Cəmiyyət

Velosiped ixtiraçısı danışdı: Sponsor axtarırıq, ixtira hələ...

12 Fevral 2019 21:26
2 Şərh     Baxış: 570

AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped ixtira ediblər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ixtira müəlliflərindən biri olan Oktay Salamovun dediyinə görə, hazırladıqları ikitəkərli, tam ötürməli velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda, eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir: "Mənim 25-26 yaşlarımda ixtiralarım çox olub, amma bu barədə heç kim xəbər tutmayıb.

Müstəqillik qazanandan sonra isə ixtiralarımızda bizim müəlliflik hüququmuz qalsa da, mülkiyyət hüququmuz batıb. Çünki o ixtiralar üçün pul ödəyib mülkiyyət hüququnu qorumaq lazımdır.

Yeni ixtiranın müəlliflik hüququnu almışıq, çertyoju bizdədir, patenti var, amma velosiped hələlik çertyoj səviyyəsindədir, onun tətbiqi lazımdır. Birinci velosipedə 2-3 min dollar xərcləmək olar, sonra xərclər 500 manatı keçməz, satış qiyməti isə 2500-3000 manatdır.

Birincisi ona görə çox pul istəyir ki, orda əziyyət çəkib dəqiq ölçüləri göstərəcəyik. Çertyojda bütün detalları vermişik".

Oktay Salamov deyib ki, ölkə prezidenti idmana çox böyük önəm verir, Azərbaycanda idman sahəsində kiçik qurğular hazırlansa da, ilk böyük və əhəmiyyətli qurğunu onlar ərsəyə gətirib: "Azərbaycanda velosiped yarışlarına böyük maraq var, hətta ölkəmizdə yarışlar da keçirilib. Velosiped ekoloji cəhətdən sağlam nəqliyyat növüdür.

Azərbaycanının bir brend məhsulu olsa, bu o deməkdir ki, dünyada nadir ölkələrdən olacaq".

İxtiraçı yeni velosipedin quruluşundan danışaraq deyib ki, gələcəkdə idmanla məşğul olmayanlar da maraq göstərsə, belə velosipedlərdən istifadə edə biləcəklər: "Velosiped yoxuşa dirənir və sürücü yorulursa, elektrik mühərriki işə düşür. Velosiped həmin yoxuşu çıxır, özü-özünün akkumulyatorunu doldurur, daha elektrikdən istifadə edilmir.

Amma velosiped idman yarışlarına buraxılanda akkumulyatorun çıxarılması vacibdir. Yəni velosiped ikili funksiya daşıyır.

Layihəni 2016-cı ilin sentyabrında rəsmi qurumlara təqdim etmişik, 2018-ci ilin noyabr ayında cavab almışıq. Qaydaya görə, layihəyə Azərbaycanda ekspertiza baxır, hər şey yerindədirsə, sonra Moskvaya göndərilir. Əslində biz patent hüququnu tez almışıq. Azərbaycanda elə ixtiralar olur ki, 4-5 ilə cavab ala bilmir".

Oktay Salamov deyib ki, Əlisgəndər Salamovla soyadlarının eyniliyi təsadüfdür: "Amma biri-birimizi 2011-ci ildə tanımışıq, çertyojlar ondan gəlib, layihəni birgə işləmişik.

İndi sponsor axtarırıq layihəni ərsəyə gətirək və gələn dəfə sizə velosipedin özünü göstərək, çünki bu, hələ kağız üzərində ixtiradır".

AMEA Radiasiya Problemləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, hazırda ixtiralar çoxdur, proses təxminən iki həftə davam edəcək, müvafiq informasiyalar cəmiyyətə təqdim olunacaq.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Kami · 12 Fevral 21:3400

    Bir aydibliq getirin de, radiasiya problemlerinin velosipede ne dexli var. Bunlar orada radiasiyanin tesiri altinda baw veren prosesleri oyrenirler, yoxsa velosiped duzeldirler?

    Cavab yaz
  • Anonim
    Rza · 12 Fevral 22:2900

    Biri bu kişilərə youtube-da velosiped ixtiraları haqda link yollasın. Ayıbdıye vallah, velosiped ixtira ediblər yox bir..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.