Cəmiyyət

Muğam dunyasına səyahət - FOTO

9 İyul 2019 07:35
0 Şərh     Baxış: 382

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi olan "Muğam dünyasına səyahət" adlı silsilə konsert proqramlarının ilk tədbiri iyul ayının 5-də Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində reallaşıb.

Beynəlxalq Muğam Mərkəzindən Milli.Az-a verilən məlumata görə, mərkəz və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçən tədbir qəsəbə sakinləri tərəfindən böyük marağa səbəb olub. Belə ki, layihənin ilk konserti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və belə bir ideyanın həyata keçirilməsi qəsəbə sakinləri tərəfindən alqışlanıb.

Gənc və sevilən xanəndələr Hüseyn Məlikov, Gülzar Fərəcova, Sədəf Budaqovanın çıxışları gur alqış sədaları ilə müşayiət olunub. Xalq mahnılarımız, muğamlarımızdan ibarət proqramda xanəndələri tarda Saleh Salahov, kamançada Fərrux Haşımlının rəhbərliyi ilə ansambl müşayiət edirdi. Bir-birindən maraqlı çıxışlar qəsəbə sakinlərinə əsl yay istirahəti və muğamlarımızın dərin fəlsəfəsindən bəhrələnmək imkanı yaradıb. Qəsəbə ağsaqqallarının, gənclərin və müxtəlif peşə sahiblərinin tamaşaçı qismində qatıldığı konsert proqramı UNESCO mədəni irs siyahısında qorunan muğam sənətimizin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edib. Məharətli ifalar və xoş atmosferdə davam edən konsert proqramının sonunda tamaşaçılar xanəndələri bir neçə dəqiqə sürəkli alqışlayaraq təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi 10 illik fəaliyyətinin yekun mövsümündə daha bir maraqlı layihə ilə musiqisevərlərin görüşünə gəldi. "Muğam dünyasına səyahət" adlı silsilə konsert proqramları iyul ayından start götürərək ilin sonuna kimi davam edəcək. İsti yay günlərində ən gözəl istirahəti milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarının sədaları ilə keçirmək istəyənləri tətil boyu təşkil olunacaq muğam axşamlarına dəvət edirik. Tamaşaçıların estetik zövqünə və xoş istirahətinə müsbət təsir göstərəcək konsertlərdə tanınmış muğam ifaçılarımız muğamlarımız, xalq mahnılarımız və təsniflərdən ibarət rəngarəng proqram təqdim edəcəklər.

Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq.
Növbəti konsertlər isə 25 iyul - A.R. Qobustanlı adına Mədəniyyət evi, 9 avqust - Binəqədi Mərkəzi Mədəniyyət evi, 27 avqust - Mərdəkan Mədəniyyət Sarayında reallaşacaq.

Beynəlxalq Muğam Mərkəzi bu günə kimi bir çox birgə layihələrə imza atıb. Televiziya kanalları, səfirliklər, müxtəlif təşkilatlarla reallaşan uğurlu layihələr sırasında ötən ay Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan "Caspian etüd" Beynəlxalq gənc pianoçuların müsabiqəsini misal çəkə bilərik. BMM həm ölkə daxilində həm də beynəlxalq əhəmiyyətli birgə layihələri fəaliyyətinin əsas istiqaməti kimi davam etdirməkdədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.