Cəmiyyət

Daş üzərində sənət yaradan qız - FOTO

10 Fevral 2019 19:29
0 Şərh     Baxış: 3 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gülnar Babayeva: "Rəsmdən çox, onun təqdimatı üzərində işləməyə vaxt sərf edirəm" 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"İşimi bitirəndən sonra ona həm də müştərinin, hədiyyəni alacaq adamın gözü ilə baxıram. Bəzən iş tam hazır olanda özümə sual vermişəm ki, mənə belə hədiyyə versələr, xoşuma gələr? Sualdan sonra düşünmüşəm ki, bunu daha gözəl edə bilərdim. Təzədən başqasını işləyib müştəriyə təqdim etmişəm. Düzdür, bu, nadir hallarda olur, amma yenə də yaxşı olmayan işi müştəriyə təqdim etmək ürəyimdən gəlmir". Bu sözləri bizimlə söhbətində ovuc içi boyda daş üzərində sənəti ilə böyük xatirələr canlandıran Gülnar Babayeva söylədi. O işlərini "İnstaqram"da "Stone arte" səhifəsində paylaşır.

21 yaşlı Gülnar əsasən, daş üzərində rəsm çəkir. Amma geyimlər, çantalar üzərində rəsmləri də az deyil. O, ilk olaraq sadəcə, maraq üçün bunu sosial şəbəkədə paylaşıb, lakin sonra sifarişlər gəlməyə başlayıb və bu da onu, işi daha da təkmilləşdirməyə həvəsləndirib: "Hələ əvvəllər "İnstaqram"da bir səhifə açdım, filmlərlə bağlı paylaşımlar edirdim. Arada özüm üçün daşlar üzərində rəsmlər çəkirdim. Səhifəni yaradandan sonra fikirləşdim ki, daş üzərində həmin filmlərin afişalarını çəkib paylaşım. Fərqlilik üçün belə etdim. Amma heç bir ay keçmədən daş üzərində rəsm çəkməklə bağlı sifarişlər gəldi. Sifarişlər olduqca, bu sahədə insanların maraq dairəsini araşdırdım. Gördüm ki, maraq göstərənlərin böyük qismi gənclərdir, onların maraq dairəsinə uyğun istiqamətdə işləməyə başladım. Özümü təkcə daşlarla da məhdudlaşdırmıram, geyimlərin, çantaların üzərinə də çəkirəm. Daha çox hədiyyəlik yöndə işlər hazırlayıram. Səhifəm də bu istiqamətdədir".

"Ad seçimi üçün çox da baş sındırmadıq"

Sifarişlər artdığında, səhifənin adını dəyişir: "Əvvəllər, filmlərlə bağlı idi, amma bu sahəyə yönələndən sonra artıq daşla bağlı bir ad seçməli idim. Düzü, ad seçimi üçün çox da baş sındırmadıq. "Daş sənəti"ni ingilis dilində "Stone arte" yazdıq".

Müsahibimiz deyir ki, əsas rəssamlıq bacarığının olmasıdır, bu, varsa, daş, kağız, taxta və s. əşyalar üzərində çəkmək mümkündür: "Uşaq vaxtlarımdan bəri rəsm çəkdiyimi deyə bilmərəm, amma rəsmə marağım olub, ara-sıra çəkmişəm. Kurslara da getmişəm, lakin uzunmüddətli olmayıb, daha çox üzərimdə işləməklə özümü təkmilləşdirmişəm. Bu işdə isə internet köməyimə çatıb. Videolara baxırdım, ordan öyrəndiklərimi tətbiq edirdim. Daş üzərində çəkməyi də internetdə görmüşdüm, maraqlı gəldi və mən də buna yönəldim. Ümumiyyətlə, bacarığın olandan sonra rəsmi taxta, yarpaq üzərində də çəkmək olur. Daş üzərində gördüyüm daha çox diqqətimi çəkdi deyə, bunu etdim".

"Müştəriyə "mən bunu çəkə bilmirəm" dedim"

Daş üzərində rəsm çəkmək isə heç də asan deyilmiş: "Bu, kağız üzərində işləməkdən daha çətindir. Əsasən də, insan üzünü işləmək. Hətta o sifarişləri artıq qəbul etmirəm. İlk başlayanda çətinliyim çox idi. Çünki çox da məlumatlı deyildim. Məsələn, yağlı boyadan istifadə edirdim, gec quruyurdu, sifarişləri gec çatdırırdım. Lakin sonra gördüm ki, akril boya daş üzərində daha yaxşıdır. Təcrübə artdıqca, iş də təkmilləşir".

Gülnar daş üzərində portret çəkməkdən imtina etməsinin səbəbindən də danışdı: "Portretlər böyük kətan üzərinə çəkiləndə daha yaxşı olur. Daş xırda olduğu üçün bir santimetrin üstündə insan üzü çəkməlisən. Üzü daş üzərində çəkmək çox vaxt alır, 2-3 gün gedir. Ona görə, belə sifarişləri qəbul etmirəm. Düzdür, çəkirəm, alınmayanda yenə cəhd edirəm. Amma bir dəfə heç alınmadı, müştəriyə "mən bunu çəkə bilmirəm" dedim. Portret sifarişi idi. İnsanlar belə məqamda bəzən anlayışla qarşılayırlar, bəzən yox".

