Cəmiyyət

Məhdudiyyət tanımayan sevgi - Ailə - FOTO

7 Dekabr 2018 23:51
3 Şərh     Baxış: 4 090

Masər Həsənov: "Nə oldusa, həmin "ola bilər" sözündən sonra oldu"

Səbinə Həsənova: "Gizlin evləndiyim üçün peşman deyiləm və bu gün də xoşbəxtəm" 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Ailə" rubrikamızın budəfəki qonaqları Masər Həsənov və Səbinə Həsənova cütlüyüdür. M.Həsənov fiziki məhdudiyyətli olmağına baxmayaraq, özünü kifayət qədər inkişaf etdirmiş, ali təhsilli gəncdir. O, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinorejissorluq ixtisası üzrə magistr təhsili alır,  mebel şirkətində marketinq mütəxəssisi olaraq çalışır. Səbinə xanım isə Bakı Dövlət Universitetində coğrafiya müəllimliyi ixtisasına yiyələnib. Cütlüyümüzün çox maraqlı həyat hekayəsi var. Bu hekayə Səbinə xanımın ali məktəbə qəbul olduqdan sonra Bakıya köçməsi ilə başlayır. Ailəvi tanış olduqlarından, başqa yerdə qalıb kirayə pulu verməsin deyə, Masər bəyin anası təklif edir ki, Səbinə onlarda qalsın. Elə hər şey bundan sonra başlayır.
 
"Səsini 2 ay sonra eşitdim"
 
Masər deyir ki, münasibətləri necə başlayıbsa, heç özü də bilməyib: "İnanın, hər şey necə başladı, heç özüm də bilmədim. Səbinə bizdə qalanda qəti şəkildə belə bir düşüncəm yox idi. Evdə varlığı ilə yoxluğu hiss olunmurdu. Hətta, bizdə qalmağa başlayandan 2 ay sonra səsini eşitdim (gülür). Mən də sakit  insanları sevmirdim. Amma yaşım çatdığı üçün hamı artıq el dilində ümumilli suala çevrilən "nə vaxt tərpənirsən" sualını verirdi. Açığı, mən də bəzi nüansları göz önünə alaraq evlənməyə çəkinirdim. Ətrafda hər kəs Səbinəni göstərib, yaxşı qız olduğunu deyirdi. Hətta, ailəmdə də artıq bizim evlənməyimizlə bağlı fikirlər səslənirdi. Təbii ki, Səbinənin bundan xəbəri yox idi (gülür). Bir il idi ki, Səbinə bizdə qalırdı, müəyyən qədər tanımışdım. Ona görə, evdə bu izdivac söhbəti yenidən açılanda qeyri-ixtiyarı, "hə, razıyam" dedim. Məndən razılıq alandan sonra iş Səbinə ilə danışmaq idi".

"Elə də fağır olmadığını gördüm"
 
Səbinə xanım isə Masərlə evlilik haqqında heç bir düşüncəsinin olmadığını, hətta, ailəsinin onu xalası oğluna verməyi planladıqlarını deyir: "Masərin anası ilə mənim anam yaxın rəfiqədir. O, məni görəndən bəyəndiyini və oğlu ilə ailə qurmağımı istədiyini anama dedi. Anam isə məni bacısı oğluna verməyi düşündüyündən, bu işin alınmayacağını bildirdi. Beləcə, söhbət bağlandı. Eyni evdə qaldığımız dönəmdə də ağlıma evliliklə bağlı fikir gəlmirdi. Amma Masəri yaxşı, qabiliyyətli, fağır oğlan olaraq tanıyırdım. Düzdür, sonra elə də fağır olmadığını gördüm (gülür). Məsələni mənə başqa bir ailə dostumuzun vasitəsilə bildirdilər və mən də düşünmək üçün vaxt istədim".
 
"Sənə deyilən o məsələyə cavabın nə oldu?"
 
