Cəmiyyət

Ən ucuz yeni il bazarlığını haradan etməli? - QİYMƏTLƏR - VİDEO - FOTO

19 Dekabr 2018 07:21
1 Şərh     Baxış: 4 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Bu, o deməkdir ki, artıq hər yerdə bayram hazırlıqları başlayır. Milli.Az bildirir ki, gül mağazaları, marketlər, bazarlarda yeni il aksesuarlarının alıcıların ixtiyarındadır. Lakin məhsulların daha ucuz satışı üçün paytaxtın müxtəlif ərazilərində yeni il yarmarkaları təşkil edilib. Əsasən metrostansiyaların çıxışında quraşdırılan bu çadırlarda bir məkanı bayrama hazırlamaq üçün hər şey var.

Bəs qiymətlər necə, hər kəsə uyğundurmu?

Bunu öyrənmək üçün üz tutduq yarmarkalara. Həftə içi və səhər saatları olmasına baxmayaraq "28 May"metrostansiyası ətrafındakə bayram çadırlarında alıcıların sayı heç də az deyil. Kimi şarlar şişirib deşik olub-olmadığına, kimi papağın uşağının başına uyğun olmasına, kimi də aksesuarların keyfiyyətinə baxır.

Razılar və narazılar...

Satıcılar bu saatlarda gələn alıcıların daha çox qiymətlərlə maraqlandıqlarını deyir. Alıcıların sadəcə baxmaqla kifayətlənmələrini qiymətlərin mağaza və bazarlardan fərqli olmaması ilə əlaqələndirir.

Təbii ki, satıcılar bu fikirdə deyil.

Arzu adlı satıcı deyir ki, yeni il aksesuarlarının qiymətində ötən illə müqayisədə ciddi fərq yoxdur.

"Yeni il aksesuarlarından ən ucuzu şardır - qiyməti 10 qəpikdən başlayır, ən bahalısı isə ilin simvolu hesab edilən donuz oyuncaqlar - 9 manatdır. Zərlər 60 qəpikdən 2 manatadək, Şaxta baba maralları ilə birlikdə 6 manat, tək Şaxta baba ölçüsünə görə 10 manatdan başlayır. Yeni il corabları 2-4 manat,bəzəkli fiqurlar 3, bəzəkli şamlar 5 manat, yolka işıqlarının qiymət 3 manatdan 10 manata qədərdir. Qiymət fərqi işıqların metrindən asılıdır. Bununla yanaşı gələn ilin simvolu olan donuz fiqurlu kiçik oyuncaqlar 1-2 manat arasında dəyişir. İşıqlı saç aksesuarları 2-3 manatdır. Papaqlar 1-2 manatdır".

Qiymətlər artacaq, xəbəriniz olsun

Yolkaların ən balacası 10 manat, ən böyüyü 40 manatdır. Yolka oyuncaqların dəstlərin sayı və böyüklüyündən asılı olaraq 5 manatdan 40 manatadək dəyişə bilir. Satıcılar deyir ki, bazarla müqayisədə yarmarkada qiymətlər daha ucuzdur. Lakin satıcılar bayramqabağı qiymətlərdə artım olacağını istisna etmir.

Satıcı Rövşən Məmmədov həm yolka, həm də aksesuarların qiymətində ötən illə müqayisədə az da olsa, artım olduğunu deyir:

"Zərlərin qiyməti 50 qəpikdən 3 manatadək dəyişir. Yolkalar 5 manatdan başlayır ən bahalısı 200 manatdır, oyuncaqların qiyməti 6 manatdan 40 manata qədərdir. Amma alıcılıq zəifdir. Yəqin ki, hələ insanlar bayrama iki həftə qaldığını düşünərək gəlmirlər. Ancaq yeni il qabağı qiymətlər arta bilər. Ona görə də tələsməyi məsləhət görürəm".

Bəzi alıcılar isə bazarla yarmarkalar arasında qiymət fərqinin olmadığını deyir. Məhsulların qiymətini soruşa-soruşa bayram çadırlarını gəzən Turanə xanım yarmarkadan razı qalmayanlardandır."Qiymətlərlə maraqlanmağa gəlmişəm, hər şeydə artım var. Adi zərlərdən başlayaraq oyuncaqların hamısının qiyməti ötən illə müqayisədə artıb. Axı bura yarmarkadır, nisbətən ucuz olmalıdır".

