Cəmiyyət

Barselonada e-mail marketinq sahəsində çalışan azərbaycanlı - Uğur hekayəsi - FOTO

13 Yanvar 2019 20:33
0 Şərh     Baxış: 1 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Emin Həsənov: "Burda sadəcə Azərbaycan, ingilis, rus dili ilə iş tapmaq bir az çətindir"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, hər zaman öz yaradıcılığını qata biləcəyi işlərdə çalışmaq istəyib. Hələ tələbəlik illərindən seçimi edib, digital marketinqə yönəlib. Düzdür, qısa müddət dövlət işində də çalışıb, amma sonra yenidən reklam sahəsinə qayıdıb. Hazırda isə İspaniyada e-mail marketinq istiqamətində fəaliyyətini davam etdirir. Beləliklə, müsahibimiz İspaniyanın Barselona şəhərində "Natexo" şirkətində çalışan həmyerlimiz Emin Həsənovdur.
 
Qeyd edək ki, E.Həsənov 1986-cı ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbin ilk illərində Naxçıvanda təhsil alıb. Bakalavr təhsili üçün isə seçimi Bakı Mühəndislik Universitetinin (Qafqaz Universiteti) ingilis dilinin tərcümə fakültəsi olub.
 
- Hazırda karyeranızı Barselonada davam etdirirsiniz. Amma biz söhbətə ora gedənə qədərki fəaliyyətinizlə başlayaq...
- Bakı Mühəndislik Universitetində təhsil almaq heç də asan deyildi. Vaxtın çoxunu dərs apardığı üçün işləməyə az zaman qalırdı. Amma yenə də işlədim, ikinci kursda "Dizayn company" adlı şirkətdə yarımştat işə başladım. Şirkət veb-saytların yığılması ilə məşğul olurdu, mən də digital reklama maraq göstərirdim. Həm işləyirdim, həm də öyrənirdim. Tələbə vaxtı həmin şirkətdə çalışdım. Universiteti bitirəndən sonra isə 3-4 il "Maxcreative" reklam agentliyində müştəri təmsilçisi və proyekt meneceri vəzifəsində çalışdım. Bir il isə "Havas" reklam agentliyində müştəri təmsilçisi olaraq işlədim. Sonra da təhsilimlə bağlı Avropaya - Barselonaya gəldim.

- Bir müddət dövlət işində də çalışmısınız, deyəsən...

- "Maxcreative" şirkətində çalışanda artıq hərbi xidmətə getməli oldum. Əvvəllər Nəqliyyat Nazirliyində "Azeryolservis"in nəzdində Yolların Müdafiə Xidməti İdarəsi var idi, qayıdandan sonra 8 ay orda kadrlar şöbəsində işlədim. Sonra yenidən "Maxcreative" şirkətinə qayıtdım. Demək olar ki, Azərbaycandakı karyeramın böyük qismi reklamla bağlıdır. 
 
- Dövlət işində niyə davam etmədiniz?

- Orda özümü rahat hiss etmirdim. Həmişə elə işdə çalışmaq istəmişəm ki, ora öz yaradıcılığımı qata, müəyyən yerdə dəyişiklik edə bilim. Yəni, bir strategiya hazırlayım, onu həyata keçirim, nəticə əldə edim və sonra nəticənin analizini aparım. Dövlət işində isə sadəcə olaraq sənə verilən tapşırıqları edirsən, işə özündən hər hansı bir şey qatmaq, prosesə daxil olmaq kimi şansın yoxdur. Bu isə mənim istəklərimlə uyğunlaşmadığı üçün özəl sektora qayıtdım.
 
- Avropaya magistratura təhsili üçün getdiniz?

- Bəli, 2016-cı ildə magistrratura təhsili üçün Barselonaya gəldim. Burada "Autonomous University of Barcelona"da beynəlxalq biznesin idarə olunması fakültəsində oxudum. Həmin təhsil müəssisəsi Avropada ilk onluqdadır. İndi isə başqa universitetdə artıq ikinci magistr təhsili alıram.

- İkinci magistr təhsili istəyi haradan yarandı?

- Əsas səbəb Avropadakı şirkətlərin buna tələbatı oldu. Avropada iş elanlarının böyük hissəsi digital marketinqlə bağlıdır. Mənim onsuz da digital marketinq sahəsində biliklərim var idi, həm onu davam etdirmək istədim, həm də Avropadakı gələcək karyeramı düşünərək digital marketinq sahəsində də təhsil almağa qərar verdim.
 
- Bəs orda işləməyə nə vaxtdan başlamısınız?

- Birinci magistr təhsili alan vaxtlarda işləməmişəm. Təhsili başa vurandan bir ay sonra "Google Android" proyekti üzərində çalışan bir şirkətdə işə başladım. Şirkət "Google Android"in Türkiyə bazarı üzrə texniki dəstək işini görürdü. "Google" şirkətinin özündə işləmirdik, ortada podratçı şirkət idi. Bir il orda işləyəndən sonra hazırda çalışdığım e-mail marketinq üzrə fəaliyyət göstərən "Natexo" şirkətinə keçdim. "Natexo" e-mail marketinq sahəsində demək olar ki, Avropanın ən böyük 3 şirkətindən biridir. Şirkətin Barselona, Paris, Milan və Nyu-Yorkda ofisləri var. Mən Barselona ofisində layihə meneceri olaraq çalışıram.
 
