Cəmiyyət

Cənub bölgəsində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTO

20 Yanvar 2019 19:48
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 20-də ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsində də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Astara şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların nümayəndələri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin təmsilçiləri və şəhər sakinləri "Şəhidlər" abidə-kompleksinin önünə əklil və gül dəstələri düzüblər.

Anım tədbirində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə qeyd olunub ki, Azərbaycan xalqının tarixinə 20 Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin qanlı qış gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən həmin gün cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətinin, öz azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qalxan xalqın isə məğrurluğunun nümayişi idi.

Yanvar faciəsi törədilən günlərdə Moskva şəhərində yaşayan ulu öndər Heydər Əliyev heç bir təzyiqdən və təqibdən çəkinməyərək, özünün və doğmalarının həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gələrək 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi tələbi ilə bəyanat verib. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilməmiş, həmin faciədə həlak olan Vətən övladları şəhidliyi ilə tariximizə parlaq səhifə yazıblar.

Diqqətə çatdırılıb ki, həmin müdhiş qış gecəsində imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən iki nəfəri astaralı idi. Bunlar rayonun Balaca Şahağac kənd sakini, iki uşaq atası Əliyev Çingiz Mirzəhüseyn oğlu və Səlivə kənd sakini Əsgərov Novruz Faiq oğludur.

Ümumxalq hüzn günü ilə əlaqədar rayonun ərazisində dövlət bayraqları endirilib, saat 12:00-da bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.

XXX

Masallı şəhərindəki "Qəhrəmanlar parkı"nda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə keçirilən ümumrayon tədbirində azadlıq mücahidlərinin xatirəsi ehtiramla yad edilib.

Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, məktəblilər, ziyalılar, İkinci Dünya və Qarabağ müharibələrinin veteranları və ictimaiyyətin təmsilçiləri 20 Yanvar şəhidlərinin abidəsi önünə əklillər, gül dəstələri düzüblər.

Tədbirdə qeyd olunub ki, 1990-cı il yanvarın 19-da Bakıya sovet ordusunun hərbi hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciə ilə nəticələndi. Bu xalqımıza qarşı soyqırımı, haqqa-ədalətə vurulan ağır zərbə, bəşəriyyətə, humanist ideyalara yönələn terror aktı idi.

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifələri kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canından keçərək şəhidlik zirvəsinə yüksəldilər.

Mərasimdə Masallı Xalq Teatrının üzvlərinin və Masallı Dövlət Regional Kollecinin həvəskar aktyorlarının ifasında "Haray" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

XXX

Cəlilabad şəhərində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar keçirilən mərasimdə şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyətin nümayəndələri Cəlilabad şəhərinin mərkəzindəki Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin həkk olunduğu mərmər lövhələrin önünə tər qərənfillər düzüblər.

Anım mərasimində xalqımıza qarşı törədilən Qanlı Yanvar faciəsinin başvermə səbəbləri barədə danışılıb.

Qeyd olunub ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində dağılmaqda olan Sovet imperiyası öz ömrünü uzatmaq, müstəqillik uğrunda mübarizəyə qalxmış xalqları bu mübarizədən çəkindirmək üçün qanlı qırğınlar törətməkdən belə çəkinməyib.

Belə qanlı hadisələrdən biri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilib. Həmin vaxt müstəqillik arzusu ilə meydanlara çıxan əliyalın, günahsız insanlara qarşı sovet ordusu birləşmələri tərəfindən bəşəri cinayət törədilib.

Bildirilib ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən ümummilli lider Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib.

Qanlı Yanvar faciəsi ilə bağlı Ulu Öndər tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasından xəbər verirdi.

XXX

Yardımlıda da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb.

Səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 Yanvar şəhidlərinin abidə-kompleksinin önündə azadlıq mücahidlərinə hörmət və ehtiramlarını ifadə ediblər.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanların, idarə, müəssisə və təşkilatların nümayəndələri, məktəblilər, ziyalılar, İkinci Dünya və Qarabağ müharibələri veteranları, ictimaiyyətin təmsilçiləri abidə-kompleksin önünə əklillər, gül dəstələri düzüblər.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.

Həmin gün rayonda yaşayan şəhid ailələrinə ərzaq məhsullarından ibarət maddi yardımlar edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.