Cəmiyyət

Ermənistan üçün çevrə daralır

14 Noyabr 2018 15:50
1 Şərh     Baxış: 2 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Dağlıq Qarabağı işğal etməsi qonşuları ilə sərhədlərinin bağlanmasına səbəb olub. Bunu Paşinyan da etiraf edir: "İranla sərhədimiz də İran-ABŞ böhranı üzündən bağlana bilər. Azərbaycan və Türkiyə ilə sərhədlərimiz bağlı, Gürcüstanla isə yarı bağlıdır". Bu bəyanat Ermənistanın Qarabağ problemini həll etməkdən başqa yolunun olmadığını ortaya qoyur.

Ermənistanda bu il dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkisilə müəyyənləşəcək yeni rəhbərliyin siyasi gələcəyini təyin edəcək ən mühüm məsələlərdən biri Dağlıq Qarabağın hələ də faktiki işğal altında olmasıdır. Əslində, bu işğal son 24 ildə Ermənistanın xarici və daxili siyasətini əsarət altında saxlayır.

Bununla yanaşı, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ məsələsindən daxili məqsədlər üçün istifadə cəhdləri də gözlənilən nəticələri verməyib. Erməni ictimaiyyəti Qarabağla bağlı iddialarını o qədər şişirdib ki, artıq real vəziyyəti görə bilmir. Yeni rəhbərliyinin ən böyük problemlərindən biri də bu şişirdilmiş iddiaların cilovlanmasıdır. Bu, cəmiyyəti ən kiçik güzəştlərə belə, razı salmağı çətinləşdirir, diplomatik danışıqlarda böyük maneəyə yaradır.

Ermənistanın xarici siyasətdə də sabit mövqe tutmamasının, etibarsız tərəfdaş olmasının başlıca səbəbi Dağlıq Qarabağın işğalının davam etməsidir. Problemin həlli yolunu tapmaqdan çox status-kvonu qoruyub saxlamaq, yəni işğalı davam etdirmək istiqamətində siyasət yürüdən Yerevan artıq bu işdə çətinliklərlə üzləşib. Başqa sözlə, son dövrlərdə Qarabağ məsələsində dəyişikliklərin baş verməsi üçün Yerevana qlobal və regional təzyiqlər artmaqdadır.

Türkiyə-Azərbaycan tərəfdaşlığı

Bu proses Rusiya-Türkiyə və Azərbaycan-Rusiya münasibətlərinin müsbət istiqamətdə irəliləməsilə başlayıb. Türkiyənin çoxşaxəli xarici siyasət strategiyasına keçərək region dövlətlərilə etibara əsaslanan münasibətlər qurması qarşılıqlı inamı artırıb. Nəticədə Rusiyada çox güclü olan erməni diasporu və Ermənistan çox mühüm kozırdan məhrum olub. Məsələ ondadır ki, Rusiya-Türkiyə və Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginliyin olduğu dövrlərdə Yerevan və Rusiyadakı erməni diasporu vəziyyəti öz xeyirlərinə dəyişə bilmişdi.

Nəhayət, Rusiyanın Azərbaycana silah satması Ermənistanın 24 ildə qurduğu xarici siyasət strategiyasını yerlə-yeksan edib. Bundan sonra erməni ekspertlər Rusiya ilə ittifaqın özünü mühakimə etməyə başlayıb, nəticədə Sarqsyan hakimiyyəti ictimai dəstəyi tam itirib.

Bütün bunlara Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra baş nazir postunu tutmuş Nikol Paşinyana Rusiyada etimadın olmaması da əlavə olunub. Başqa sözlə, Rusiyanın Ermənistan siyasətində qeyri-müəyyənlik yaranıb, Ermənistanda Rusiya ilə əlaqələrin gələcəyi ciddi mübahisə mövzusuna çevrilib və nəticədə bir inamsızlıq mühiti yaranıb. Üstəlik, ölkədə baş vermiş inqilab daxili siyasətində də ciddi böhrana yol açıb.

Uzun illərdir ki, regiondakı Türkiyə-İran-Azərbaycan rəqabətindən öz xeyrinə istifadə edən Ermənistan və İrandakı erməni diasporu bu üç ölkə arasında münasibətlərin inkişafı ilə daha bir mühüm kozırını itirib. Artıq Türkiyə-Azərbaycan-İran arasında yaradılmış üçtərəfli əməkdaşlıq mexanizmi olduqca müsbət istiqamətdə inkişaf edir. Onların İstanbulda keçirdikləri son üçtərəfli görüşdən sonra qəbul edilmiş yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək yer alıb. Daha konkret desək, bəyanatda Dağlıq Qarabağ münəqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyi vurğulanıb.

Digər tərəfdən, Azərbaycanın Rusiya və İranla inkişaf etdirdiyi əlaqələr nəticəsində bir vaxtlar Ermənistandan keçməsi planlaşdırılan "Şimal-Cənub" dəhlizi Azərbaycandan çəkiləsi olub. Bununla da Ermənistan sonuncu regional layihədən də kənar qalıb.

Bu gün Rusiya ilə İran Ermənistana Dağlıq Qarabağın işğalına son qoyması üçün təzyiq göstərməsələr də, bu üç ölkə arasında münasibətlərin Ermənistanın arzu etdiyi səviyyədən uzaqlaşdığını demək mümkündür.

