Cəmiyyət

Azərbaycan mediasının adı ilə alınmış milyonların hesabını kim verəcək?

7 Fevral 2019 10:58
Baxış: 3 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

36,84 milyon ABŞ dolları, 14,12 milyon avro. 1996-cı ildən 2014-cü ilədək "Azərbaycanda azad fikir, söz azadlığı və müstəqil informasiya vasitələrinin azadlığı, fəaliyyətinin inkişafı və sağlam informasiya mühitinin yaradılması" ilə ABŞ ilə Avropa Birliyi ölkələrinin Azərbaycandakı bir sıra media strukturlarına, qeyri-hökumət təşkilatlarına, cəmiyyətlərə və fondlara ayırdığı məbləğdir bu.

Təxminən 41 milyon dolları fərz edək ki, Azərbaycandakı 41 qəzet, agenlik və ya informasiya saytı arasında paylaşdırıblar. Hər biri orta hesabla 1 milyon dollar almış bu KİV-lər ən müasir texnoloji vasitələr və avadanlıq əldə etməli, əməkdaşlarına az qala Avropa standatları səviyyəsində maaş verməli, dünyanın müxtəlif ölkələrində müxbir məntəqələri və nümayəndəliklər yaratmalı, fərqli ölkələrdən reportajlar hazırlamalı, canlı yayımlar təşkil etməliydilər.

Bunların heç biri olmadı.

Olan vur-tut 6 (!) qəzet redaksiyasına zəif kompüterlərin hədiyyə olunması, 4 redaksiyaya isə işlənmiş kompüter və printer dəstlərinin verilməsi, bir də çox qısa ömürlü qəzetin təsis edilməsi idi.

Halbuki məbləğ 41 milyon dollara yaxın idi.

Azdır, ya çox?! Əhalisi 10 milyon nəfərdən çox olmayan kiçik ölkə üçün az qala fantastik rəqəmdir. Nəzərə alsaq ki, demokratik cəmiyyətlərdə media strukturlarına maliyyə yardımları istisnalar qədər azdır və belə yardımlar konkret proqramlara, layihələrə yönəlir - məbləğin mənşələri qədər, mənsəbləri də maraqlıdır.

İddialar, illüziyalar və reallıq

Azərbaycanın jurnalistika funksionerlərindən biri, - "Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri; Bakı Mətbuat Klubunun prezidenti olmuş Arif Əliyev "Turan" informasiya agentliyinin "contact.az" saytına müsahibə verib və o müsahibə "Mediaya dövlət dəstəyi siyasətinin iflası" başlığı ilə dərc olunub.

A.Əliyev fevralın 1-də Azərbaycan Respublikasının prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzetlərin maliyyələşdirilməsinə dair tələbləri dəyişməsini şərh edib.

O buyurur: "Ölkədə idarəçilik sistemində dəyişikliklər həyata keçirilməyə başlayıb. Hələlik onları islahat adlandırmaq tezdir, amma çarx hərəkətə gəlib. Bəzi yararsız qurumlar, fondlar artıq onun altında qalıb. KİVDF "çarxın" qabağından qaçmağa çalışır".

Halbuki KİVDF-nin struktur islahatlarına başlaması heç bir halda nəyinsə qarşısından harasa qaçmaq cəhdi deyil. Tam əksinə, son illərdə reallaşdırılan dövlət dəstəyinə rəğmən, fəaliyyətlərində kəskin dönüş zərurətinə rəğmən, ekstensiv mövcduiyyətin davam etdirilməsi ilə KİVDF razılaşa bilməzdi.

Bu səbəbdən mediaya dövlət dəstəyinin maliyyə ayırmaları formatına dəyişikliklərə ehtiyac yaranıb.

32 qəzetə yanvarın əvvəlində 612500 manat pult ayrılıb. Üç həftə sonra məsələyə yenidən baxılıb, KİV-lərə maliyyə yardımı sürəyi 6 aydan 3 aya endirilib və bu, çağdaş şərtlərə uyğunlaşmaq üçün atılmış qərardır.

