Cəmiyyət

Mühakimə, təhlil qabiliyyətinə yox, yaddaşa və əzbərçiliyə yönələn suallar

11 Fevral 2019 05:30
0 Şərh     Baxış: 1 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarix fənni üzrə olimpiada sualları müzakirəyə səbəb oldu 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Respublika fənn olimpiadasında tarix fənnindən olimpiada sualları ilə bağlı müəllimlər arasında haqlı narazılıqlar var. Anlayırıq ki, sualların çətinlik səviyyəsi yüksək olmalıdır. Amma qeyd etməliyəm ki, bu suallar yeni təhsil proqramına (kurikulum) və onun tələblərinə qətiyyən uyğun deyil. Suallar sırf YADDAŞ və ƏZBƏRÇİLİK tələb edir, şagird təfəkkürünü yoxlamır, təəssüf ki.. Biz bununla hara gedirik, geriyəmi qayıdaq yoxsa?!! Ötən il də belə olmuşdu, bu il isə suallar daha kəskin səviyyədə yaddaşa yönəlib..."
 
Tarix müəllimi Pərviz Ağalarovun "Facebook"da yer alan statusu olimpiada hazırlığı suallarının çətinliyi ilə bağlı səslənən fikirlərlə üst-üstə düşsə də, müəllimin fərqli arqumentləri var. Belə ki, tarix üzrə respublika fənn olimpiadalarına hazırlıq suallarında yanlışlıqlar olduğunu bildirən müəllim, sualı tərtib edənlərin kurikulum standartlarından xəbərsiz olduğunu iddia edir: "Müasir təhsil proqramı - kurikulum proqramı yaddaş və əzbərçilik məktəbindən təfəkkür məktəbinə keçidi nəzərdə tutan proqramdır. Bu, şagirdlərin müstəqil mühakimə yürütməyə,  təhlil qabiliyyətlərini formalaşdırmağa yönələn proqramdır. Dərsliklər də bu proqrama əsasən yazılır. Amma olimpiada sualları arasında bircə dənə düşündürücü, mühakimə qabiliyyəti olanı yoxdur. Bu suallar yalnız yaddaşa və əzbərçiliyə yönəlib. Yəni ən yaxşı yaddaşı olan şagird, olimpiada suallarına cavab verə bilər. Ancaq biz əslində sərbəst düşüncəyə, mühakimə və analiz qabiliyyətinə malik şagirdləri olimpiada üçün seçməliyik. Təəssüf ki, hazırlanan suallar buna imkan vermir. Hazırkı olimpiada sualları ənənəvi qaydada tərtib olunub - nə diaqramlar, nə qrafiklər, nə situasiya sualı üçün mətn var. Situasiya sualı şagirdləri düşünməyə məcbur edir, onların müstəqil yanaşmalarını tələb edir. Amma hazırkı olimpiada sualları təxminən 10 il əvvəlki suallar kimidir və yenə də ənənəvi qaydada hazırlanır. Suallar şagirdlərin mühakimə təfəkkürünün yoxlanmasına yox, yaddaşının yoxlanmasına yönəlib. Problem də bundadır".
 
Tarix müəllimi iddia edir ki, olimpiada sualları sırasına dərslikdə olmayan mövzularla bağlı suallar da daxil edilir: " Mancur hökmdarı Fulinin hakimiyyəti dövrü ilə bağlı sual kökündən yanlışdır. Onun hakimiyyət illəri dərslikdə yoxdur, amma şagirddən tələb olunur ki, Fulinin hakimiyyəti dövrünə uyğun gələnləri tapsın. 8-ci sinif dərsliyində hökmdarın hakimiyyəti verilmədən şəkli yer alıb. Onun hakimiyyət illəri də göstərilməyib. Sual isə "Fullinin hakimiyyəti dövrü"nə aiddir. Şagirdin bu sualın cavabını tapması qətiyyən mümkün deyil. Əgər sual "İlk Mancur hökmdarlarının dövrünə" aid olsaydı, daha aydın olardı. Bu baxımdan, sual yanlışdır. Dərsliklərdə getdikcə hökmdarların hakimiyyət illəri ixtisar edilir, əsas diqqət hadisələrin mahiyyətinə və görülən tədbirlərə yönəldilir, amma indi belə çıxır ki, şagirdlər bütün diqqətini boş rəqəmlərə, əhəmiyyətsiz hadisələrə yönəltməlidirlər ki, olimpiadada beş-on sual yazsınlar".
 
Tarix müəllimi olimpiada suallarında "Ümumi tarix"lə bağlı sualların "Azərbaycan tarixi"nə nisbətən daha çox yer aldığı fikrindədir: "9-cu sinif  "Azərbaycan tarixi"nin "Cümhuriyyət" bölməsi var. Bundan əlavə, Azərbaycanın iftixar hissi duyduğumuz Səfəvilər, Ağqoyunlu, Qaraqoyunlu kimi maraqlı dövrləri var. Ancaq bu dövrlərlə bağlı suallar daxil edilməyib, əsasən Çin, Yaponiya haqqında suallar salınıb. Yəni Azərbaycan tarixindən suallar böyük üstünlük təşkil etmir. Azərbaycan tarixindən cəmi 13 sualdır. Xeyli hissəsi dünya tarixində də olan suallar olduğundan, təxminən 9-a gəlib çıxır. Sualların çoxunu ümumi tarix sualları təşkil edir. "Ümumi tarix"in sualları arasında da Avropanın aparıcı ölkələrinin tarixindən bəhs edən suallar yoxdur".
 