Bakıda kirayə yaşadıqlarını deyən tələbə qızlar da yarmarkadakı qiymətin büdcələrinə uyğun olmadığından şikayətlənirlər. Səidə Quliyeva deyir ki, yarmarkada qiymətin daha ucuz olduğunu düşünərək bura üz tutublar.

"Ancaq burada da qiymətlər ucuz deyil. Məsələn, adi mağazada şar 20 qəpikdirsə, burda 10 qəpik olmalıdır, amma elə deyil. Deyəsən, evimizi bəzəmək üçün yolka, oyuncaq ala bilməyəcəyik".

Az keçmir ki, Səidə yarmarka çadırlarında istədikləri şarı 10 qəpiyə tapa bilir.

Baş çəkdiyimiz başqa bir çadırda satıcılar isə deyir ki, hər kəsin büdcəsinə uyğun yolka və aksesuarlar var. Məsələn, ən balaca stolüstü yolkalar 2.5 manatdır, ən böyüklər isə 300 manat. Şaxta baba oyuncaqlarının qiyməti 5 manatdan 40 manata qədərdir.

"Qiymətləri soruşmayın"

Yarmarkalarda uşaqların ən çox sevdiyi yeni il hədiyyələrinin sayının əvvəlki illərdən az olmasını müşahidə etdik. Cəmi bir yarmarka çadırında bu hədiyyələrə rast gəldik. Qutuların həcminə və içərisindəki şirniyyatlara görə qiymətləri 3-8 manat arasında dəyişir. Keyfiyyətinə gəldikdə, satıcılar qutuların içindən xəbərsiz olduqlarını deyir.

"Hədiyyələr bizə hazır formada gətirilir, altında istifadə müddəti göstərilir. Qutuları açmaq səlahiyyətimiz olmadığına görə, içərisindəki qidaların tərkibi barədə məlumatsızıq".

"28 May" metrostansiyasında yerləşən yarmarkadakı sıxlığı "Nəriman Nərimanov" və "Gənclik"dəki çadırlarda görmək mümkün deyil. Alıcılar az və əsasən də qiymətlərdən narazı idilər.

Svetlana xanım bu il nəvələri üçün ev bəzəyə bilməyəcəyini deyir:

"Qiymətləri soruşmayın, dəhşətdir. Heç nə ala bilmədim, nəvələr oyuncaq gözləyir, amma biz ala bilmirik".

Elə satıcılar da qiymətlərdəki artım məsələsində alıcılarla eyni fikirdə idi. Satıcı İlyas Əhmədov deyir ki, yolkaların qiymətində 5 manata qədər artım var.

"Ən balaca yolka 6 manatdan başlayır, ən baha 120 manatdır. Yolka bəzəklərinin qiyməti 1.50 manatdan başlayır, 30 manata qədərdir. Bəzəklərdə elə də ciddi artım yoxdur. Şükür bu il alıcılıq da pis deyil".

Başqa bir satıcı Nurlan Məmmədov bütün yeni il aksesuarları, yolkaların qiymətində 30-40 faiz artım olduğunu deyir.

"Ən balaca yolka 5 manatdır, ölçülər artıqca qiymət də yüksəlir. Şaxta baba oyuncaqlarının da ən balacası 6 manatdan başlayır".

Nurlan isə alıcılardan narazıdır. O, hələ ki, yarmarkada alıcılarla bağlı yeni il ab-havasının hiss olunmadığını deyir.

Sonda qeyd edək ki, hazırda Nəsimi rayonu ərazisində 6, Nərimanov rayonunda 5, Yasamal rayonunda 3, Binəqədi rayonunda 2, Nizami rayonunda 6, Xətai rayonunda 1 yerdə olmaqla ümumilikdə 12 ərazidə 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb. Onlar yanvarın 3-dək fəaliyyətdə olacaq. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ən ucuz yeni il bazarlığını haradan etməli? - QİYMƏTLƏR

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.