Arif Əliyev deyir: "Deyəsən, "qəzet böhranı" barədə xəbər bizim Müşahidə Şurasına çox gec gəlib çatıb. Artıq 10 ilə yaxındır ki (elə təxminın KİVDF yaranandan), dünyada əks proses gedir. Ümumdünya Qəzetlər Assosiasiyasının hesabatına görə, təkcə 2010-2015-ci illərdə çap tirajları 21,6% artıb, hətta Böyük Britaniya, Fransa, Almaniya kimi yeni medianın güclü inkişaf etdiyi ölkələrdə də 2016-cı ildən qəzet tirajlarının ildə azı 2-3% artımı qeydə alınıb. Yox, dünya KİVDF gedən istiqamətdə getmir, orda artıq köç geri qayıdır".

Cənab Əliyev, yumşaq desək, informasiya ilə klassik manipulyasiya edir, kəlmələri dəyişir, yanlış məlumatlarla reallıq görüntüsü yaratmağa çalışır.

Ümumdünya Qəzetlər Assosiasiyasının (World Association of Newspapers, WAN) heç birində (!) 2010-2015-ci illərdə qəzetlərin, yəni ənənəvi KİV-lərin tirajlarının artması bəyan edilməyib. Bu bir yana, "çap tirajlarının 21,6 faiz artımı" kimi fantasmaqorik açıqlamanın gerçəklə heç bir əlaqəsi yoxdur.

Gərçi əvvəllər bütün çox və ya qismən inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar hər səhər qəzet alıb son xəbərləri oxuyurdusa, indi işə gedərkən smartfonun və ya planşetin ekranına baxaraq ölkə ilə dünyada baş verənlərdən xəbər tutanlar dövrüdür.

Hətta proses bir qədər də irəli gedib: ənənvi KİV-ləri sıxışdırmış informasiya saytları sosial şəbəkələrin populyarlaşması ilə üzləşərək Facebook, İnstagram, YouTube və Twitter-in təzyiqi altına düşməməyə çalışırlar.

Qərb ölkələrinin istisnasız olaraq hamısında qəzet və jurnallar ənənəvi, kağız formatının həcmini ya azaldır, ya bu formatı onlayn-versiyanın əlavəsinə çevirirlər. ABŞ və Avropa Birliyində, habelə Cənub-Şərqi Asiya ölkələrində ənənəvi KİV-lərdə reklam gəlirlərinin azalması redaksiyalarda ixtisarları sürətləndirirsə, sosial şəbəkələrin tədricən informasiya mənbəyinə çevrilməsi prosesi daha da məşum edir.

Ona görə "dünya KİVDF gedən istiqamətdə getmir, orda artıq köç geri qayıdır" deyən Arif Əliyevin nəzərinə çatdırıram: dünya siz deyən istiqamətdə deyil, köç gördüyünüz yerdən də irəlidədir.

Artır, yoxsa azalır?

KİVDF-inin təklif etdiyi islahatları "absurd və mürtəce, Azərbaycanda 140 illik ənənəyə malik mətbuatın iflic və ələbaxımlı edilməsinə yönələn siyasət" kimi qələmə verən Arif Əliyev anlayışların yerini bilərəkdən dəyişir, faktları təhrif edir.

Onun iddialarına görə, sən demə, bütün dünyada qəzetlər inkişaf edir, Azərbaycanda prosesin tam tərsi yaşanır - "hakimiyyət qəzetlərin və jurnalların əksər hissəsinin fəaliyyətinin dayandırılmasına yönəlmiş siyasət" yürüdürmüş.

Çox soyuqqanlılıqla, centlmen təbiricə desək, belə deyil.

2012-ci ilin oktyabrın ortalarında dünyanın ən məşhur jurnallarından biri "Newsweek" satışların azalmasına tab gətirə bilmədiyini etiraf etdi. 2013-cü ilin əvvəlində rəqəmsal formata keçən və çap variantından tam imtina edən jurnal indi "Daily Beast" saytı ilə birləşib.