- İşlə təhsil bir yerdə çətin olmur?

- İşlə təhsilim arasında çaxnaşma olmur. Dərsim 4-5-6-cı günlərdir. 4-5 iş günüdür, amma dərsim axşam saat 7-dən 10-a kimidir. Altıncı günlər dərs səhər olur, həmin günlər də işləmədiyim üçün problem yaranmır. Çətinlik yalnız saat 6-da işdən çıxıb birbaşa universitetə getməkdir, o da həftənin iki günü olduğu üçün, idarə edirik. Universitetə görə işdən tez çıxmaq lazım olanda da şirkət məni dəstəkləyir. Çünki bu şirkətdə işləyənlər arasında təhsil alan tək mən deyiləm. Şirkət digərlərində də eyni şəkildə dəstək olur. 

- E-mail marketinqdən danışaq. Maraqlı sahədir, amma bizdə heç də aktual deyil...

- Digital marketinq müasir reklam və marketinq sahəsində əhəmiyyətli yer tutur. E-mail marketinq isə digital marketinqin əsas qollarından biridir. Bahalı marketinq metodu deyil, amma xərclərin qarşılığında gələn xeyir digər digital xidmətlərlə müqayisədə daha çox olur. E-mail marketinqin digər digital marketinq sahələrinə nəzərən ən böyük üstünlüklərindən biri odur ki, ümumi internet istifadəçilərinin təxminən 95 faizinin e-mail adresi var. İkinci ən böyük rəqib olaraq baxdığımız sosial media istifadəçiləri isə ümumi internet istifadəçilərinin 60 faizini təşkil edir. E-mail marketinqdə biz istənilən mesajı istənilən şəkildə optimizasiya edə, personallaşdıra bilirik. Öz şirkətimizdən misal verəsi olsam, hər ölkə üzrə əlimizdə e-mail bazası var. Məsələn, İspaniya üzrə 8, Fransa üzrə 10 milyon data baza var. Bu data bazalar yaşa, cinsiyyətə, aylıq gəlirə, yaşadığı regiona, övladı olub-olmamasına, heyvan saxlayıb-saxlamamasına və s digər xüsusiyyətlərə görə qruplaşdırılıb. Bir çox kateqoriyaya görə qruplaşdırılmış e-mail bazalarımız var. Reklam kampaniyalarını istənilən kateqoriyaya görə optimallaşdıra bilərik. Düzgün optimallaşdırma edildiyi zaman çox yüksək konvertasiya faizləri əldə etmək olur. E-mail marketinqin başqa bir üstünlüyü ondan ibarətdir ki, məktub göndərildiyi zaman inboksda qalır, silinmir, müştərinin orada onu görmə ehtimalı daha çox olur.

E-mail marketinq Azərbaycanda nəinki aktual deyil, hətta deyərdim ki, digital marketinqin bu qolu ölkəmizdə ümumiyyətlə, inkişaf etməyib. Çox gəlirli və lazımlı sahədir. Azərbaycanda bu sahədə boşluq var. Bəlkə də kimlərsə bunun üzərində işləyir, amma hazırda görünən nəticə yoxdur.

- Azərbaycanda kimsə hansısa şirkətdə öz bacarığı ilə işə düzəlsə belə, "yəqin adamı olub" deyənlər çox olur. Xaricdə işləyənlərlə bağlı onu deməyə çox da risk etmirlər. Sizcə, niyə?
 
- Avropada yaşamış, yaxud təhsil almış insanlar daha yaxşı başa düşərlər ki, burada həm şirkətlər, həm də insanlar arasında böyük rəqabət gedir. Çünki eyni işi görən həddindən artıq çox şirkət var. Şirkətlər ayaqda qalmaq, rəqabətə davam gətirmək üçün maksimum dərəcə düzgün kadrlar seçməyə çalışırlar. Çünki yanlış kadrın səhvi şirkətə baha başa gələ bilər. Burda şirkətlərin aylıq xərci çox böyük olur, ona görə Avropada bir şirkət ziyan edirsə, bu, böyük rəqəmlərdə ziyan deməkdir. Bu kimi hallara görə burda şirkətin kimisə sırf tanışlıqla işə götürməsi kimi lüksü yoxdur.
 