Masər bəy bu məqamda söhbəti bölərək, "amma, düşünməsi bir az uzun müddət çəkdi" deyib gülür: "Artıq Səbinə ilə söhbət edilib, hamımız onun cavabını gözləyirik. Səbinədən isə səs çıxmırdı. Nə "hə", nə də "yox" deyirdi.  Bir gün işdə oturmuşdum, yazdım ki, bəs sənə deyilən o məsələyə cavabın nə oldu? Səbinə də mesajı oxuyub, cavab vermədi. Üstündən bir az keçdi, "susmaq razılıq əlamətidir" yazdım. Səbinə isə "ola bilər" yazdı. Elə nə oldusa, həmin "ola bilər" sözündən sonra oldu (gülür)".

Beləcə, bir-birini daha yaxından tanımağa başlayan gənclərimiz evlənməyə qərar verirlər. Amma işin bir "əmması" var. Səbinənin ailəsi, xüsusilə də anası bu izdivaca razı olmur. Səbəb olaraq isə Masər bəyin fiziki məhdudiyyətli olmağını göstərir. Həm də, Səbinəni bacısı oğluna verməyi düşünürdü. Səbinə ailəsi ilə danışıb, xalası oğlu ilə yox, Masərlə evlənmək istədiyini deyir, amma bununla razılaşmaq istəmirlər.

"Ya bu işi tamamilə bitirək, ya da evlənək" 

Masər bəy deyir ki, Səbinənin ailəsinin irəli sürdüyü səbəbi aradan qaldırmaq üçün həkim müayinəsindən keçib və evlənmək üçün heç bir əngəl olmadığını sübut edib: "Bilirdim ki, fiziki məhdudiyyətli olduğum üçün razı olmurlar. Bir çox səbəblər, bəhanələr irəli sürüdülər. Qərara gəldim ki, həkim müayinəsindən keçim. Tibbi müayinənin cavabları evlənməyim üçün əngəl olmadığını göstərdi. Amma yenə də razı olmadılar. Səbinə ilə görüşməsək də, yazışırdıq. Bir gün dedim ki, ya bu işi tamamilə bitirək, ya da evlənək. Hiss etdim ki, Səbinə də mənimlə evlənmək istəyir" .
 
"Heç kimə bir kəlmə də demədik, ancaq ikimiz bilirdik"
 
Səbinə həmin dövrdə Masəri sevdiyini və onun təklifini qəbul etdiyini deyir: "Ailəm Masərlə görüşməyimizə icazə vermirdi. Bir dəfə gizlin görüşüb evlənmək üçün "ASAN" xidmətdə qeydiyyatdan keçdik və nikah günümüzü bəlli etdik. Mayın əvvəli qeydiyyat oldu, iyunun 12-nə gün verdilər. İnanın, o bir ayı necə həyəcanla keçirdiyimizi bir Allah bilir. Heç kimə bir kəlmə də demədik, ancaq ikimiz bilirdik. Nikah günü bir bəhanə ilə Masərin anası ilə bacısını ASAN xidmətə gətirdilər, amma təəssüf ki, mənim yanımda ailəmdən heç kim olmadı".

"Başqa insanların fikirləri ilə məndən uzaqlaşdı"
 
Artıq evlənən cütlüyümüz Səbinənin ailəsinin qəzəbindən qorxduqları üçün bir müddət başqa qohumların evində qalırlar. Təbii ki, qarşı tərəf bu hərəkətə çox hirslənir və Masərin, qızlarını zorla qaçırtdığını iddia edərək, polisə şikayət edirlər. Səbinə öz razılığı ilə evləndiyini dediyi üçün məsələ bağlanır. Nikahdan sonra dəfələrlə barışıq üçün qızın ailəsinə müraciət etsələr də, təəssüf ki, qarşı tərəf buna razı olmayıb. Hətta, Səbinənin anası toya gəlməyib. 
Səbinə buna görə anasında incik olduğunu deyir: "Əslində, mən də anamdan incimişəm. Çünki mənim dediklərimə yox, qıraqdan söylənənlərə inandı. Mən ilk dəfə Maserlə evlənəcəyimi deyəndə, normal qarşılamışdı. Arada nə oldusa, kimlər nə dedisə, fikrini dəyişdi. Məni incidən bu idi. Yəni mən dəfələrlə Masəri sevdiyimi, onunla xoşbəxt olduğumu desəm də, razılaşmadı. Başqa insanların fikirləri ilə məndən uzaqlaşdı. Ona görə, gizlin evləndiyim üçün heç peşman deyiləm və bu gün də xoşbəxtəm. Masərlə çox gözəl evliliyimiz var".

