Cəmiyyət

Turizm Bürosunun baş icraçı direktoru: "Azərbaycan dünya üçün kəşf olunmamış, unikal ölkədir"

23 Yanvar 2019 12:32
0 Şərh     Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiçik ölkə olan Azərbaycan vaxtilə Sovet İttifaqının tərkibinə daxil idi. Zəngin neft-qaz ehtiyatları olan bu ölkə Xəzər dənizinin qərb sahilində yerləşir. Son dövrlərdə o, turizm sahəsinə böyük diqqət göstərir. Azərbaycan təkcə qonşu Rusiya, İran, Türkiyədən turist cəlb etmək niyyətində deyil. O, həm də Uzaq Şərqdən - hazırda Hindistandan, yaxın gələcəkdə isə Çindən turistlərin cəlbinə çalışır.

Azərbaycan bu ay Hindistanda keçirilən SATTE 2019 sərgisində diqqət mərkəzində olan ölkələrdən biridir. Bu üzdən, "The Times of İndia"nın əməkdaşı Svati Matur Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidlə görüşüb və hindistanlı turistlərin bu ölkəyə nəyə görə səfər etməli olduğu haqda söhbətləşib.

- Azərbaycan niyə özünü hindistanlı turistlər üçün səfər etməli istiqamət kimi göstərmək istəyir?

- Azərbaycan iqtisadiyyatı uzun illər neft-qaz üzərində qurulmuşdu. Amma son illərdə enerji sahəsilə yanaşı, turizm də vacib sektora çevrilib. Artıq turizm sektoruna arxalanmaq olar. 2017-2018-ci illərdə Hindistandan Azərbaycana gələn turistlərin sayında artım müşahidə etmişik. Məsələn, ötən il onların sayı 40 minə çatıb. Bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə 175%-lik artım deməkdir. Düzdür, bu göstərici böyük görsənməyə bilər. Çünki Hindistan bazarı çox nəhəngdir. Amma əsas odur ki, artıq bu ölkədə Azərbaycana maraq var.

Bundan başqa, Azərbaycana gələn hindistanlıların sayının artması üçün potensial da var. Yeri gəlmişkən, Azərbaycan Turizm Bürosunun ötən il nümayəndəlik açdığı 6 ölkədən biri Hindistan olub. Büromuz və mediadakı tərəfdaşlarımız Hindistan bazarını təhlil edir. Biz onlar üçün hansı imkanları yarada biləcəyimizi başa düşmək istəyirik.

Azərbaycan ölkəni yeni brend adı altında tanıtmaq məqsədilə bu yaxınlarda "Yenidən fərqli baxışla bax" kampaniyasına start verib. Bununla, ölkədəki turizm təcrübəsini göstərmək istəyirik.

Azərbaycan turistlər üçün yeni istiqamətdir. Eyni zamanda o, əlçatan ölkədir. Bu, gəm məsafəyə, həm də qiymətlərə aiddir. Burada valahedici dəbdəbədən zövq almaq mümkündür. Şəxsən mən Hindistanı çox sevirəm. Amma orada qiymətlər heç də ucuz deyil. Hindistan rupisi ilə Azərbaycan səfər isə sərfəlidir.

Ümumiyyətlə, Azərbaycanın rəngarəng turizm təcrübəsi var. Bakıda müasir və rahat istirahət məkanları mövcuddur. Məsələn, gözəl restoranlar, ticarət obyektlərinin sıralandığı küçələr, "Mall"lar, gəzinti yerləri, Xəzər dənizinin sahili, həmçinin maraqlı gecə həyatı. Digər tərəfdən, Bakıdan 2 saatlıq məsafədə yerləşən kənd həyatı ilə tanış ola bilərsiniz. Paytaxtdan cənubda səhra, palçıq vulkanları, ceyranların məskunlaşdığı dövlət qoruqları var. Bundan əlavə, Naftalanda neft vannası qəbul etmək mümkündür. Kiçik ölkə olan Azərbaycan 9 iqlim zonasına malikdir. Odur ki, burada turizm təcrübəsi rəngarəng, eyni zamanda əlçatandır.

Azərbaycan səyahətə tək yollanmağı sevənlər üçün də təhlükəsiz istiqamətdir. Çünki azərbaycanlılar tolerantdır.