"The Guardian", "The New York Times", "Washington Post",  "Wall Street Journal" və "Financial Times" kimi dünyaca məşhur, nüfuzlu qəzetlərin hamısında saytlarda məqalələrin pul müqabilində oxunuşu, yəni onlayn-abunəlik təklif olunur.

Bu qəzetlərdə "nömrənin materialı", yəni əsas yazı heç bir halda sərbəst "giriş"li deyil.

Eyni sözü məşhur jurnallar barədə də demək olar.

Bəs yaxşı, Arif Əliyev "dünyada çap mediası inkişaf edir" deyirsə, nə üçün qəzet və jurnalların onlayn-versiyaları inkişaf edir, veb-redaksiyaların əməkdaşlarının sayı artırılır, çap versiyalarına ayrılan xərclərsə az qala aybaay azaldılır?!

"Time""Bild" jurnallarının son hesabatlarına görə, son 11 ildə çap versiyaları zərərlə işləyir, onlayn-versiyalarınsa gəlirləri fasiləsiz artır.

Yaxşı, hesab edək ki, istisnalar var və Arif Əliyev "haqlı", KİVDF haqsızdır.

Bəs onda ABŞ-da populyarlığına və tirajına görə 3-cü yeri tutan "U.S. News & World Report" qəzeti nə üçün çap versiyasından tam imtina edərək onlayn versiyaya keçdi?

Dünyanın ən tirajlı və nüfuzlu jurnalı sayılan "Time"ın (ABŞ) saytında "Redaksiya açıqlamaları" bölməsinə baxın. Son 7 ildə jurnalın çap versiyasının tirajı 19 faiz azalıb.

KİVDF ABŞ, Britaniya və Türkiyənin təcrübəsindən yararlanır.

O təcrübə ki, Arif Əliyevdən fərqli olaraq, subyektivizmə və "tənqid naminə tənqid" prinsipli qərəzə yox, rəqəmlərlə faktlara əsaslanır.

Nüfuzu ekspertlər arasında əsla şübhə doğurmayan "Pew Research Center" tədqiqat şirkətinin son hesabatına görə, son 10 ildə dünyada çap mediasının tirajları 23 faiz (!) azalıb.

"Ümumdünya Qəzetlər Assosiasiyası"nın mifik hesabatına istinad edən Arif Əliyevin demaqogiya təsiri bağışlayan "21,6 faizlik artım"ı harada, nə zaman, necə və kimlər tərəfindən qeydə alınıb?!

Ümumiyyətlə, Arif Əliyevin ənənəvi KİV-lərdə yaşananlardan xəbəri varmı?!

Görünür ki, yox və bu səbəbdən də ona bəzi məlumatları təqdim edək ki, KİVDF-in islahatlarının mahiyyətini bəlkə anlaya.

"Ümumdünya Qəzetlər Assosiasiyası"nın, yəni WAN-ın son hesabatına görə, ABŞ-da çap mediasının tirajlarında azalma ildə 4 faizə çatıb. "New York Times", "USA Today" və "Wall Street Journal" kimi nəhənglərin çap versiyalarının oxucularının orta hesabla 53 faizi məlumatları saytlardan və sosial şəbəkələrdən almağa üstünlük verdiklərini deyiblər.

Britaniyada da analoji vəziyyətdir. "The Guardian" qəzeti, "Observer" jurnalı redaksiya əməkdaşlarının təxminən 43 faizini ixtisar ediblər və çox yaxınlarda kağız versiyasından tam imtina barədə qərar qəbul edəcəklərini bəyan ediblər.

Son 11 ildə Britaniyada çap tirajları 7,4 faiz aşağı düşüb, qəzetlərin və jurnalların onlayn versiyalarının reklam gəlirləri isə 13,9 faiz artıb.

Gələk Almaniyaya. 15-ci əsrdə kitab çapının ixtira olunduğu və ilk nəşriyyatın qurulduğu bu ölkədə çox populyar gündəlik "Frankfurter Rundschau" qəzeti inadla "çap versiyasında qalacağıq" deyərək müflis oldu, bağlandı. Daha sonra "Financial Times Deutschland" qəzeti fəaliyyətini dayandırdı.

