Cəmiyyət

Nənələrimiz və analarımız niyə bu qədər zorakılığa məruz qalmırdı? - ŞƏRH

14 Dekabr 2018 20:49
12 Şərh     Baxış: 2 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gəlin mənim süpürgəmdir, harada qoydum, orda da durmalıdır". Məşhur "Qaynana" filmində işlənən bu cümlə bu gün də Azərbaycan ailələrində keçərlidir. Tək fərq odur ki, bu dəfə bəylər ailədə yalnız onların sözünün keçməsini tələb edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə ailədaxili münaqişələr, xəyanət, zorakılıq üstündə boşanmalara dair xəbərlərin sayı artmaqdadır. Bütün bu proseslərin səbəbləri müxtəlifdir. Məsələyə iki cəbhədən fərqli münasibət bildirən şəxslər arasında müzakirələr isə bitib-tükənmək bilmir. Kişilər qadınlarda, qadınlar isə əksinə, günahı kişilərdə görür. 

Bəs görəsən, tərəfləri bir-birinə xəyanət etməyə vadar edən səbəblər nələrdir? Pul, rahat həyat? 30 yaşdan sonra tapılan sevgi? Cəmiyyətdə ailə anlayışı nə üçün bu qədər zədələnib?

İlk olaraq problemi yaradan psixoloji nüanslara aydınlıq gətirməyə çalışdıq. Psixoloq Vəfa Əkbərin sözlərinə görə, bu gün ölkədə mental dəyərlər, ictimai qınaq imkan vermir ki, iki insan bir-biri ilə tam səmimi ünsiyyət qura bilsin:

"Bu isə çoxsaylı problemlərin təməlini qoyur, eləcə də, xəyanətin. Əslində, xəyanətə bir çox səbəb sadalamaq olar - məcburi evliliklər, erkən nikahlar, məntiq evliliyi, tərəflərin bir-birini hansısa maraqlara görə seçməsi və s. Amma bütün bunlar səbəb deyil, sadəcə, bəhanədir. Hər bir özünü dərk edən insan birinci növbədə başa düşməlidir ki, xəyanət edən zaman özünü aldadır. Çünki insan şüurlu şəkildə düşünə bilirsə və evliliyində xoşbəxt deyilsə, o zaman sivil qaydada ya boşanmalıdır, ya da evliliyini xilas etmək üçün əlindən gələni etməlidir.

Belə deyək, insan kənarda xoşbəxtlik axtarırsa, bu həmin insanın qərarsızlığına və özünü idarə edə bilməməsinə dəlalət edir. İki insan münasibətlərində soyuqluq hiss edirsə, bu münasibətin xəyanətə və ya daha başqa problemlərə yol açacağını düşünürsə, ailə psixoloquna müraciət edə bilər. Bu məsələnin əsas səbəbləri araşdırılmalıdır".

Psixoloq deyir ki, ölkədə mədəni, sivil yolla boşanma mədəniyyəti formalaşmayıb:

"Ölkədə boşanma baş verirsə, ya qadına əxlaqsız damğası vurulur, ya da kişi narkoman, içki düşkünü "çıxır". Başqa cür olmur. Amma bu, düzgün deyil. İki insan sivil qaydada boşanmalıdır ki, sabah qarşı-qarşıya gələndə bir-birinin üzünə baxa bilsinlər, xəyanət qədər iyrənc vəziyyətə gəlib çıxmasınlar.

Xəyanətə uğrayan insan, təbii ki, "eqosu" tapdanmış biridir. Bu insan heç vaxt ilk növbədə özünü düşünmür. O düşünür ki, cəmiyyət nə deyəcək?  Baxın, bu, əsas problemdir. Cəmiyyətin düşüncəsi. Xüsusən də kişilərə bu düşüncə daha ağır gəlir və bunun qarşılığında onlar fiziki zərbələrə əl atırlar. Yaxşı olmazmı ki, həmin an, sadəcə, danışıb bunun səbəblərini aydınlaşdırsınlar?

