Cəmiyyət

Mehriban Xanlarova Bişkekdə mükafat alıb - FOTO

18 Noyabr 2018 21:36
2 Şərh     Baxış: 1 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram Teatrının kollektivi "Manqurt" tamaşası ilə Azərbaycanı Qırğız Respublikasında keçirilən beynəlxalq teatr festivalında böyük uğurla təmsil edib.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, festivalda iştirak Mədəniyyət Nazirliyi, AzərbaycanTeatrXadimləri İttifaqı və ölkəmizin Qırğız Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Festivalın münsiflər heyətinin qərarı ilə əməkdar artist Mehriban Xanlarova "İkinci planda ən yaxşı qadın rolu" nominasiyasının qalibi olub. O cümlədən Akademik Milli Dram Teatrının kollektivi festivalda iştiraka görə diplomla təltif olunub.

Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan "Aytmatov və teatr" festivalında Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan teatrları da iştirak edib.

Festival 12-17 noyabr tarixlərini əhatə edib. Akademik Milli Dram Teatrının kollektivi "Manqurt" tamaşasını noyabrın 14-də təqdim edib.

"Manqurt" münsiflər heyəti və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı bildirib ki, münsiflər heyətinin üzvləri "Manqurt" tamaşasının rejissor işi, aktyor oyunu, rəssam işi və musiqi seçimi haqqında yüksək fikirlər bildiriblər.

Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva, Mehman Fətullayev iştirak edirlər.

Qeyd edək ki, bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.