Almaniyada keçirilmiş sorğulara əsaslanan "Ümumdünya Qəzetlər Assosiasiyası"nın hesabatına qayıdaq: "Bu ölkədəki gənclərin yalnız 0,27 faizi qəzetləri əsas informasiya mənbəyi hesab edir".

Və ən nəhayət, Fransa. Ölkənin ən populyar qəzeti "Liberation"un çap tirajları son 11 ildə sürətlə azalaraq 112 min nüsxəyə düşüb. Nüfuz və populyarlığına görə ikinci yerdə duran "La Tribune" gündəlik qəzetdən həftəlik qəzetə çevrilsə də, müflis olmamaq üçün sonda çap variantından, ümumiyyətlə, imtina etdi.

Dünyaca məşhur "Le Monde" redaksiya əməkdaşlarının 48 faizini ixtisar edərək rəhbərliyi dəyişdi, "France Soir"ı isə heç nə xilas etmədi. Bu qəzet indi redaksiya mebelini belə, satışa çıxarıb.

KİVDF-nin məqsədi nədir?

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Azərbaycanda qəzetlərin fəaliyyət taktikasını yox, strategiyasını dəyişmək istəyir.

Arif Əliyevin iddialarının tam əksinə olaraq, KİVDF, sadəcə, fərdi jurnalist yazıları müsabiqələri keçirmək, redaktorların xarici ölkələrə səfərlərini təşkil etmək və məhdud sayda qəzetlərə maliyyə yardımı göstərməklə məşğul olmur.

Belə iddialar ya məlumatsızlıqdan, ya məlumatlı olub həmin informasiyaları bilərəkdən dilə gətirməməkdən, ya da subyektivizm adlandıra biləcəyimiz qərəzdən doğur.

KİVDF-nin 31 yanvar 2018-ci il tarixli iclasında qəbul edilmiş qərar geniş ajiotaj doğurub. Arif Əliyev də məsələni qəzetlərin qapadılması şəklində qoymağa çalışanlara qatılır, deyəsən.

Və o da şübhəsizdir ki, dövlətin mətbuat orqanlarına yardım göstərməsinin əleyhinə çıxmaqla ziddiyyətli mövqe sərgiləyənlər, əslində, situasiyadan konkret siyasi mənfəət əldə etməyə çalışırlar.

Bəli, Azərbaycanın çap mediasına ehtiyacı var. Lakin günümüzün qaçılmaz reallığı onlayn mediadır və bunu inkar etmək 20-ci əsrin ortalarında televiziya geniş yayılmağa başlayanda səslənən "Teatrlar məhv olur" şüarçılığına bənzəyir.

Bununla belə, 50 və ya 100 il sonra internetin nəyə çevriləcəyini, hansı kommunikasiya vasitəsinə dönəcəyini kimsə bilmir. Bax, bu səbəbdən çap mediası gəərklidir, çünki çap edilmiş qəzet, jurnal tarixdir. Biz keçmişi əlyazmalardan öyrəndimiz kimi, gələcək də bu günümüzü qəzetlərdən, jurnallardan, kitablardan araşdıracaq.

Ona görə Azərbaycanda yürüdülən siyasət qəzetlərin saxlanmasıdır. Lakin baxır, hansı qəzetlərin.

Azərbaycanda unikal, misli olmayan mənzərə var: 5200-dən çox KİV dövlət reyestrindədir və onların total çoxluğu çap mediası, yəni qəzetlərdir.

Dünyanın heç bir yerində əhali sayına görə belə "bol statistika" yoxdur.

Ona görə də qəzetlərin fəaliyyətində kəmiyyətin keyfiyyətə dönməsi labüddür.

KİVDF-nin strategiyası, sadəcə, qəzetlərə maliyyə yardımı şərtlərinin dəyişməsi deyil və baş verənləri belə qələmə vermək primitivizmdir.

Problem kompleks şəkildə həll olunmalıdır və bu səbəbdən də dövlət büdcəsində maliyyə yardımı almağa çalışan qəzetlər fəaliyyətlərində yaradıcılıq istiqamətləri, məzmun və texnoloji baxımdan dönüş yaratmalıdırlar.