"Biz niyə mübahisə etmirik?"
 
Bəli, bu gün onlar xoşbəxtdirlər və çəkinmədən bunu dilə gətirirlər. Hər ikisi sevginin əngəl tanımadığını deyir. Maraqlıdır, bəs, olubmu ki, evləndikləri gündən sonra hansısa mövzularda mübahisələri düşsün? Sualımızı eşidən zaman Masər bəy gülərək "inanmayacaqsınız, amma hələ mübahisəmiz olmayıb" deyir: "Hələ ki, elə də ciddi yadda qalacaq mübahisəmiz olmayıb. Hətta, bəzən özümüzə sual veririk ki, niyə mübahisə etmirik. Bir dəfə qərara gəldik ki, yalandan mübahisə edək, o da çox davam etmədi. Gördük ki, alınmır, bir-birimizə baxıb güldük". 

Səbinə xanım deyir ki, mübahisə etmək üçün səbəb olmur: "Bəzən ətrafdakı cütlükləri müşahidə edirəm. Görürəm ki, səbəbsiz yerə bir-birinin qəlbini qırıb, mübahisə edirlər. İkimiz də buğa bürcüyük, çox vaxt baxışından nə demək istədiyini anlayıram. Hər bir insanın mənfi və müsbət tərəfləri var. Yəni ideal insan olmadığımızı hamımız bilirik. Bəxtim onda gətirib ki, Masərin elə də çox mənfi xüsusiyyəti yoxdur. Müasir düşüncəli, özünü hərtərəfli inkişaf etdirən biridir".

"Bir-birimizi başa düşürük və arada sevgi var"
 
"Əslində, mənim də bəxtim gətirib, Səbinə hədiyyələrə, yəni, maddi şeylərə marağı olmayan, elə əşyalar gözləməyən biridir" deyən Masər bəy bildirir ki, onda ən çox sevdiyi xüsusiyyət gülərüz olmağıdır: "Axşam işdən gələndə Səbinənin məni gülərüzlə qarşılaması, evdən gələn möhtəşəm yeməklərin qorxusu adamı xoşbəxt edir. Səbinə çox dadlı yeməklər bişirir. Məncə, mənfi xüsusiyyət məsələsi nisbi anlayışdır. Ola bilər ki, sizin mənfi gördüyünüzü mən müsbət qiymətləndirim və ya əksinə. Ona görə də düşünmürəm ki, Səbinənin elə də ciddi mənfi xüsusiyyətləri var. Ən əsası budur ki, bir-birimizi başa düşürük və arada sevgi var".
 
"Başım ağrıyanda anasını çağırır"
 
"Yeri gəlmişkən, Masərin heç xoşuma gəlməyən bir xüsusiyyəti var" deyərək, həyat yoldaşının sözünü kəsən Səbinə xanım bildirir ki, artıq bir müddətdir evli olmalarına baxmayaraq, Masər bəy hələ də bəzi şeyləri düzgün qiymətləndirə bilmir: "Hərdən başımın ağrıdığını deyəndə, Masər anasını çağırır ki, gəlsin mənə dərman versin. Amma anlamır ki, mənim istədiyim dərman deyil, onu özüm də götürə bilərəm. Mən sadəcə, ondan həmin an qayğı, nəvaziş, isti münasibət gözləyirəm (gülürük)".

"Nə maddi, nə mənəvi bir problem yaşamamışıq"
 
Masər bəy isə "Yaxşı anladım, bundan sonra dərmanı özüm verəcəyəmm" deyib, gülərək söhbətinə davam edir: "Şükürlər olsun ki, bu günə qədər nə maddi, nə mənəvi problem yaşamamışıq. Ciddi çətinliyimiz olmayıb. Bacardığımız qədər, qurduğumuz bu yuvanı qoruyub saxlamağa çalışırıq. Ailəni dağıtmaq asandı, amma onu qoruyub saxlamaq çətindir. Biz bu çətinlikləri birlikdə aşırıq. Düşünürəm ki, sükanı belə saxlaya biləcəyik".
 
"Bu insanla bir ömür yaşamaq olar, ya yox..." 
 