İkincisi, insanlar arasında böyük rəqabət var. Burada iş tapmaq düşünülən kimi asan deyil. Çünki rəqabət etdiyiniz insanlar avropalılardır və onlar azı iki-üç xarici dil bilirlər. Bir ispan rahatlıqla ingilis, italyan, fransız dillərində danışır. Belə yerdə sadəcə Azərbaycan, ingilis, rus dili ilə iş tapmaq bir az çətindir. Ona görə, bir az şans lazımdır, bir az da iş müsahibələrində özünü göstərmək bacarığı. Burada iş müsahibələri də fərqli keçir. Sizə konkret mövzular qoyulur ki, filan hadisə olduğu zaman vəziyyətdən necə çıxış yolu taparsan? Yəni, praktiki suallar verirlər. İşəgötürmə prosesi uzun, çətin keçir. İşə düzəlmək üçün 4-5 müsahibədən keçirsən. Burada tanışlıqla işə düzəlmə çətin məsələdir.

- Rəqabət məsələsinə toxundunuz. Orda rəqabət aparmaq sizə çətin olmur ki?
 
- İş tapmaq istəyəndə çətinliklə üzləşə bilərsən. Çünki vakansiya olunduğu zaman CV göndərirsiniz, müsahibəyə çağırılana qədər hələ böyük rəqabət olur. Normalda şirkətlər avropalılarla işləməyə üstünlük verir. Çünki avropalıların təhsil aldıqları universitetlər yaxşı olur, 3-4 dil bilirlər. Düzdür, İspaniyada türkdilli kadr axtaran şirkət də çoxdur. Burada tanıdığım türk dostlarım var ki, sadəcə türk dilində işləyirlər. Amma dil bilikləri önəmlidir. Müsahibə mərhələsinin çətinliyi məsələsinə də bayaq toxundum.
 
Amma iş mühiti cəhətdən elə çətinlik yoxdur. Kimsə kiminsə paxıllığını etsin, kiminsə işində gözü olsun, yaxud kimsə kiminləsə sadəcə müdriyyətə yaxşı görünmək üçün rəqabətə girsin və s. belə şeylər nə görmüşəm, nə də eşitmişəm. Burada hər kəs öz işini görür, heç kimin başqa adamın vəzifəsində gözü yoxdur. Avropada iki şirkətdə işləmişəm, hər birində də şəffaflıq görmüşəm. Yaxşı işləyən adama hər zaman vəzifə verilir. O şirkətdə qalır, maaşı, vəzifəsi artırılır. 
 
Amma ümumilikdə, burda rəqabətə davam gətirmək üçün, şans, çox çalışmaq, arayıb-axtarmaq, bacarıqlı olmaq lazımdır.

- Orda işə düzəlmək sizin üçün nə dərəcədə çətin oldu?
 
- Birinci magistr təhsilimi bitirməyimə 3-4 ay qalmış iş axtarmağa başladım. Bəlkə də 50 şirkətə müraciət etmişdim, 3-ü müsahibəyə çağırmışdı. İlk müsahibəm bir italyan şirkətində oldu, maaş məsələsində razılaşa bilmədik. İkinci "HP" şirkətindən çağırdılar. Həmin vaxt mən tələbə statusunda idim, orda çalışmaq icazəm yox idi. Əslində, "HP"də ilk müsahibədə məndən iş icazəmin olub-olmadığını soruşmuşdular. "Yox" demişdim. Amma müsahibəni keçirən adam məni bəyənmişdi, dedi sizinlə davam etmək istəyərik, bu arada iş icazəsi məsələsini həll etməyə çalışarıq. "HP" şirkəti ilə ümumilikdə dörd müsahibədən keçdim. Sonuncu müsahibədən sonra şirkətin İR mütəxəssisi mənə yazdı ki, iş icazəsi məsələsini həll edə bilmədiyimiz üçün başqa kadrı işə götürdük, sizi işləmə icazəsi alan başqa bir şirkətə məsləhət görəcəm. "Google android"ə düzəlməyim məhz o xanımın məsləhəti ilə oldu.

- Belə başa düşdüm ki, karyeranızı Avropada davam etdirmək niyyətindəsiniz...
 
- Bəli. Hədəfim digital marketinq sahəsində təhsili bitirməkdir. Sonra fransız dilini öyrənmək istəyirəm. Fevral, ya mart ayında fransız dilinə başlayacam. Fransız dilini öyrəndikdən sonra daha böyük şirkətdə karyeramı davam etdirmək istəyirəm. Hər halda, işləyəcəyim sahə yenə də digital marketinq sahəsi olacaq.
 
- Ənənəvi sualımız: Uğurunuzun sirri nədir?
 
- Çalışmaq və səbirli olmağı deyərdim. Çünki ümumi götürəndə mən səbirli insanam və mənfi hal baş verəndə heç vaxt ruhdan düşmürəm, ümidimi itirmirəm. Çətinliklə üzləşəndə düşünürəm ki, çalışmağa davam edim, əlimdən gələnin ən yaxşısını etməyə çalışım, sonda bir nəticə çıxacaqdır. Bir-iki dəfə pis olacaq, amma üçüncü dəfə yaxşı alınmalıdır. Həmişə güclü olmağa çalışıram və özümə hədəflər qoyuram və onlara doğru irəliləyirəm.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.