Bu arada regional dəyişikliklər nəticəsində Ermənistanın Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqındakı müttəfiqləri belə, Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. 2016-ci ilin aprelində baş vermiş "4 günlük müharibə" zamanı bu qurumların üzvü olan Qazaxıstanla Belarus Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini birmənalı şəkildə bəyan etmişdilər. Hətta Belarus bununla kifayətlənməyərək, Ermənistanın malik olduğu "İsgəndər" raket sisteminə qarşı Azərbaycana "Polonez" əməliyyat taktiki raket kompleksi sistemini satmışdı. Bütün bunlar isə erməni cəmiyyətində ölkənin KTMT-yə üzvlüyünün faydaları haqda müzakirələri daha da dərinləşdirib.

Yerevan ABŞ-ın təzyiqi ilə üz-üzə

ABŞ da özünün Dağlıq Qarabağ siyasətində dəyişiklik edib. Vaşinqton, nəhayət, regionda təhlükəsizlik və sabitliyin təmin olunmasının Dağlıq Qarabağ probleminin həllindən keçdiyini anlayıb. Birləşmiş Ştatların Ermənistandakı keçmiş Səfiri Riçard Mayls Yerevandakı son günlərində verdiyi açıqlamada Dağlıq Qarabağ probleminin həll olunması üçün Ermənistanın güzəştə getməli olduğunu bəyan edib. Bu açıqlamanın Yerevanda yaratdığı şok keçmədən, Ermənistan üçün bir bəyanat Con Boltondan gəlib. ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaza səfəri çərçivəsində Yerevanda verdiyi açıqlamalar Ermənistanda uzun müddət müzakirə olunub. Bolton bildirib ki, Ermənistan Dağlıq Qarabağ problemini həll etmədən, xarici təzyiqlərdən xilas ola bilməyəcək. Onun fikrincə, bu münaqişə çözülərsə, Amerika Konqresinin 1992-ci ildə qəbul etdiyi və Azərbaycanla Ermənistana silah satışını qadağan edən "907-ci düzəliş" də ləğv oluna bilər.

Con Bolton onu da deyib ki, ermənilər 1915-ci il hadisələrinə ilişib qalmamalıdır, çünki bu, Ermənistanın qarşısını kəsir.

Bu açıqlamalar Ermənistanın yeni rəhbərliyinə təzyiq kimi qəbul edilə bilər. Boltonun bu mövqeyi təbii ki, ABŞ-ın regional siyasətindəki dəyişikliyə işarədir. Əgər Vaşinqton Barak Obamanın prezidentliyi dövründə Türkiyəyə təzyiq göstərir, onun Ermənistanla sərhədlərini Dağlıq Qarabağ münaqişəsi həll edilmədən açmasını istəyirdisə, indi ortaya fərqli mövqe qoyulur. O zaman Amerika Qarabağ problemini sərhədlərin açılması məsələsindən ayırmağa çalışırdı. Lakin Türkiyə və Azərbaycanın, xüsusilə o dövrdə Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində bu, baş verməmişdi. O zaman Türkiyənin baş naziri Ərdoğan Azərbaycana səfər etmiş, Milli Məclisdəki çıxışında Qarabağın işğalına son qoyulmadan sərhədlərin  açılmayacağını açıq şəkildə dilə gətirmişdi. Məhz bunun nəticəsidir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəyən ABŞ bu gün Ankara ilə Bakının mövqeyinə yaxın mövqe sərgiləyir və Ermənistanın Dağlıq Qarabağ məsələsində geri addım atmasını istəyir.

Bu gün Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin vaxtilə nə qədər doğru qərar qəbul etkdikləri də bir daha ortaya çıxır. Məhz bu iki ölkənin bir-birinə sıx bağlı olması ABŞ-ın Ermənistanla bağlı siyasətini dəyişməsinə səbəb olub. Beləliklə, gəlinən nöqtədə iki ölkə rəhbərliyinin vaxtilə tam düzgün mövqe nümayiş etdirdiyini söyləyə bilərik.

Xarici siyasətdə böhran

Ermənistanın xarici siyasətdə böhran yaşamasının ən bariz nümunəsi bu sahədə hələ də ardıcıl strategiya müəyyənləşdirə bilməməsidir. Qapalı, dənizə birbaşa çıxışı olmayan dövlətin qurtuluşu yalnız qonşu dövlətlərlə əlaqələrin inkişafındadır. Ermənistan isə Dağlıq Qarabağı işğal etməklə, qonşuları ilə sərhədlərinin bağlanmasına səbəb olub. Bunu Paşinyanın özü də etiraf edir: "İranla sərhədimiz də İran-ABŞ böhranı üzündən bağlana bilər. Azərbaycan və Türkiyə ilə sərhədlərimiz bağlı, Gürcüstanla isə yarı bağlıdır". Bu bəyanat Ermənistanın Qarabağ problemini həll etməkdən başqa yolunun olmadığını ortaya qoyur".

Ermənistan, əslində Türkiyə və Azərbaycanla sərhədlərinin bağlanması ilə özünü təcrid duruma salıb, regiondakı alternativlərini yox edib. Bu gün üzərində ciddi təzyiqlər hiss edən Ermənistan rəhbərliyi xarici siyasətdə daha bir düyünlə qarşı-qarşıyadır. İndi, Yerevan müttəfiq kimi gördüyü dövlətlərlə münasibətlərdə də böhran yaşayır. Bu vəziyyətin yaranmasının əsas səbəbi isə yenə də Dağlıq Qarabağın işğalı və Azərbaycanla Türkiyənin müəyyən etdiyi strategiyadır. Demək, Ermənistanın yeni rəhbərliyinin yeganə xilas yolu Dağlıq Qarabağ münaqişəsilə bağlı sülh danışıqlarında irəliləyişə nail olmaqdır.

Yeni Şafak, Türkiyə

14.11.2018 

Müəllif: Dr. Cavid Vəliyev (Azərbaycan Respublikasının Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi)

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.