Xəyanətə uğrayan şəxsdə yox, xəyanət edən şəxsdə problem olur. Ona görə xəyanətə uğrayan şəxslər bunu özlərinə götürüb psixoloji təzyiq altında qalmamalıdırlar. Axı biz insanıq, danışıb həll olunmayacaq problem yoxdur. Amma təəssüf ki, insanlar həmin situasiyanın təsiri altında sağlam qərar verə bilmir. Bu məsələnin gizli qalmasını istəsələr də, davranışları problemi cəmiyyətə daha çox bəlli edir və hər kəs bu məsələdən xəbərdar olur. Elə son dövrlər sosial şəbəkələrdə müzakirə edilən məsələlər kimi.

Xəyanətə uğrayan qadın və kişi eqosunu təmin etməyə çalışır. İnsanların yazıqlıq manipulyasiyasından istifadə edirlər ki, boşanmaya görə cəmiyyət tərəfindən qınanmasınlar. İnsan bu kimi hallarda sağlam düşünə və doğru qərar qəbul edə bilmədikdə yaxşı olar ki, psixoloqa müraciət etsin ki, qorxunc davranışlara yol verməsin.

Cəmiyyətdə belə bir düşüncə var ki, psixoloqa gedənlər dəli olur. Psixiatriya başqa sahədir, psixologiya başqa. Bunu, sadəcə, başa düşmək lazımdır".

Keçmişdə ailə quran insanlarla gənc nəslin müqayisəsini düzgün hesab etməyən psixoloq qeyd edib ki, o dövrdə qadınların söz hüququ, demək olar ki, yox səviyyəsində idi:

"Qadınlar ailə quran zaman söz haqları, seçim hüquqları, demək olar ki, olmayıb. Amma bu gün qadınlar öz ayaqları üzərində dayanır, öz haqlarını daha yaxşı bilir. Təbii ki, keçmişdə vəziyyət belə deyildi. Qadına qarşı xəyanət, təzyiqlər heç vaxt müzakirə edilmirdi, onların haqları müdafiə edilmirdi, amma buna baxmayaraq, qadınlar "dözürdü". Uşaqlara görə, ailəsinə görə hər hansı bir səbəbdən dözürdülər, çünki eyni düşüncəli atası, qardaşı var idi.

Boşanmaq istəsələr də, öz ayaqları üzərində dayanmağa, sona qədər getməyə gücü çatmazdı. O vaxt 100 ailə qurulurdu və onlardan yalnız 10-u boşanırdısa, bu o demək deyil ki, 90 ailə xoşbəxt idi. Amma bu gün əgər 100 ailə qurulur və onun 50-si boşanırsa, demək, digər 50 ailə, həqiqətən də, xoşbəxtdir. Fərq burdadır. Bu gün ailə münasibətlərində dözümlülük, səbirli yanaşma azalıb. Ona görə də o dövrdə "dözümlülklə" bu günü müqayisə etmək ədalətli olmaz".

Sosioloqlar isə məsələyə bir başqa cür yanaşır. Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu gün cəmiyyətdə əsas problem ailədir. Ailə məsələsinin bu gün bu vəziyyətə düşməsinin səbəbləri araşdırılmalıdır:

"Tarix boyu ailə dəyərləri olub, normal münasibətlər olub, bunu tənzimləyən tərəflər olub. Amma bu gün gənclik ailə modelini qoruyub saxlaya bilmir. Ailədə gərginlik artır. Belə olan halda həmin gərginliyi gizlətmək olmur. Bu gün bir qrup insanlar var ki, məsələyə birtərəfli yanaşaraq dağıdıcı təsir göstərirlər. Bəli, ailə problemində yalnız kişiyə və ya qadına haqq qazandırmağa çalışan tərəflər o ailəni dağıdır.

Bu sahədə kifayət qədər təcrübəyə malik insan olaraq sizə bunu əminliklə deyə bilərəm.

