikirlər şəhərimizin turistlərə romantik ab-hava bəxş etməsinə yetər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.