Cəmiyyət

Cins ayrı-seçkiliyinə qarşı Milli Fəaliyyət Planı

10 Fevral 2019 23:39
0 Şərh     Baxış: 778

Ekspertlər deyir ki, qız uşaqları ilə bağlı cəmiyyətdə mövcud olan stereotiplərin aradan qaldırılması üçün təbliğat-təşviqat işləri aparılmalıdır 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının hazırlanması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. H.Hüseynovanın sözlərinə görə, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının hazırlanması ilə əlaqədar olaraq 2017-ci ilin dekabr ayında BMT Əhali Fondu tərəfindən ABŞ-ın Merilend Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Qupta dəvət edilib: "O, bir sıra dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib. 2018-ci ilin birinci yarısında ilkin sənəd hazırlanaraq dövlət qurumlarına göndərilib. 2018-ci ilin oktyabr ayında isə həmin sənəd müəllifin iştirakı ilə aidiyyatı dövlət qurumlarının məsul şəxslərinin, millət vəkillərinin, qeyri-hökumət təşkilatlarının, tanınmış mütəxəssislərin iştirakı ilə ictimaiyyətə təqdim edilib və müzakirələr aparılıb. Hazırda sənəd üzrə son işlər görülür və bu il Milli Fəaliyyət Planının qəbulu nəzərdə tutulur".

Komitə sədri əlavə edib ki, hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Təəssüf ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti demək olar ki bərabərləşib: "Belə ki, hazırda əhalinin 49.9%-ni kişilər, 50.1%-ni qadınlar təşkil edir. Problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması və səhiyyə xidmətlərinin inkişaf etdirilməsi vacibdir. Xüsusilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə (ailə planlaması, hamiləlikdən qorunma, süni mayalanma, reproduktiv sağlamlığın qorunması, doğulan uşaqların cinsə görə nisbətinin pozulması və s.) bağlı maarifləndirmə kampaniyalarının aparılması zəruridir".

Cins nisbətinin pozulma səbəbləri və fəaliyyət planında hansı işlərin görülməli olduğuna dair mütəxəssislərlə söhbətləşdik. Sosioloq Cavid İmamoğlu son dövrlər nəsilvermə əmsalının aşağı düşdüyünü bildirir: "Azərbaycan reallığında cins nisbətinin pozulmasına səbəb olan hallardan biri də selektiv abortlardır. 1961-ci illə müqayisədə 2010-cu ildən sonrakı dövrdə qadınların dünyaya uşaq gətirmə əmsalı 5.6-dan 2.1-ə düşüb. 2018-ci ildə isə bu göstərici 1.9 olub. Nəsilvermə əmsalının aşağı düşməsi və digər tərəfdən ailələrin hamiləliyin planlaşdırılması ilə bağlı məlumatsız olmaları, arzuolunmaz hamiləliklərin abortla nəticələnməsinə gətirib çıxarır. Həmçinin günümüzdə ailələr 2 uşaqla kifayətlənirlər. Belə olan halda, əgər ilk uşaq qızdırsa, ikincini oğlan istəyirlər. Oğlan arzusunda olan ailələr ikinci övladın da qız olduğunu bildikdə, onu abort edirlər. Beləcə, ümumi nəsilvermə əmsalının aşağı düşməsi cinsi nisbətin pozulması prosesini bir az sürətləndirib". 

C. İmamoğlu cəmiyyətdə oğlan övladına üstünlük verilməsi ilə bağlı bir sıra miflərin olduğunu deyir: "Cəmiyyətdə qadınlara qarşı ikili münasibətin, ailələrin oğlan övladları ilə bağlı arzularının, nəslin, soyadın davamında oğlan övladının rolunun böyük olması, qız övladının böyüdülməsində maddi çətinliyin yaşanması kimi məsələlər uşaqlar arasında cins ayrı seçkiliyinə səbəb olur. Sadalanan səbəblər arasında ən  əsası, nəslin davam etdirilməsi düşüncəsidir. İnsanlar düşünür ki, oğlan övladları olmasa, nəsilləri davam etməyəcək. Dövrümüzdə də texnika və texnologiyanın inkişaf etməsi ilə dölün cinsinin daha erkən bilinməsi uşaqların abort edilməsinə səbəb olur. Nəticə etibarı ilə də cinslər arasında balans pozulur".