Psixologiyada da var ki, ortada problem varsa, hər iki tərəfin mənfi və müsbət cəhətləri obyektiv müzakirə edilməlidir. Yalnız qadınların tərəfindən çıxış edilsə, beynəlxalq aləmdə Azərbaycan kişisi qəddar imicində görünür. Qadınlarımıza azadlıq barədə çox məlumat verilir, onlara azadlıq barəsində canlı təsəvvürlər formalaşdırırlar. Demokratik cəmiyyət istiqamətindən çıxış edərək qadınlara "siz azadsınız, nə istəsəniz, edə bilərsiniz" deyilir.

Digər tərəfdən isə cəmiyyət, filmlər, müəyyən təbliğatlar arzuolunmaz addımların atılmasına gətirib çıxarır. Bəs kişilər? Bu halda kişilər unudulur. Ya gərək eyni anda kişilər də paralel olaraq bu cəmiyyətə hazırlansın. Ya da təktərəfli düzgün deyil. Amma ümumiyyətlə, Azərbaycan kişisi özünü buna niyə hazırlamalıdır? Bəlkə, heç bu, doğru yol deyil? Ailəyə bu qədər azadlıq vermək olmaz. Kişilər ailə dəyərlərini, tələblərini, adət-ənənələrini qorumaqda maraqlı olduğu qədər qadınlar da azadlığa, sərbəstliyə meyilli olurlar.

Bir tərəf geridə qalanda, o biri tərəf irəli gedəndə gərginlik yaradan səbəblər ortaya çıxır. Problem yarananda da güclü tərəf kimdirsə, öz üstünlüyünü göstərmək istəyir və bunun nümayiş etdirilməsi ortaya çox çirkin görüntülər çıxarır".

Sosioloq müvafiq qurumları müasir cəmiyyətdə ailə probleminin kökündə dayanan məsələlərin həlli istiqamətində zəruri tədbirlər görməyə çağırıb:

"Bu problemlərin müzakirəsi zamanı qadınların hüquqlarının müdafiəsinə qalxan və birtərəfli dağıdıcı mövqedən çıxış edən şəxslər deyir ki, bu gün qadınlar ona görə zorakılığa məruz qalır ki, öz hüquqlarını yaxşı bilmirlər. Mən bu fikirlə qəti şəkildə razı deyiləm. Belə çıxır ki, bizim nənələrimiz-analarımız öz hüquqlarını bugünkü Azərbaycan xanımlarından çox bilirdi? Niyə onlar bu qədər zorakılığa məruz qalmırdı?

Deməli, problem hüquq məsələsi deyil. Mən tərəfdarıyam ki, qanun çərçivəsində həm kişilərin, həm qadınların hüquqlarını müdafiə edərək ailə anlayışı, ailə modeli bərpa edilsin. Bu gün Azərbaycan ailəsində münasibətlər o qədər pozulub ki, heç kim uşağını qardaşına, bacısına əmanət edə bilmir. Hər gün eşidirik ki, kişi öz qardaşı (bacısı) qızına zorakılıq edib.

Ata öz qızına qarşı zorakılıq edir, kişi öz əmisi oğlunun arvadını qaçırıb və s. Bu hələ üzdə olanlardır. Hələ bilinməyən, üstü örtülü qalan nə qədər iyrənc hadisələr var. Yaxşı olardı ki, cəmiyyətin ailə probleminin həllinə yönələn maarifləndirici tədbirlər görülsün".

Bəzən insan hansı yaşda olur-olsun, ani davranışların, səhvlərin nə dərəcədə ağır nəticələr verəcəyini təxmin edə bilmir. Boşanma, zorakılıq, xəyanət və s. bu kimi problemlər nəinki cütlüklərə, hətta həmin ailədə dünyaya gələn uşaqlara da pis təsir edir.

Psixoloqların fikrincə, boşanan ailələrdə uşaqlar bir travma alırsa, ana-ata arasında yaşanan xəyanət, zorakılıq kimi problemlərin cəmiyyətdə elan edilməsi isə onların psixologiyasını daha da zədələyir. Təəssüf ki, bu məsələdə uşaqların vəziyyətini düşünmək heç bir tərəfin yadına düşmür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.