Ailəni qurmaq üçün vacib məsələlərdən biri də iki insanın bir-birini tanıma müddətidir. Düzdür, bizim cütlüyümüzün bəxti gətirib ki, onlar bir müddət bir evdə yaşayıblar. Amma bu mövzudakı fikirləri maraqlıdır. Hər ikisi düşünür ki, bunun üçün birlikdə vaxt keçirmək əsasdır. Masər bəy deyir ki, evlilikdən öncə birlikdə vaxt keçirmək, fikir mübadiləsi etmək çox vacibdir: "Bir insanı söhbət zamanı daha yaxşı tanımaq olar. Qarşı cinslə söhbət zamanı anlayırsan ki, bu insanla bir ömür yaşamaq olar, ya yox. Yəni sənin pis və yaxşı günündə yanında olub-olmayacağını anlayırsan. Xüsusilə də bu kimi situasiyalarda gərək daha ciddi düşünüb, götür-qoy edəsən".

"İnsanlar bizə qəribə baxırlar"
 
Cütlüyümüzdən yaşadıqları çətinliyi soruşanda, elə də ciddi çətinlikləri olmadığını, sadəcə, cəmiyyətdəki baxışların onları narahat etdiyini bildirirlər. Səbinə xanım deyir ki, şəhərə çıxanda hamı onlara baxır: "Masərin bacısı da fiziki məhdudiyyətlidir. Biz onunla şəhərə çıxanda hamı ona baxır. Amma Masərlə birlikdə olanda ikimizə də qəribə baxırlar. Anlamıram ki, burada insanlara maraqlı gələn nədir? Bunu niyə normal qarşılamırlar, bilmirəm". 
 
Masər bəy bildirir ki, bu cür baxışlara artıq alışıb: "Məni görəndə qulaq çəkənlər, "Allah uzaq eləsin" deyənlər az da olsa, qalıblar. Yəni sayları "Qırmızı kitab"a düşəcək qədərdir (gülür). Amma mən artıq onlara fikir vermirəm. Hətta, qulağını çəkən birini görəndə "yavaş çək, qulağın çıxdı" deyib gülürəm".

"Allah heç kimə daşıya bilməyəcəyi yükü verməz"
 
Gənc cütlüyümüz hələ 5 aydır evlidir, övladları yoxdur. Amma söhbət zamanı hiss elədim ki, bunu çox istəyirlər. Səbinə xanım deyir ki, ailəsi evliliklərinə qarşı çıxan zaman uşaqlarının da fiziki məhdudiyyətli ola biləcəyini deyiblər: "Biz ailə qurarkən hər şeyi düşünmüşdük. Məncə, övlad Allahın verdiyi paydır. Necə verirsə, o cür qəbul etmək lazımdır. Hətta, bəzən elə ailələr var ki, oğlan övladı istəyir və sağlam qız uşaqlarını abort edirlər. Şəxsən mənim üçün heç bir fərqi yoxdur. Allah onu sənə veribsə, baxmalısan. Düşünün ki, bu gün fiziki məhdudiyyətli olduğu üçün ana bətnindəki uşağı abort etdirirsiniz, sonra sağlam övladınız olur. Amma bir müddət sonra hansısa qəza nəticəsində o, fiziki sağlamlığını itirir. Yəni sabah başımıza nə gələcəyini bilmirik".
 
Masər də həyat yoldaşı ilə eyni fikirdədir: "Əgər valideynlərim məni bu yaşa qədər gətiriblərsə, mən niyə bunu bacara bilməyim. Allah heç kimə daşıya bilməyəcəyi yükü verməz".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Dilber · 8 Dekabr 00:00200

    Esl ornek olacaq ailelerden biri Allah her pislikden beladan nefsden qorusun

    Cavab yaz
  • Anonim
    Samire · 8 Dekabr 00:2127

    Bu qızı men çetin xasiyyet insan kimi hiss eledim...Burada ne var ki, başı eger ağrayırsa anasını çağırmasında qebahet bir şey yoxdur...Bilinir ki, qaynanasını istemir...Allah Maserin yardımçısı olsun, tezlikle şefasını versin...

    Cavab yaz
  • Anonim
    dagli qizi · 8 Dekabr 22:2900

    ALLAH SIZI XOWBEXT ETSIN! AMIN!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.