Qəzetlər saytlarda dərc olunmuş informasiyaların ertəsi gün çap olunması ilə məşğul olmamalı, iş üslublarını dəyişməli, ətalətdən qurtulmalıdır.

Ən başlıcası isə dünyanın nüfuzlu qəzetlərinin praktikası əvvəl-axır Azərbaycana gəlməlidir: qəzet, sadəcə, informasiya yaymaqla, daha doğrusu, "təkrar yayım"la məşğul olmamalı, reportajlar, təhlillər və s. dərc etməli, saytlardakı "sürətli xəbərçilik" anlamının tam əksinə olaraq "ahəstə jurnalistika"nı seçməli, oxuculara bu və digər hadisənin təfərrüatlarını, problemlərin mahiyyətinin araşdırılmasını təqdim etməlidirlər.

KİVDF məhz bu şərtlərlə fəalliyyət strategiyasını açıqlayaraq bazarda sanballı qəzetlərin olmasına çalışır. 1000-2000 tirajlı, ağ-qara çaplı qəzet kimin nəyinə gərəkdir?!

Yeni çağırışlara sürətli və adekvat reaksiya, dəyişikliklərə başlamaq, islahatlara start vermək - KİVDF bunu prinsipial məqsəd sayır.

Hanı o milyonlar?

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2014-cü ildə Azərbaycanda müstəqil medianın inkişafı üçün nəhəng həcmdə - 2,4 milyon dollar ayırdı. Qrant müsabiqəsi tələsik keçirildi və "müraciətlərin təqdimat müddəti" kimi 30 iyun - 7 iyul 2014-cü il tarixinə müəyyən olundu.

Eyni zamanda, USAİD-in Azərbaycandakı ofisi qrant elanının media və ictimaiyyətə çatdırılmasında şəffaflığı da təmin etmədi.

Ölkədəki qəzetlərin və informasiya agentliklərinin tam əksəriyyətinin bu "müsabiqə"dən xəbəri yoxdu.

USAİD-in Azərbaycandakı ofisinin bu cür qrant elan etməsi tamamilə formal xarakter daşıyırdı. Artıq onlar əvvəlcədən kimlərin layihəsini qəbul edəcəklərini, kimlərə qrant verəcəklərini müəyyənləşdirmişdilər.

Arif Əliyev indi KİVDF-ni və ümumiyyətlə, Azərbaycanda dövlətin mediaya yardımlarını sərt tənqid edir.

Maraqlıdır, onun aktiv fəaliyyətdə olduğu illərdə Azərbaycan mediasına müxtəlif "qrant"lar vasitəsilə ayrılmış pullar hara, kimlərə, nə üçün verildi - bu barədə tam şəffaf, obyektiv açıqlamaları nə zamansa eşidəcəyikmi?

Arif Əliyevin "Gün Səhər" qəzeti kimi layihəsi nədən qısamüddətli oldu və bu layihədə Corc Sorsun "Açıq Cəmiyyət İnstitutu"nun rolu nə idi?

NED, USAİD, İREX,"Fridrix Nauman Fondu" və daha 26 (!) təşkilat "mediaya dəstək" adı ilə on milyonlarla dolları paylayanda Azərbaycanın regionlarındakı mətbuatın inkişafına dəstək üçün hər hansı layihə həyata keçirildi?

Arif Əliyev "KİVDF müsabiqələr keçirmək, redaktorların xaricə səfərlərini təşkil etməklə işini bitmiş sayır" deyir.

Əcəba, "Media açarı" müsabiqəsini keçirən, jurnalistlər üçün bitmək bilməyən "seminar"lar, "treninq"lər təşkil edənlər kimlərdi?!

Adi bir fakt: həmin illərdə Qubadakı otellərdən birində jurnalistlər üçün "treninq" təşkil olunmuşdu. 8 jurnalist və redaktorun Qubaya üçgünlük səfəri təşkil olundu, yedilər, əyləndilər, istirahət etdilər, aradabir də otelin konfrans zalına toplaşıb "təlimatçı"ları dinlədilər.

