Cəmiyyət

Azərbaycanın İnformasiya Agentliyi nüfuzlu beynəlxalq xəbər agentliklərinin rəhbərlərinin elit toplantısında

10 Fevral 2019 08:18
Baxış: 538

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun himayəsi ilə bu gün Dubayda VII Dünya Hökumətlər Sammiti (World Government Summit 2019) öz işinə başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, sammitdə Roma Papası Fransisk, UNESCO-nun baş direktoru Odri Azulay, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, bir sıra ölkələrin dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı beynəlxalq təşkilatlarının rəhbərləri və təmsilçiləri, sahibkarlar iştirak edirlər.

VII Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunan nüfuzlu beynəlxalq xəbər agentliklərinin rəhbərlərinin toplantısında iştirak etmək üçün Azərbaycandan Trend İnformasiya Agentliyinin rəhbərliyi də dəvət olunub. Sammitin sonunda dünyanın informasiya agentlikləri tərəfindən Tolerantlıq Xartiyası imzalanacaq.

Aparıcı xəbər agentlikləri və nəhəng media strukturlarının rəhbərləri sammit çərçivəsində uğurlu təcrübələrini bölüşəcək, medianın hazırkı və gələcək inkişaf gündəliyinə nəzər salacaq, xəbər sənayesində baş verən yenilikləri müzakirə edəcəklər.

Sammitdə Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun "Gələcək şəhərlərin qurulmasında 7 trend" mövzusunda çıxışı nəzərdə tutulur.

Tədbir çərçivəsində iqlim dəyişmələri və fiskal siyasətdən tutmuş dövlət xidmətləri və münaqişə sonrası sosial barışıq sahəsində innovasiyalara qədər bəşəriyyətin gələcəyini müəyyən edəcək həyati əhəmiyyətli sektorlar üzrə 200-dən çox interaktiv sessiyada təqribən 600 dünya şöhrətli məruzəçi iştirak edəcək.

Qeyd edək ki, "World Government Summit" dünya ticarətinin proqnozlaşdırılmasına həsr olunmuş bir neçə sessiyada keçiriləcək.

Xatırladaq ki, Dünya Hökumətlər Sammiti ilk dəfə 2013-cü ildə keçirilib və son altı ildə məqsədyönlü müzakirə platforması təşkil etməyə müvəffəq olub.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.