"Bəzən müştərilərin gösəl fantaziyaları olur"

Müsahibimizə işləri ilə bağlı ən çox verilən sualı biz də ünvanladıq: "Bunlar adi daşlardır? Hər hansı özəlliyi varmı?" O da gülə-gülə cavabladı: "Adi daşlardır. Əsasən, çay daşları seçirəm. Belə xüsusi özəlliyi olmur, hamar olsa, yetər. Əl içi boyda daşları seçib üzərində işləyirəm".

Gülnar işə ilk başladığında "Daşı kimdir alan" tipli sualları ona ünvanlayanlardan da danışdı: "İlk dəfə belə bir işlə məşğul olduğumu eşidənlər "daşa pulu kim verər?" deyirdilər. Hələ də belə fikirləri səsləndirənlər var. Hətta əvvəl anam da "boş işlərlə məşğul olma, dərslərinə fikir ver" deyirdi. Amma zaman keçdikcə o da bu işi qəbul etdi. Mən dərslərimə ayıracağım zamanı kəsib bu işə vermirəm".

Bir az qəribə gəlsə də, Gülnar kaprizli müştərilərlə işləməyi sevir. Deyir ki, bu zaman daha gözəl iş ortaya çıxır: "Bəzən müştərilərin gözəl fantaziyaları olur. Təxminən, istədiyi bir rəsmi izah edir. Məsələn, deyir ki, belə bir mənzərə olsun, günəş çıxsın və s. Artıq onu sənət formasında işləyib təqdim etmək mənim üzərimə düşür. O, sadəcə, ideya verir. Belə işlərdə düzü, çox çətinlik çəkirəm. Amma ən çox sevdiyim də kaprizli müştərilərdir. İdeyanı verirlər, mən isə öz fantaziyamı ora qatıram. Bir müştərim var idi, ən xırda detala qədər üstünə düşürdü. Düzdür, müştəri çox kaprizli olanda adama iş daha çox əziyyət verir, amma nəticədə o işlərdən zövq alıram".

"Reklam da gözəl olmalıdır"

Müsahibimiz İqtisad Universitetində biznes və menecment fakültəsində kommersiya ixtisası üzrə 4-cü kursda təhsil alır. Deyir ki, universitetdə öyrəndikləri, bu işi idarə etməkdə, reklamını aparmaqda ona çox kömək olur: "Biznes menecmenti üzrə təhsil alıram. Universitetdə reklam dərsi keçirik. Artıq bilirəm ki, məhsulu hazırlamaqla yanaşı, həm də yaxşı reklam etməyi bacarmalısan. Məsələn, daşın üzərində rəsm çəkirəm. Onun şəklini tək də səhifəyə yerləşdirə bilərəm. Amma yanına başqa nələrsə qoyuram, effekt verirəm. Rəsmdən çox, onun təqdimatı üzərində işləməyə vaxt sərf edirəm. İnsanların diqqətini çəkmək üçün reklam da yaxşı olmalıdır".

Əgər iş böyüsə, ətrafına cəlb edəcəyi adamlar da var: "Bir qrup yoldaşım var, o da bu cəhətdən bacarıqlıdır. Hətta bir ara işi bir yerdə aparmağa cəhd etdik. Amma dərslərlə bir yerdə etmək alınmadı. Ancaq gələcəkdə bu işi daha da böyüdə bilsəm, sifarişləri tək çatdırmağım mümkün olmaz. Böyütmək fikrim olsa, başqa adamlar da cəlb edəcəyəm".

"Bəzən bir müddət heç sifariş olmayıb"

İki ilə yaxındır ki, artıq bu işi davam etdirir. Deyir ki, sifariş gəlməyən dövrlər də az olmayıb: "2017-ci ilin may ayında səhifəni açıb işə başlamışam. Bəzən bir müddət heç sifariş olmayıb. Əvvəllər daha çox ayda bir dəfə sifariş gəlirdi. 7 aya yaxındır ki, hər həftə bir neçə sifariş olur. Bayram ərəfələrində tələb daha çox olur. Sifariş olmayan zamanlarda isə özüm müxtəlif işlərimi çəkib paylaşıram, boş qalmıram. Kətan üzərində də çəkirəm, onları satmıram, evdən asıram, səhifədə paylaşıram".

Hər iş kimi, bunun da yorucu tərəfləri var. Amma müsahibimiz işinin bu tərəfindən heç də narazı deyil: "Düzdür, bəzən yoruluram, amma çox da yox. Mənim işimin saatı özümdən asılıdır. İstədiyim vaxt işləyirəm. Müştəriyə təhvil vermək zamanına az qalanda çox işləyirəm. Çünki vaxtında təhvil verilməlidir. Hədiyyəlik olduğu üçün insanlar özəl günlərdə sifariş edirlər. Özəl günə də çatdırmaq lazımdır. 3-4 gün əvvəldən götürəndə daha rahat oluram. Amma bir gün əvvəldən də götürdüyüm olub. Vaxtımın olmasına baxır".

Gülnar bu sahədə öz brendini formalaşdırmaq haqqında da düşünür, amma bunun üçün hələ ki, tez olduğu qənaətindədir: "Universitetdə bizə brend yaratmaq istiqamətində də təhsil verilir. Bu yöndə dərs keçdikcə "Stone arte" markası yaratmaq fikrinə düşürəm. Amma bu, indi olacaq iş deyil. Belə şeylər işin necə irəliləməsindən asılıdır. İşlərin necə gedəcəyini isə zaman göstərəcək".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.