- Azərbaycana səfər etmək nə qədər asandır?

- Ötən ildən hindistanlı turistlər Azərbaycana elektron viza ilə səfər edə bilir. Qeydiyyatdan keçmək çox sadədidir və bu, onlayn həyata keçirilir. Azərbaycana 3 saat ərzində viza almaq olar. Vizanı printerdən çıxarırsınız və yola düşürsünüz.

Bu gün hindistanlı turistlər Azərbaycana Fars körfəzinin sahilində yerləşən ərəb ölkələri vasitəsilə səyahət edir. Amma yaxşı xəbər də var. Bu yaxınlarda Dehli ilə Bakı arasında birbaşa reyslər açılacaq. Bu gün həftə ərzində neçə uçuşun olacağı üzərində işlər gedir. Ümid edirik ki, bu uçuşların sayı birdən çox olacaq. Bu ilin fevralında bununla bağlı rəsmi açıqlama olacaq. Martdan etibarən isə Azərbaycan aviaşirkətləri Bakıdan Dehliyə birbaşa uçuşlar həyata keçirəcək. Dehlidən Bakıya 4 saat yarıma çatmaq mümkündür. Bu gün Hindistanın aviaşirkətləri də Azərbaycan bazarını araşdırır. Ümid edirəm ki, birbaşa uçuşlar Hindistan bazarına çıxışımızı asanlaşdıracaq.

- Azərbaycana ilk dəfə gələn turistlərə nə məsləhət verərdiniz?

- Azərbaycan dünya üçün kəşf olunmamış, unikal ölkədir. Bakının cənubundakı palçıq vulkanlarından, paytaxtdan 2 saatlıq məsafədə yerləşən Naftalandakı neft vannalarına qədər olan məkanlar şəhər kənarında yerləşir. Ölkənin təbiətindən də zövq ala bilərsiniz. Azərbaycan turistləri qısa müddətdir ki qəbul edir. Buna görə ölkə təbiəti toxunulmaz olaraq qalır: avropalılarla müqayisədə azərbaycanlılar vadilərdəki otlaqlara, dağlara çox az təsir göstərib. Avropada turizm təcrübəsi daha çox kurortlara əsaslanır. Azərbaycanda isə hər şeyi özünüz kəşf edirsiniz. Ölkədə turizm təcrübəsinin ən gözəl hissəsi isə masanın hər zaman möhtəşəm yeməklərlə dolu olmasıdır.

Azərbaycanla Hindistanın mədəniyyətində və dəyərlərində ümumiliklər çoxdur. Məsələn, UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməyə namizəd olan "Atəşgah" məbədində sanskrit dilində yazılar var. Hindistanlılar bu məkanı, həmçinin şərab turlarına çıxa, əl işlərinin satıldığı Lahıc kimi kəndlərə yollana bilər. Belə kəndlərdə mis və ipəkdən məhsullar da satılır.

Hətta Azərbaycanın paytaxtı Bakıda belə, ölkənin qədim tarixini görəcəksiniz. Divarlarla əhatə olunmuş İçərişəhərin qədim məkanlarını, dar küçələrini görməyə dəyər. Digər tərəfdən, Bakıda Zaha Hadidin memarı olduğu tikili daxil olmaqla, müasir binalar da az deyil. Ölkəmizdə istər 5 ulduzlu brend otellər, istərsə də yerli kiçik otellər var.

- Azərbaycan hansı tip turistləri qəbul etmək istəyir?

- Azərbaycanın turizm imkanları 4 və ya 5 kateqoriyaya bölünür. Məsələn, tək səfər edənlər, gənc kişi və qadın qrupu, ailələr, bayramları - toy, ad günü, yubileyi qeyd etmək üçün gələnlər. Bununla yanaşı, müxtəlif konfransların, tədbirlərin və s. keçirilməsi üçün də paketlərimiz var.

Bu gün Azərbaycan kinematoqrafiya sahəsinə aid layihə üzərində də işləyir. O, bununla Hindistanın film sənayesini ölkəyə cəlb etmək niyyətindədir. Bu yaxınlarda aktyor Ram Şaranın baş rolu ifa etdiyi, Azərbaycanda çəkilmiş Hindistan filminin premyerası olub.

THE TIMES OF INDIA, Hindistan
23.01.2019 

Müəllif: Svati Matur

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.