Sosioloq cinslər arasında nisbətin pozulması nəticəsində yaranan problemlərdən də danışdı: "Cins nisbətinin pozulması nəticəsində erkən nikah, cəmiyyətdə gender bərabərsizliyi, qız qaçırmaq və insan alveri kimi fəsadlar yarana bilər. Bunların qarşısını almaq üçün isə bir sıra addımlar atılır. Belə ki, dölün cinsinin öyrənilməsi ilə bağlı qanuna dəyişikliklər hazırlanır. 2019-cu ildə reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsi gözlənilir ki, orada da dölün cinsinin öyrənilməsi, ümumiyyətlə, selektiv abort qadağan edilir. Abort yalnız hansısa xəstəlik müəyyən edildiyi təqdirdə mümkün olacaq. Həmçinin təşviqedici proqramlar hazırlanmalıdır ki, uşaqların dünyaya gətirilməsində ailələr tərəddüd etməsinlər. Digər tərəfdən, qız uşaqları ilə bağlı cəmiyyətdə mövcud olan stereotiplərin aradan qaldırılması üçün təbliğat, təşviqat işləri aparılmalıdır".  
 
Milli QHT Fondunun Gender Mərkəzinin rəhbəri, Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri Tünzalə Cavadova qeyd etdi ki, cins nisbətinin pozulması hazırda dünyanın bir sıra ölkələrinin aktual problemdir: "Cinslər arasında nisbətin pozulduğunu təhsil müəssisələrində də müşahidə edirik. Bu mövzu ilə bağlı təhsil ocaqlarında maarifləndirmə işi aparanda da, bunun şahidi oluruq ki, oğlan uşaqları qızlara nisbətən daha çoxdur. Məsələn, sinifdə 30 şagird varsa, onlardan 21-i oğlan, 9-u qız olur. Yəni bu problem tam nəzərəçarpacaq dərəcədə hiss olunur. Cins nisbətinin pozulması ilə bağlı fəaliyyət planı hazırlayarkən ilk növbədə pozulmanın səbəblərini aydınlaşdırmaq lazımdır. Nisbətin pozulması gələcəkdə kişilərin ailə qurmaq üçün xanım tapa bilməməyinə, zorakılığın, gender bərabərliyinin artmasına səbəb ola bilər. Bu kimi problemlərin aradan qaldırılması istiqamətində görüləcək işlərdən ən mühümü, maarifləndirmə və səhiyyə xidmətlərinin inkişaf etdirilməsidir. Bundan başqa cəmiyyətin müxtəlif sahələrində qadınların iştirakı üçün geniş imkanlar yaradılmalıdır. Oğlan uşaqlarına üstünlük verilməsinə səbəb olan stereotiplər aradan qaldırılmalıdır. Ən əsası, qadının iqtisadi asılılığı azaldılmalı, qadınlara daha yüksək məvacibli işlərdə yer ayrılmalıdır. Bu kimi məsələlər öz həllini taparsa, cinslər arasındakı nisbət pozulması da aradan qalxar. Xüsusilə, ucqar bölgələrdə reproduktiv sağlamlığın qorunması, gender bərabərliyi ilə bağlı maarifləndirmə işlərinin aparılması çox vacibdir. Qeyd edim ki, hazırda dövlət səviyyəsində də gender bərabərliyinin təmin olunması istiqamətində işlər görülür. Bu gün əmək bazarında qadınların getdikcə artan rolu göz qabağındadır".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.