P.Ağalarov hesab edir ki, olimpiada sualları müasir kurikulum proqramına uyğun hazırlanmalıdır. Həmçinin bu sualların hazırlanmasına dərslikləri, sahəni daha yaxşı bilən peşəkar kadrlar dəvət olunmalıdır: "Ola bilsin ki, fənn olimpiadaları mərhələli olduğundan, nazirlik bunu ilkin mərhələ kimi edib. Birinci mərhələ olsa belə, dediyim şərtlər təmin olunmalıdır. Çünki şagirdlərin fənnə marağı azalır. Tarixdən olimpiadaya getmək istəyən uşaqlar demək olar ki, yox dərəcəsindədir". 10-11-ci siniflərin tarix dərsliklərinin müəllifi olduğunu deyən P.Ağalarov, dərsliklərdə kifayət qədər mənbələrə yer ayırdıqlarını deyir. Hansı ki, şagirdlər həmin mənbələrlə rahat işləyib təfəkkürlərini inkişaf etdirə bilirlər: "Suallar həmin mənbələr əsasında da hazırlana bilər. Biz indi həmkarlarla məsələ ilə bağlı sualları analiz edirik. Yəqin ki, bütün bu nöqsanlarla bağlı nazirliyə müraciət edəcəyik. Ümidvaram ki, Təhsil Nazirliyi də məsələyə müsbət yanaşacaq".

Ağalarovun və həmkarlarının tarix fənni üzrə olimpiada sualları ilə bağlı iradı məsələyə ikili baxış tələb edir. İlk növbədə ölkədə olimpiada hərəkatının genişləndiyini, təhsil nazirinin müvafiq əmrinə əsasən, istedadlı şagirdlərlə işin genişləndirilməsi məqsədi ilə pilot layihə kimi rayonlarda xüsusi siniflərin yaradılmasını, ümumən istedadlı şagirdlərlə məqsədyönlü işlərin görülməsini və respublika fənn və beynəlxalq olimpiadalarda qazanılan müəyyən nailiyyətləri nəzərə almalıyıq. Digər tərəfdən, iş olan yerdə nöqsanların olması təbiidir. Bəs nöqsanların aradan qaldırılmasına cəhd necə?

İradlarla bağlı suala Təhsil Nazirliyindən "Respublika fənn olimpiadalarında istənilən fənn üzrə tapşırıqlar təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş münsiflər heyəti tərəfindən hazırlanır" cavabını aldıq: "Sualların səviyyəsi və ya müvafiqliyi baxımından müxtəlif fikirlərin olması təbiidir. Ancaq əsaslı iddia və ya narahatçılığı olan hər hansı fənn müəllimi, sivil qaydada Təhsil İnstitutunun istedadlı şagirdlərlə iş şöbəsinə müraciət edə bilər".

Tarix müəlliminin statusu və ona yazılan çoxsaylı rəylər "Fənn olimpiadalarının sualları necə hazırlanır?" sualını gündəmə gətirdi. Sualların hazırlanmasına tanınmış alimlərin, mütəxəssislərin cəlb olunduğunu nəzərə alıb, AMEA-nın Tarix İnstitutuna telefon açdıq. Direktor müavini Cəbi Bəhramov institutun mütəxəssislərinin adətən dərsliklərin ekspertizasında iştirak etdiyini bildirdi: "Açığını deyim ki, olimpiada suallarının hazırlanması ilə bağlı heç bir məlumatım yoxdur. Yəni bu suallar bizim ekspertizaya yönəlməyib". 

Tarixçi alim Solmaz Tohidi də olimpiada hazırlığı suallarından xəbərsiz olduğunu söylədi: "Mən əsasən dərsliklərdən narazıyam. Böyük təəssüf doğuran məqamlar dərsliklə bağlıdır. Əgər dərsliklərlə ciddi şəkildə məşğul olmasalar, digər işlər çətin ki, düzəlsin. Çünki olimpiada sualları da dərsliklərin üzərində qurulur. Dərslikdə konsepsiya yoxdur. "Tarixi öyrətməklə biz bu uşaqdan nə istəyirik?" sualına cavab yoxdursa, onda məsələnin həlli tapılmayacaq. Tarixi oxuyan ilk növbədə vətəndaş olmalıdır. Ümumi konsepsiya olmalıdır - mənim nəzərimdə hər şeyin kökü budur". 

Qeyd edək ki, tarix fənni üzrə fənn olimpiadasının cavabları bu günlərdə açıqlanacaq. Bu, səslənən iradlara qismən cavab da ola bilər. Yaxşı ya pis mənada - bunu isə cavablar göstərəcək...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.