Həmin jurnalistlərlə redaktorlar, təbii, "seçilmiş" medianın nümayəndələri idilər.

O illərdə Gürcüstanda, xüsusilə də Tbilisidə təşkil edilən çoxsaylı "ixtisasartırma görüş"ləri, seminar və treninqlərin təşkili adı ilə neçə milyonlarla dolların həzm-rabedən keçirildiyini hesablayaqmı?!

Hansısa qrantı almaq üçün layihə hazırlamış jurnalistə "Sənin möhürün yoxdur, qrant ala bilməzsən" deyəndən sonra təqdim olunan layihədə göstərdiyi məbləğin 30 faizini "şapka" qismində tələb edənlərin kimliyini Arif Əliyev unudub?!

Və ən nəhayət, AXCP ilə Müsavatın qanunsuz maliyyələşməsi üçün onlarla "cib QHT-si"nə milyonlarla dollarlıq qrantların ayrılmasını, o məbləğlərin necə nağdlaşdırılaraq partiya rəhbərliklərinə ötürülməsi mexanizmini xatırlatmağa lüzum varmı?!

Arif Əliyev "müstəqil media"dan bəhs edir. O, bu illüziyaları gənclərə danışa bilər, bizə yox. Çünki onun "media funksioneri" olduğu dönəmlərdə Azərbaycanda müstəqil qəzetləri bir əlin barmaqları ilə saymaq olardı. Qəzetlər ya partiyaların, ya maliyyə oliqarxlarının, ya da məmurların "divar vərəqələri" idilər.

İndi sinəsinə döyərək KİVDF-ni "sərt tənqid edən", "mətbuat azadlığı"ndan dəm vuraraq jurnalistlərə "nəsihətlər" verən "məşhur media siması", əslində, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin "mirzə"si deyildimi?!

Rüsvayçılıq o həddə çatmışdı ki, Sumqayıtda avtomobil alveri ilə məşğul olan birisi qəzet açdırmışdı və o qəzetə də 230 min dollarlıq "layihə qrantı" ayrılmışdı. Pulun 226 min dolları elə qrant verən təşkilatın Bakı ofisində üç nəfər arasında bölüşdürüldü.

Azərbaycanda "rəngli inqilab" hazırlayan ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) Bakıdakı nümayəndəliyinin o dönəmdəki rəhbəri Aleks Qriqoryevs özünün bank hesabından 2 milyon dollara yaxın vəsaiti çıxarıb bəzi QHT-lərə, konkret şəxslərə paylamışdı?!

Və ən nəhayət, 20008-2013-cü illərdə təqribən 7,43 milyon dollarlıq "media qrant"larını alan şəxslərin, əslində, media ilə heç bir əlaqəsi yoxdur.

Arif Əliyev indi "qəmli müdrik" obrazı alıb. Halbuki o, mediada aktiv fəaliyyətdə olduğu illərdə bir çox əcnəbi donor təşkilatlarının "Azərbaycanda kütləvi informasiya vasitələrinə dəstək layihələri" adı altında pulları qapalı şəkildə özlərinə yaxınlığı ilə seçilən QHT-lərə ötürdüklərini, ortada heç bir şəffaflığın olmadığını, həmin layihələrdə hansı fəaliyyətin nəzərdə tutulduğu da dövlət üçün qaranlıq qaldığını nə tez "unudub"?

Olmaya o illərdə "mediaya yardım" adlı genişmiqyaslı, çoxşaxəli mafioz şəbəkənin üzvlərinin adlarına pul aldıqları kasıb jurnalistlərdən fərqli olaraq milyonçulara çevrildiyi, ev, ofis, bahalı avtomobil aldıqları da "əssasız iddia"lardır?

Bunlar verə biləcəyimiz sualların çox az, cüzi hissəsidir.

Həmin on milyonlarla dollarları mənimsəyənlərdən fərqli olaraq, KİVDF-dən maliyyə yardımı almış qəzet redaksiyaları məsrəflərini istənilən an, asanlıqla, şəffaflıqla açıqlaya bilərlər.

Fərq də budur.

Elçin Alıoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.