Cəmiyyət

İntiharçılar özünəqəsd metodlarını necə seçir?

15 Yanvar 2019 23:56
0 Şərh     Baxış: 1 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda iki gün ərzində özünü yandırmaq yolu ilə intihar hadisələri baş verib. Ötən səhər Şəkidə 63 yaşlı kişi özünə od vurub. O, aldığı yanıq xəsarətlərindən hadisə yerində keçinib.

Bir gün əvvəl isə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində başqa bir kişi üzərinə benzin tökərək özünü yandırıb. İnsident polis bölməsinin qarşısında baş verib. Özünü yandırmazdan əvvəl 1985-ci il təvəllüdlü İslamov Tərlan Arif oğlu qarətlə bağlı şikayət ərizəsi ilə bölməyə müraciət edib. Sonradan aydın olmayan səbəbdən mübahisə yaranıb. Nəticədə, T. İslamov üzərinə benzin tökərək özünü yandırıb.

Milli.Az media.az-a istinadən xəbər verir ki, intihar metodlarından biri kimi özünü yandırma ölkəmizdə elə də geniş yayılmayıb.

Dünya miqyasında "intiharçı" bu metoda nadir hallarda əl atır. Bu, olduqca ağrılıdır. Belə ki, özünü yandıran şəxs uzun müddət anlaqlı vəziyyətdə olur və intensiv ağrı hiss edir.

Müasir təbabət yanan insanların çoxunun həyatını xilas etməyə qadirdir. İntihar edən şəxs nümayişkaranə şəkildə özünü yandıranda, əksər hallarda ətrafda olanlar alovu söndürməyə cəhd edir. Səkkiz haldan birində alovu söndürmək mümkün olur. Buna baxmayaraq, özünü yandırma yolu ilə intihara əl atan insanların təqribən 30 faizi sağ qalır. Bu isə sözügedən metodla intihar cəhdində sağ qalmaq ehtimalının o qədər də yüksək olmadığını göstərir.

Tarixdə belə metodlara, adətən, etiraz taktikası olaraq müraciət edilib. Ən məşhur belə etiraz aktı 1963-cü ildə qeydə alınıb. Thit Kuanq Dıku Cənubi Vyetnam hökumətinin buddistlərə qarşı və katolikpərəst siyasətinə etiraz olaraq özünü oda verib. 2006-cı ildə isə Malakay Riçer ABŞ-ın İraq müharibəsində iştirakına bu yolla etiraz edib. Tunisdə isə Məhəmməd Buəzizi özünü yandıraraq, "Ərəb baharının" əsasını qoyub.

"Bizim xalqı intihara meyilli adlandırmaq olmaz. Məsələ ondadır ki, bizim dində intiharın böyük günah olduğu qeyd olunur. Məhz buna görə çoxları intihardan qaçır", - deyə psixoloq Gülşən Rüstəmova bildirib.

Onun sözlərinə görə, intihara meyillilik, adətən, irsi yolla keçir. Bir qayda olaraq, intihar metodunu insan öz xarakterinə uyğun seçir. Əgər o daha amansız metodları seçirsə, deməli, həyatda çılğın və  aqressiv şəxsiyyət olub. Bütün potensial intiharçılar suisid həyata keçirməzdən əvvəl məlumat toplayır. Onların, demək olar ki, hər biri özünü yandırmanın olduqca ağrılı olduğunu və heç də hər zaman effekt vermədiyini dərk edir. İnsanı vaxtında söndürsələr, o, sağ qalacaq.

"Etiraz aktı olaraq özünə ictimai yerlərdə qəsd etməyə çalışan insanlar daha qəddar metodları seçir. Bu, adətən, izdiham olan yerlərdə həyata keçirilir. Onların çoxu bilir ki, belə olsa, onları xilas edə bilərlər. Misal üçün, ölmək istəyən insan başqalarını gözləmədən, 11-ci mərtəbədən özünü atır. Ancaq elələri də var ki, hadisə yerində izdihamın yığılmasını gözləyir və özünü ikinci mərtəbədən atmağa hazırdır. O dərk edir ki, belə olan halda həm diqqəti cəlb edəcək, həm də sağ qalma şansı olacaq. Bir qayda olaraq, sonuncu metodu, cəmiyyətdə öz yerini tapa bilməmiş, öz "mən"lərini göstərməyə çalışan insanlar seçir", - deyə psixoloq qeyd edib.

O da məlum olub ki, potensial intiharçılar "dəblə ayaqlaşır".

Psixoloq Azad İsazadənin sözlərinə görə, intihar metodları bəzən elə sözügedən "moda"dan asılı olur. Həyatına son qoymağa hazırlaşan insan intihar etməzdən əvvəl bu haqda çox oxuyur. Əgər qarşılarına son vaxtlar daha çox insanın özünü asma yolu ilə intihar etdiyinə dair materiallar çıxırsa, o məhz bu variantı götür-qoy etməyə başlayır.

O bildirib ki, düşkün vəziyyətdə olan və intihar barədə düşünən insan istənilən xarici informasiyanın təsirinə həssas olur. O, bunun fəsadları barədə düşünmür, yalnız metodun effektivliyi haqqında fikirləşir. Məhz buna görə vaxtaşırı olaraq "özünü yandırma dalğası" müşahidə olunur. Bir vaxtlar intiharçılar daha çox körpüdən özlərini atmaqla həyatlarına son qoyurdular.

"Öz həyatına qəsd etməyə çalışan insanların yalnız cüzi faizi bu prosesin nə dərəcədə ağrılı olacağı barədə düşünür. Anlamaq lazımdır ki, bəzi intihar növləri ictimaiyyətin diqqətini cəlb etmək və ya etiraz məqsədilə həyata keçirilir. Məsələn, özünü yandırma, özünü körpüdən, binanın və ya ictimai yerin damından aşağı atması özündə bir nümayiş elementi daşıyır.

Bu, bir növ cəmiyyətə və ətrafdakılara özünəməxsus etiraz aktıdır, onlar daha çox insanın diqqətini cəlb etmək istəyirlər. Yeri gəlmişkən, Şərqdə və bir çox cənub şəhərlərində intihar edən əksər qadınlar ailə-məişət zorakılığına etiraz olaraq məhz bu metodlara əl atır", - deyə psixoloq bildirib.

A.İsazadənin sözlərinə görə, bir qayda olaraq qəddar metodlara həyatı dözülməz və ağrılı olan ən düşkün insanlar əl atır. Hər şey şüuraltı səviyyədə baş verir, insan göstərmək istəyir ki, onun üçün özünü yandırmaq belə cəmiyyətdə yaşamaqdan daha asandır.

"Ancaq elələri də var ki, intihar haqqında qərarı sakit şəkildə qəbul edir, bu intihar heç bir etiraz xarakteri daşımır. Belə insanlar həb içib, bir daha oyanmırlar", - deyə psixoloq bildirib.

Beynəlxalq statistikaya gəlincə, özünü asma dünyada ən geniş yayılmış intihar metodu olaraq qalır. Bu, həmin üsulun əlçatanlığı və effektivliyi ilə əlaqələndirilir. Ən ölümcül intihar metodu odlu silahdan açılan atəşdir. Dərmanlarla və ya digər maddələrlə özünü zəhərləmə, damarları doğrama daha az effektli metodlar sayılır. Adətən, belə hallarda vaxtında edilən müdaxilədən sonra insan sağ qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.